Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:37

Astara sərhəd-gömrük məntəqəsinin önündə gördüklərimiz...


Astara sərhəd-gömrük məntəqəsi
Astara sərhəd-gömrük məntəqəsi

Bu gün, fevralın 24-ü səhər saatlarında İrana getmək istəyən Azərbaycan vətəndaşları Astara sərhəd-gömrük məntəqəsinə buraxılmırdılar. Məntəqənin önündə polislər və əsgərlər durmuşdu. Məntəqəyə gedən yolu bir neçə xadimə süpürürdü. Təmizlik işləri gedirdi. Orada bildirildiyinə görə, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin gəlişinə hazırlıq görülürdü.

Məntəqənin önünə toplaşan insanlar İrana getmək istədiklərini bildirirdilər. Sakinlərdən biri deyirdi ki, iş yeri yoxdur, ailəsini İranla dolandırır:

«Sərhədi gecədən bağlayıblar»

«Sərhədi gecədən bağlayıblar. Deyirlər ki, İranda virus var, bizə də keçə bilər. Ancaq demirlər ki, sərhəddə çörəkpulu qazananlar evlərinə nə aparacaqlar?».

Ora toplaşanlar deyirdi ki, İrana bazarlığa getmək istəyirlər. Amma bir qədər sonra sərhəd qapısının önündə toplaşanlar dağılışdılar. Lakin az sonra onları yeniləri əvəz etdi. Ölkələrinə qayıdan İran vətəndaşlarına isə içəri keçmək üçün yol verirdilər.

Çıxışda

Sərhəd-gömrük keçid məntəqəsinin çıxış qapısının önündə isə fərqli vəziyyət var idi. Orada daha çox sürücülər, yük daşıyanlar tolaşmışdı. İrandan qayıdan bir qadın deyirdi ki, ərzaq gətirməyə qoymurlar:

«Mağazaların çoxu bağlıdır»

«Dünən İrana getmişdim. Ərzaq gətirməyə qoymurlar, mən də əliboş gəldim. İranda əhali maska taxır. Mağazaların çoxu bağlıdır. Biz oradan alış-veriş edirdik. Bizə görə bazarları işləyirdi. İndi zəifləyib. Əvvəllər İran Astarasında hara gedirdin bizimkilərə rast gəlirdin. İndi, elə bil, şəhər boşalıb. Ora gedəndə çox qorxdum. Fikirləşdim ki, qapıları bağlayarlar, qalaram İranda. Sərhəddə hamısını yoxlayırlar».

«Mallarımız tükənir»

Bu vəziyyətdən ən çox narazılıq edənlər ərazidə mağazası olan sahibkarlardır. Sərhədyanı ərazilərdə olan mağazalarda, əsasən, İran istehsalı olan mallar satılır. Bir mağaza sahibi deyirdi ki, İranın qapıları bağlansa, vəziyyətləri yaxşı olmaz: «Deyirlər ki, müvəqqətidir. Mallarımız tükənir. Mal İrandan gələrdi, indi gəlmir. Virusun qarşısını da almaq üçün tədbir görmək lazımdır».

Astara sakini Zabir Ağazadənin deməsinə görə, sərhəddə qoyulan məhdudiyyətdən həm narazılıq edənlər, həm də bunu alqışlayanlar var:

«Elə ailələr var ki, İranla dolanır»

«Gecə saatlarında sərhədi bir neçə dəfə bağladılar. Bir dəstə adam Ərçivan kəndindən gəlmişdilər. Deyirdilər ki, qapıları bağlamayın. Qapılar bağlansa, ziyanı olar, çünki elə ailələr var ki, İranla dolanır. Amma mən dəstəkləyirəm. Virusun qarşısını almaq üçün gediş-gəliş dayanmalıdır».

«Sovet dövründə İranla qapılar bağlı idi, insanlar yaşamırdı?»

Astara şəhər sakini Həsənağa Məmmədov da İranla sərhədin bağlanmasını vacib sayır: «Qapının bağlanması alış-verişə mənfi təsir edər. Sovet dövründə İranla qapılar bağlı idi, insanlar yaşamırdı? Getsinlər, əksinlər, məhsul yetişdirsinlər. Virusla zarafat etmək olmaz. Dövlət tədbir görməlidir».

Astara sərhəd-gömrük keçid məntəqəsinin bağlanması barədə rəsmi məlumat yoxdur.

Amma «Turan» agentliyi xəbər verib ki, Dövlət Gömrük Komitəsindən bildirildiyinə görə, İranla sərhəddə yerləşən Biləsuvar və Astara gömrük-keçid məntəqələrində fevralın 23-dən qeyri-müəyyən müddətə xüsusi rejim tətbiq edilib, bir növ, məntəqələrə giriş bağlanıb. «Yalnız Azərbaycanda olan İran vətəndaşlarının İrana, İranda olan Azərbaycan vətəndaşlarının Azərbaycana qayıtmasına icazə verilir», - qurumdan qeyd edilib.

İki şəxs...

Fevralın 24-də Kliniki Tibbi Mərkəzin (KTM) Yoluxucu xəstəliklər şöbəsinə iki nəfər yerləşdirilib. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Məlumatda vurğulanır ki, onların biri İran, o biri isə Azərbaycan vətəndaşıdır. Qeyd edildiyinə görə, onlar İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər: «Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir».​

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.6 minə yaxınlaşdığı bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.

Artıq bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilir. İranda bir çox şəxslərin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

XS
SM
MD
LG