Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:48

Astara sakini: Sürüşə-sürüşə gedirik


Sürüşmə. Foto arxiv.
Sürüşmə. Foto arxiv.

-

«28 sot torpağımın 6 sotu sürüşüb. Limon, naringi ağacları torpaq qarışıq çaya tökülüb. Xeyli zərərə düşmüşəm. Üstəlik də, torpağın sürüşməsinə görə indi gərək torpağım yenidən ölçülə, yeni xəritəsi sənədləşdirilə. Sürüşə-sürüşə gedirik. Harada dayanacağıq, bir Allah bilir…».

Təbiətin şıltaqlığı Astaranın Şiyəkəran kənd sakini, 71 yaşlı Məmmədəli Hacıyevi əməlli-başlı qorxuya salıb. Onun sözlərinə görə, ötən ilin payızından yağan yağışlar kənddəki torpaq sürüşməsini aktivləşdirib. Kəndlini narahat edən odur ki, sürüşmə ərazisi olmasına baxmayaraq, kənddə torpaq sürüşməsinə qarşı bərkitmə işləri görülmür:

«HƏR ŞEYİ YIXIRLAR TƏBİƏTİN BOYNUNA»

«Belə sürüşmələr əvvəllər dağlıq kəndlərdə baş verərdi. İndi aşağılar da sürüşür. Neçə vaxt idi kiçik sürüşmələr hiss olunurdu. Ancaq martın axırı güclü sürüşmə baş verdi. Bərkitmə işləri aparılmalıdır. Amma kənddə bu işləri görən yoxdur. Kim zəmanət verir ki, qəfildən daha bir güclü sürüşmə baş verməyəcək? Kim zəmanət verir ki, ağaclar kimi mal-heyvanımız da, özümüz də çaya tökülməyəcəyik? Hər şeyi yıxırlar təbiətin boynuna. Bərkitmə işləri aparılmalıdır, belə faciələrin qarşısı alınmalıdır».

Əvvəllər sürüşmə Lerik, Astara rayonlarının ucqar dağlıq ərazilərində müşahidə olunub. Son günlər Lerikdə torpaq sürüşməsi nisbətən səngisə də, Astarada bunun əksi müşahidə edilir.

Sürüşmələr, əsasən, rayonun ucqar dağlıq və axar çaya yaxın ərazilərində baş verir. Şiyəkəran da Pensərçayın keçdiyi kənddir. Torpaq sürüşməsi daha çox çayın kənarına yaxın yerlərdə olub.

«SÜRÜŞMƏ ZONASI DİQQƏTDƏDİR»

Astara rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, torpaq sürüşmələrinin aktivləşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və başqa qurumlara məlumat verilib. Sürüşmə zonası həmin qurumların diqqətindədir.

Torpaq sürüşməsi üç ailənin yaşadığı evə də təhlükə yaradıb. Ailələrdən biri qohumlarının evinə köçmək məcburiyyətində qalıb.

Qohumunun evinə sığınan ailələrdən birinin başçısı Əbdül Həsənov tələb edir ki, ya sürüşmənin qarşısı alınsın, ya da onları sürüşmə ərazisindən başqa yerə köçürsünlər.

XS
SM
MD
LG