AstraZeneca dərman şirkəti Oksford Universiteti ilə birlikdə koronavirusun omikron ştammına qarşı vaksin hazırlamağa başladığını açıqlayıb.
Şirkətin dekabrın 21-də yaydığı bəyanatda deyilir ki, omikron ştammına qarşı vaksinin hazırlanmasından ötrü ilkin addımlar atılıb.
Gələn ilin əvvəlindən klinik sınaqlar
Oksford/AstraZeneca “adenovirus-əsaslı vaksinləri istənilən yeni ştamma qarşı daha sürətlə istifadə oluna bilər”, – Oksfordda araşdırma qrupunun lideri Sendi Duqlas “The Financial Times” qəzetinə deyib.
Pfizer/BioNTech və Moderna şirkətləri də xüsusi olaraq omikrona qarşı vaksin üzərində işlədiklərini bildiriblər.
Moderna 2022-ci ilin əvvəlində klinik sınaqlara başlayacağına ümid edir.
Bu arada bir sıra ölkələr omikronun səbəb olduğu yoluxmalarla mübarizəni gücləndirib.
ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatlarda dominanta çevrilmiş ştammla mübarizə tədbirlərini bəyan edib. O, televiziya ilə çıxışında vaksinasiyasını “patriorik borc” adlandırıb, hər dörd amerikalıdan birinin vaksin olunmadığını deyərək onlara üz tutub.
İsrail
İsrail hökumətinin məşvərət qurumu isə yaşı 60-dan yuxarı şəxslər və tibbi personal üçün koronavirus peyvəndinin dördüncü dozasını tövsiyə edib.
Baş nazir Naftali Bennet deyib ki, hökumət ekspertlərin tövsiyəsinə qulaq asacaq və hüququ çatanları daha bir doza vurmağa səsləyib.
“Omikron dalğasının dünyanı çulğaladığı dönəmdə bunun bizə köməyinin dəyəcəyi əla xəbərdir”, – o deyib.
Rusiya
Omikron koronavirusun əvvəlki ştammlarından daha yoluxucu olsa da, amma onun COVID-19-u deltadan daha çox ağırlaşdırmadığının əlamətləri görünür.
Rusiyanın TASS dövlət xəbər agentliyi artıq ölkədə 40 mindən çox uşağın koronavirusa yoluxduğunu açıqlayıb. Məlumatı səhiyyə naziri Mixail Muraşko verib.
“Hazırda uşaqlar arasında COVID-19-a 40 mindən bir az artıq aktiv yoluxma halı var”, – nazir koronavirusa qarşı koordinasiya şurasının iclasında deyib.