Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:57

Ata Abdullayev: 'Buradan çıxıb İlham Əliyevin rəhbərliyi altında xalqıma xidmət edəcəm'


Ata Abdullayev etiraz aksiyası zamanı.
Ata Abdullayev etiraz aksiyası zamanı.

Özünü videobloqer kimi təqdim edən Ata Abdullayevin internet səhifəsini xalası oğlu idarə edirmiş. Bunu Səməd Məmmədov özü noyabrın 2-də xalası oğlunun məhkəməsində deyib. O bildirib ki, Abdullayevin kimdənsə pul tələb etməsi, almasından xəbəri olmayıb.

"Mən ixtisasca dizayner və qrafikəm. İşim videoları montaj etmək, paylaşmaq olub. Hər gün müxtəlif saytlardan maraqlı xəbərləri götürüb səhifədə paylaşırdım. Canlı yayımları mən eləmirdim. Mən, sadəcə, tapşırdığı videoları onun üçün montaj edirdim", – Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilən Məmmədovbelə deyib.

Abdullayevin işi üzrə zərərçəkmişlərdən biri - Gənclər və İdman Nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsinin əməkdaşı Elmar Əliyev ötən məhkəmə iclasında bildirmişdi ki, Ata şantaj yoluyla ondan "iPhone 11 Pro Max" markalı telefon alıb: "Dostumdan xahiş elədim, 2 min 400 manata aldı, aparıb Ata Abdullayevin göndərdiyi adama verdi. Bundan sonra Ata Abdullayev məndən əl çəkdi, canlı yayımı da sildi".

"Telefon qutuda, təzə idi"

Noyabrın 2-də məhkəmədə məlum olub ki, təqsirləndirilən Abdullayev həmin telefonu aparıb mağazaya satıb. Mağazadan da başqa bir müştəri gəlib alıb. Həm mağazada çalışan, həm də telefonu oradan almış müştəri Abdullayevin işi üzrə istintaqa cəlb olunub, onlar Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilib. Həmin şəxslər məhkəməyə də çağırılıb.

"Metronun "28 May" stansiyasının yaxınlığındakı telefon dükanına öz telefonumu 800 manata satdım, üstündə 1200 manat da verib "iPhone 11 Pro Max" aldım. Telefon qutuda, təzə idi. Bu il yayda DTX-dan zəng eləyib dedilər ki, telefon Ata Abdullayevin olub. İndi də telefon məndədir, işlədirəm", – Namiq Əliyev belə deyib.

Zərərçəkmişin dostu, telefonu aparıb Abdullayevə çatdıran Elgiz Əliyev də məhkəmədə dindirilib. O bildirib ki, dostu şantaja görə 2 min 400 manata telefon alıb ona vermək məcburiyyətində qalmışdı. Şahidin sözlərinə görə, görüş təyin olunan yerə Ata özü gəlməyib, başqa birini göndərmişdi.

"Bu, şantaj deyil"

Təqsirləndirilən Abdullayev hədə-qorxu gəlməklə telefon alması haqda deyilənləri qəbul etmir.

"Bu, şantaj deyil. Şantajı o vaxt Surxaygil eləmişdi. (2016-cı ildə "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyevin hədə-qorxu ilə pul tələb etməkdə suçlanıb həbs edilməsini nəzərdə tutur) Onlar qat-qat artığını eləmişdilər, amma məhkəmə humanistlik nümayiş etdirib onları azadlığa buraxdı. İnşallah, mən də buradan çıxıb, cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında xalqıma xidmət edəcəm. Mən başda prezidentimiz, xanımı olmaqla, məmurları, bütün xalqımızın qarşıdan gələn Zəfər bayramını təbrik edirəm...", – Abdullayev çıxışını belə yekunlaşdırıb.

İndiyədək bir sıra qalmaqallarda adı keçən Ata Abdullayev martın 12-də DTX əməkdaşları tərəfindən saxlanıb. Onun ittiham olunduğu CM-in 182-ci maddəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Abdullayev bundan öncə də onlayn oğurluğa görə MTN əməkdaşları tərəfindən saxlanmış, son nəticədə ona şərti cəza verilmişdi.

XS
SM
MD
LG