Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Zamin Salayevin işgəncəyə məruz qaldığı iddia olunur. Bu barədə AzadlıqRadiosuna onun oğlu Oqtay Salayev danışıb.
Z.Salayevə yanvarın 13-də Səbail Rayon Məhkəməsinin qərarıyla 30 gün inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə - polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb. Hazırda Binəqədidə - inzibati qaydada həbs olunanlar üçün nəzərdə tutulan təcridxanada saxlanılır.
O.Salayev deyir ki, atasıyla görüşünə icazə verilməyib. Onun sözlərinə görə, apardığı sovqatı qəbul etsələr də, özünü görüşə buraxmayıblar: «Bizdə məlumat vardı ki, atamı çox pis döyüblər. Amma görüşməyə imkan vermirdilər. Bu narahatlığımızı daha da artırırdı. Əgər atamı gizlədirlərsə, deməli, nəsə var. Nəhayət, atam imkan tapıb, başına gələnləri yazılı şəkildə bizə çatdırıb. Ona dəhşətli işgəncələr veriblər, qeyri-insani formada davranıblar».
«Rəis dedi ki, «başını unitazın içinə soxun»»
Z.Salayev məktubunda yazıb ki, yanvarın 13-də - məhkəmə qərar çıxarandan sonra onu Səbail rayonu, 8-ci polis bölməsinə gətiriblər. Orada rəis və 20-yə yaxın əməkdaş ona tualeti təmizlətdirib, bunu videoya çəkmək istəyiblər. Bundan imtina edəndə isə döyməyə başlayıblar.
«Əllərimi qandallayıb döyməyə başladılar. Rəis dedi ki, «“başını unitazın içinə soxun». Yerə yıxıb, üstümə çıxıb təpikləyirdilər. Sonra məni Səbail Rayon Polis İdarəsinə apardılar. Orada da eyni qaydada işgəncələr davam elədi. Əvvəlcə rəis öz otağında nalayiq sözlərlə təhqir elədi. Sonra aparıb lüt soyundurdular, kamera qarşısında yeri təmizlətdirmək istədilər. İmtina elədim. Əllərim qandallı o qədər döydülər ki, qarnımda «qrıja» partladı. Məcbur olub, xəstəxanaya apardılar. Orada həkimlər əməliyyat eləmək istəsələr də, polislər qoymadı. Axşam təcridxanaya gətirdilər. Bədənimin hər yeri xəsarətdir», - məktubda belə yazılıb.
Oğlunun dediyinə görə, atası haqqındakı qərarda məhkəmədəki izahatının təhrif olunduğunu da yazıb. O.Salayev atasının hüquqlarının müdafiəsi üçün vəkil Cavad Cavadovla müqavilə bağladıqlarını da bildirib.
Vəkil: «Bütün hüquqi addımlar atılacaq»
C.Cavadov AzadlıqRadiosuna Z.Salayevin vəkili olduğunu təsdiqləyib. Müdafiəçi bildirib ki, yanvarın 22-də təcridxanada Z.Salayevlə görüşüb. Müvəkkiliylə görüşünün detalları haqda danışmaq istəməyən vəkil, sadəcə, onu deyib ki, Z.Salayev haqqındakı 30 sutkalıq həbs qərarından apellyasiya şikayəti verəcək: «Zamin Salayevin digər şikayətləri ilə bağlı da bütün hüquqi addımlar atılacaq. Lazımi instansiyalara müraciət edəcəyəm».
DİN: «Uydurmadır… Əgər düz danışsa, bunu təsdiqləyəcək»
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Z.Salayevin döyülməsi barədə deyilənləri təkzib edib.
E.Zahidov «Turan» agentliyinə bildirib ki, Z.Salayevi polislərin döyməsi haqqında deyilənlər uydurmadır: «Bu həqiqət olmayan xəbərləri o adamlar yayır ki, xalqı qorumaqla yox, cinayətkarları müdafiə etməklə məşğuldurlar və bunu özlərinə peşə seçiblər. Onların dediklərinin hamısı uydurmadır. Zamin Salayev paytaxtın Səbail rayonunda sərxoş vəziyyətdə ictimai asayişi pozmağa yönəlik hərəkətlər edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib və məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub».
E.Zahidov Z.Salayevin saxlanma şəraitinin yaxşı olduğunu qeyd edib: «Onun saxlandığı yer şəraitinə görə ən müasir tələblərə cavab verən saxlanma yeridir. Orada Salayev tək saxlanmır, orada başqa həbs olunanlar var. Onların hamısına münasibət eynidir, lazımi qida, lazımi tibbi yardım onlara təqdim olunur. Zaminə orada hər hansı təzyiq barədə xəbərlər həqiqətəuyğun deyil. Yəqin ki, özü həbsdən azad olunandan sonra əgər düz danışsa, bunu təsdiqləyəcək».
Z.Salayev yanvarın 13-də AXCP-nin digər iki fəalı – Nicat Abdullazadə və Ceyhun Novruzovla birlikdə saxlanılır. Onların haqqında 8-ci polis bölməsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi (xırda xuliqanlıq) ilə protokol tərtib olunub, hər biri 50 manat cərimələnib.
Həbs sifarişdir?
«Mən, Ceyhun Novruzov və Əlizamin Salayev Səbail rayon ərazisində yerləşən kafelərdən birinə gəlmişdik, yemək sifariş vermişdik. Birdən kafeyə özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər daxil oldu və bizi saxladı. Qanımızda alkoqolun olub-olmamasını yoxlamaq üçün ekspertizaya apardılar. Mənim qanımda heç nə tapılmadı. Ceyhun və Əlizamin bəyin alkoqol qəbul etdiyi bildirildi. Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük. Məni və Ceyhun Novruzovu 50 manat cərimələdilər, Əlizamin Salayevi isə məhkəməyə apardılar», - N.Abdullazadənin sözləridir.
AXCP Z.Salayevin həbsinin sifariş olduğunu iddia edir. Səbəb kimi isə həbsindən bir neçə gün öncə Salyanda polis əməkdaşının yerli qadın sakinə qarşı təcavüzü barədə məlumatı, həmin polislə aralarındakı söhbətin videogörüntüsünü sosial şəbəkələrdə paylaşması göstərilib.