Avropa Məhkəməsinin icrasız qalmış qərarlarının sayına görə, Azərbaycan birinci yerdədir. Avropa Şurasının məlumatına görə, hazırda Azərbaycanla bağlı çıxarılan qərarların hardasa 99 faizi icra olunmur.
Dünən, dekabrın 6-da Avropa Məhkəməsi daha bir qərar verib və jurnalist Seymur Həzinin həbsini qanunsuz sayıb.
Hüquqlarının pozulmasına görə Azərbaycan hökuməti jurnalistə ümumillikdə 14 min 500 avro ödəməlidir. Amma jurnalistin xanımı Nigar Həzi deyir ki, bu qərarla nə Seymur azadlığına qovuşacaq, nə də dəymiş ziyana görə kompensasiya vaxtında ödənəcək. Əlavə edir ki, atası, Müsavat Partiyasının fəalı Tofiq Yaqublu da 2 ildir ona dəymiş kompensasiyanı ala bilmir:
“Əvvəl hissə-hissə olsa da ödəyirdilər. Amma son ilyarımdır ümumiyyətlə, ödəmirlər. Hər dəfə bir bəhanə gətirirlər. Gah deyirlər ki, bu kompensasiyaların ödənməsi üçün dövlət büdcəsində vəsait yoxdur, gah da deyirlər ki, hissə-hissə ödənəcək. Ən son prezident administrasiyasından bildirdilər ki, bu ilin sonuna kimi hamısı ödənəcək”.
Amma Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov bildirir ki, kompensasiyalar ödənilir, ödənişlərin edilməməsi haqda hər hansı rəsmi şikayət yoxdur:
“Heç bir problem yoxdur. Ödənilir, vaxtlı vaxtında. Kim deyirsə ödənmir yəqin səhv salır. Ödənilşlər vaxtlı, vaxtında edilir”.
Hökumət Avropa Məhkəməsini gözdən salmaq istəyir
Lakin Avropa Məhkəməsinin qərarların icrasında mövcud durumun təhlili ilə bağlı bu ilin oktyabrındakı məlumatına görə Azərbaycana dair 203 qərar, başqa sözlə, ümumi qərarların 99 faizi icra olunmayıb.
Hüquqşünas İntiqam Əliyev bildirir ki, Azərbaycanın qərarları icra etməməkdə məqsədi vətəndaş cəmiyyətinə təzyiqləri artırmaq, Avropa Məhkəməsinin qərarlarını nüfuzdan salmaqdır:
“Azərbaycan hökumətinin əli aşağı deyil. Bütün kompensasiyalar adi bir yola xərclədiyi puldan qat-qat aşağıdır. Hökumətin kompensasiyaları ödəməməkdə bir məqsəd var. İstəmir ki, vətəndaş cəmiyyəti nümayəndələrinin əlinə pul keçsin. Elə bilir ki, onların əlinə pul keçsə inqilab edəcəklər. Ona görə də pulu ödəmir, ya da hissə-hissə ödəyir. Kefi necə istəsə, elə də edir. Deyir ki, “ödəmirəm get görüm sənin Avropa Şuran nə edəcək?””
Azərbaycan hökuməti Avropa məhkəməsinin qərarları ilə son iki ildə təxminən 1 milyon avro cərimələnib.
Avropa Məhkəməsinin sözçüsü Andrew Cutting deyir ki, qərarların icrası vəziyyətinə Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir. Avropa Şurasına üzv olan hər bir ölkə də bu qərarları icra etməlidir:
“Nazirlər Komitəsi müntəzəm olaraq, qərarların tam və zamanında icrasını nəzarətdə saxlayır. Ehtiyac olarsa, siyasi təzyiqi və diplomatik danışıq tonunu artıra bilər. Qərarların icra olunmaması İnsan Haqları Konvesiyasının daha bir pozuntusudur. Avropa Məhkəməsinin qərarının icra olunmaması ilə bağlı şikayət yeni bir təcrübədir. Və indiyə kimi ancaq bir dəfə İlqar Məmmədovun işində rast gəlinib”.
Avropa Bakını cərimələri ödəməyə məcbur etməlidir
Hüquqşünas, insan haqları müdafiəçisi İntiqam Əliyev qərarların icra edilməməsində elə Nazirlər Komitəsinin özünü qınayır. O deyir ki, Nazirlər Komitəsi mexanizmlərini işə salmalı, hökumətləri qərarları icrasına məcbur etməlidir:
“Amma bu mexanizmlər sıradan çıxıb, işləmir. Vəsaitin ödənilməməsi ilə bağlı biz hüquqşünaslar yazırıq, ərizəçilərin özləri yazırlar, beynəlxalq təşkilatlar yazırlar. Amma təsiri yoxdur, ümumiyyətlə son dövrlər biz bu müraciətlərimizə belə cavab ala bilmirik. Amma çox şeylər alver predimeti olduğundan böyük ehtimal Avropa Şurası da bu məsələni alver predmetinə çevirib. Pişim-pişimlə hökuməti razı salır. Hökumət də kefi istəyəndə vətəndaşın ağzına 5-10 manat atır”.
Amma İntiqam Əliyev deyir ki, bu məsələdə bədbin deyil. Düşünür ki, bütün bunlar ilk növbədə Azərbaycan hökumətinin özü üçün problemlər yaradır. Çünki azından Avropa Məhkəməsi işləri ədalətli araşdırır.
AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:
Avropa Məhkəməsi əksər hallarda yerli məhkəmələrin qərarını əldalətli saymır və ərizəçinin hüquqlarının pozulduğu qənaətinə gəlir. Azərbaycan hökuməti son zamanlar həm də, müstəqil vəkillərə və hüquqşünaslara təzyiqlərinə görə tənqid olunur. Son illər bir neçə vəkil Vəkillər Kollegiyasından çıxarılıb.
Azərbaycan hökuməti bütün bu tənqidləri rədd edir. Azərbaycanda bütün hüquq və azadlıqların qorunduğunu bəyan edir.