Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:01

Avropa Fransa-Türkiyə çəkişməsində niyə Parisi dəstəkləmir?


Emmanuel Macron (sağda) və Recep Tayyip Erdoğan
Emmanuel Macron (sağda) və Recep Tayyip Erdoğan

Financial Times yazır ki, Fransa və Türkiyə arasında Liviyaya görə getdikcə güclənən çəkişmə NATO alyansında çat yaranmasına səbəb olub, habelə Fransanın regiondakı həqiqi məqsədləri barədə suallar doğurub.

Məqalədə deyilir ki, Fransa Liviya münaqişəsində bu ölkənin BMT tərəfindən tanınmış qanuni höumətinə qarşı qiyam qaldırmış general Khalifa Haftarı dəstəkləyən yeganə Avropa ölkəsidir.

Parislə Ankara arasındakı gərginlik Türkiyənin Liviyaya hərbi müdaxiləsindən sonra daha da artıb. Bu müdaxilə Haftar üçün ağır məğlubiyyətlərlə nəticələnib. Əksinə çox ümidsiz vəziyyətdə olan Milli Barışıq Hökuməti dirçəlib.

Prezident Emmanuel Macron israr edir ki, Paris indi Liviya münaqişəsində neytal mövqe tutub və hətta Tripolidəki hökuməti tam dəstəkləyir. Amma bəziləri bu qənaətdədirlər ki, əksinə Fransanın Türkiyəni tənqid etməsi elə Haftarın məğlubiyyətindən qaynaqlanır. Türkiyə Liviya hökumətinə silahlar və muzdlu döyüşçülərlə dəstək verib.

Macron pərt olub

Keçmiş Avropa diplomatlarından biri qəzetə deyib ki, Fransa Haftarın xeyirdən ziyana çevrildiyini dərk edib.

“Mən inanıram ki, onlar bir daha səhvə yol verdiklərinə görə pərt olublar. İndi özlərinə haqq qazandırmaq üçün Türkiyəni ittiham edirlər”.

Financial Times yazır ki, bu mübahisə Liviyaya müdaxilə etmiş Avropa ölkələri arasında fikir ixtilafı yaradıb.

Beynəlxalq Münasibətlər üzrə Avropa Şurası analitik mərkəzindən Tarek Megerisi isə deyir ki, Fransanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən dəstəklənən Haftarı dəstəkləməsi onun Liviyanın neft sənayesindəki pay marağı və Sahel regionunda İslam terrorizmi ilə mübarizə aparmaq istəyindən irəli gəlir:

“Fransanın Liviyadakı maraqları, Almaniya və İtaliyanın maraqlarından fərqlənir. Onun Sahel regionunda təhlükəsizlik və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təşkil olunmuş daha geniş təhlükəsizlik partnyorluğunda maraqları var. Misir də bu birliyin tərkibindədir”.

Bu daha qəliz məsələdir

Ötən həftə Fransa Türkiyəyə görə Liviya sahillərində apardığı NATO missiyasını yarımçıq qoyub. Fransanın müdafiə naziri bildirib ki, Türkiyənin hərbi gəmiləri Fransanın hərbi gəmisinə qarşı düşmən hərəkət ediblər.

Florence Parly Avropa Parlamentindəki çıxşında deyib ki, “Türkiyə NATO müttəfiqi olmağa layiq deyil”.

Ankara bu iddiaları rədd edir və indi münahisəyə NATO alyansı daxilində baxılmalıdır.

Fransa habelə Türkiyəni onun Kipr sahillərində apardığı qazma-kəşfiyyat işlərinə və Suriyanın şimalına müdaxiləsinə görə tənqid edir.

Macron bu hadisə ilə bağlı danışarkən NATO-nun Türkiyəyə görə “beyin ölümü” yaşadığını demişdi.

Fransa Türkiyənin Kipr sahillərindəki qazma işlərindən narazı olan yeganə Avropa ölkəsi deyil. Avropa İttifaqı bu hərəkətinə görə hətta Ankaranın üzərinə sanksiyalar da elan edib. Hərçənd bu sanksiyalar kifayət qədər simvolikdir.

Ankaranın Rusiyadan S-400 raket sistemi alması ötən il Ankaranın NATO-nun F-35 qırıcı təyyarə proqramından çıxarılması ilə nəticələnib.

Amma Avropa ölkələrinin heç də hamısı Türkiyənin Liviyadakı hərəkətlərini “cinayət” adlandıran Macron-u dəstəkləmir. Avropa diplomatlarının fikrincə bu məsələ daha mürəkkəbdir.

“Gəlin insafla danışaq. Türkiyə olmasaydı fəlakət baş verəcəkdi”

Ankaranın Liviyaya müasir dronlar göndərməsi oradakı münaqişənin qüvvələr balansını dəyişib. Son bir neçə ayda Tripoli hökuməti BƏƏ, Rusiya və Misir tərəfindən dəstəklənən Haftarın üzərində həlledici qələbələr qazanıb. Haftarın qüvvələrini Rusiya, Sudan və Suriya muzdluları da gücləndirir.

Bir Avropa diplomatı bu barədə deyib:

“Gəlin insafla danışaq. Türkiyə Tripolinin süqutunun qarşısını alıb. Onun müdaxiləsi olmasaydı, orada humanitar fəlakət baş verəcəkdi”.

Xarici siyasət ekspertləri Fransanın Haftara dəstək məsələsində ifrata vardığını bildirilər. Paris general Haftara Liviyaya nəzaərt edəcək avtoritar kimi baxırdı və Türkiyənin müdaxiləsi ilə Tripoli hökumətinin dirçəlməsi Parisi şoka salıb.

Ötən il general Haftar paytaxt Tripoli üzərinə hücuma keçəndə Paris onu açıq şəkildə dəstəkləyirdi. Bəzi məlumatlara görə Haftarı ürəkləndirən həm də ona verilən beynəlxalq dəstək idi.

Bir neçə ay sonra general Haftarın düşərgələrini ələ keçirən hökumət əsgərləri orada Fransa tərəfindən alınmış ABŞ istehsallı Javelin raketlərini aşkar etmişdilər.

“Fransa bu məsələdə təklənib və hamı Amerika seçkilərini gözləyir”

Yaxın Şərq üzrə ekspert, Fransanın Ifri xarici münasibətlər institutunun əməkdaşı Dorothée Schmid bildirir ki, Fransa Haftarın Afrikanın şimalındakı islamçıların qarşısını ala biləcəyini düşünürdü, amma bu proqnoz özünü doğrultmadı.

Financial Times yazır ki, Fransa özünün Liviyadakı ziddiyyətli yanaşmasında NATO və Avropa müttəfiqlərinin də onu dəstəkləyəcəyinə ümid bağlamışdı. Amma başqa Avropa ölkələri Haftarı “təcavüzkar” sayır və bildirilər ki, Liviyada böhrana siyasi həllin tapılmasına yeganə maneə elə məhz odur.

Xanım Schmid deyir ki, “Fransa bu məsələdə təklənib və hamı Amerika seçkilərini gözləyir”.

Cənab Macron BƏƏ-nin faktiki başçısı, Abu Dabinin vəliəhd şahzadəsi Şeyx Mohammed bin Zayedlə çox yaxın münasibətlər qurub. BƏƏ general Haftarın ən qızğın dəstəkçisidir.

Lakin diplomatlar narahatdırlar ki, Liviyadakı münaqişəinin bütün tərəfləri səfərbər olunurlar.

BƏƏ Türkiyəni islamçı qruplaşmaları dəstəkləməkdə və Ərəb dünyasında pozucu siyasət yürütməkdə irttiham edir.

BƏƏ-nin xarici işlər naziri Anwar Gargash ötən ay demişdi ki, onun ölkəsi Liviya məsələsində tək deyil:

“Biz situasiyanı anbaan izləyən bir qrup ölkəyik. Söhbət xüsusilə də Fransa və Misirdən gedir. Biz AGAP-ın (Əl-Qaedanın Yəməndəki qolu) və İŞİD-in Liviyada birləşəcəyindən narahatıq. Bizi Liviyaya müdaxilə etməyə məcbur edən də budur”.

XS
SM
MD
LG