Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:18

Avropa Parlamenti Navalnının ölümünü ‘qətl’, Putini ‘cavabdeh’ adlandıran qətnamə qəbul etdi


Fevralın 17-də Moksvada keçirilmiş etiraz piketinin iştirakçısı
Fevralın 17-də Moksvada keçirilmiş etiraz piketinin iştirakçısı

Avropa Parlamenti Rusiya müxalif siyasətçisi Aleksey Navalnının ölümü ilə bağlı qətnamə qəbul edib.

Sənəddə deyilir ki, müxalifətçinin koloniyada baş vermiş ölümü üçün cavabdehliyi Rusiya prezidenti Vladimir Putin daşıyır.

Qətnamənin leyhinə 547 deputatdan 506-sı səs verib.

Qətnamə mətnində deyilir:

"Özlərinin ən güclü opponenti Aleksey Navalnının ölümü üçün cinayət və siyasi məsuliyyət Rusiya hakimiyyətinin və şəxsən Vladimir Putinin üzərinə düşür”.

Avropa deputatlarının qənaətinə görə Navalnının “qətli” Rusiyada repressiyaların güclənməsindən xəbər verir.

Qətnamə bu ölümün araşdırılması üçün müstəqil və şəffaf beynəlxalq təhqiqat tələb edir.

Qətnamədə deyilir ki, Rusiyada siyasi sistem “cilovlanmaz korrusiyası ilə konsolidasiya olunmuş avtoritar rejim” tərəfindən idarə olunur.

Bu da vurğulanır ki, bu rejim müntəzəm olaraq saxtalaşdırılan seçkilər hesabına hakimiyyətdə qala bilir.

Bundan əvvəl Avropa Parlamentinin spikeri Roberta Metsola Navalnının ölümü ilə bağlı Rusiyada keçiriləcək prezident seçkisinin nəticələrinin tanınmamasına çağırmışdı.

“Putin cinayətkar dəstə başçısıdır”

Müxalifətçinin dul xanımı Yuliya Navalnaya Avropa Parlamentində çıxış edərkən deyib ki, “Putin siyasətçi yox, cinayətkar dəstənin lideridir”. O əlavə edib ki, bu səbəbdən Putinə qarşı mübarizə “mafiyaya” qarşı mübarizə hesab olunmalıdır.

Navalnaya bəyan edib ki, Putin “Aleksey Navalnıya və ecazkar qonşu ölkəyə qarşı etdiklərinə görə cavab verməlidir”.

Navalnayanın çıxışı gur və sürəkli alqışlarla müşayiət olunub.

Yulia Navalnaya deyib ki, “şok vəziyyətinə düşən bəziləri” Putini məğlubedilməz hesab edirlər:

"Əgər siz doğrudan da Putinə qalib gəlmək istəyirsinizsə, yenilikçi olmağınız zəruridir. Bundan qorxmağı dayandırmaq lazımdır. Putinə növbəti sanksiyalar paketi və ya qətnamələrlə ziyan vurmaq mümkün deyil. Çünki o, mənəviyyat və ya prinsiplər adamı deyil. Biz burada siyasətdən yox, qanlı bədheybətdən danışırıq. Putin kriminal dəstənin başçısıdır”.

Moksva meriyası Navalnının xatirə yüşünə icazə verməyib...COVID-ə görə...

Moskva meriyası “hələ də qüvvədə olan COVID məhdudiyyətlərini” əsas gətirərək Boris Nemtsovun və Aleksey Navalnının xatirəsinə həsr olunmuş yürüşlərin keçirilməsinə icazə verməyib.

Bu barədə yürüşün təşəbbüsçülərindən biri, Rusiya prezidenti seçkisində namizədliyi qeydiyyata alınmamış jurnalist Yekaterina Duntsova məlumat verib.

Yürüş martın 2-də Moksva şəhərində keçirilməliydi.

Duntsova deyib ki, Nemtsovun və Navalnının xatirəsini martın 17-də - prezident seçkisi günü qeyd etmək olar:

“Mən martın 17-də saat 12-də hakimiyyətin dəyişilməsi üçün səs verəcəyəm. Hakimiyyətin dəyişilməsinə, real seçkilərə, normal həyata, ölkəmizin gələcəyinin bir nəfər yox, hamımız tərəfindən müəyyən edilməsinə səs verəcəyəm”.

Bundan əvvəl

Aleksey Navalnının nəşini anası Lyudmila Navalnayaya onun koloniyada müəmmalı ölümündən iki həftə sonra, fevralın 24-də vermişdilər.

Navalnaya bildirirdi ki, İstintaq Komitəsində ona şərt qoyublar: Ya o, oğlunun heç bir vidalaşmasız məxfi dəfninə razılaşır, ya da onu koloniyanın ərazisində basdıracaqlar.

Aleksey Navalnı fevralın 16-da Arktikadakı “Polyarnıy volk” (Qütb canavarı) adı ilə tanınan xüsusi rejimli koloniyada ölüb.

Ölüm şəhadətnaməsində onun “təbii səbəblərdən” öldüyünü yazıblar.

Navalnı ölümündən əvvəl artıq 27-ci dəfə cərimə kamerasına salınmışdı.

Müxalifətçinin dul xanımı ərinin mübarizəsini davam etdirəcəyini bildirib.

Navalnının dəfni martın 1-də Moskvanın Borisovskoye qəbirstanlığında olmalıdır.

XS
SM
MD
LG