Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:01

Avropa qurumlarından məhbuslara dəstək


Tədbir
Tədbir

Mayın 8-i «Hilton Baku» otelində Avropa Şurası və Avropa Birliyinin birgə «Azərbaycanda penitensiar islahatlara əlavə dəstək-2» (SPERA-2) adlı layihənin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Avropa Şurasının Azərbaycan ofisinin rəhbəri Zoltan Hernyeş layihənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu ikiillik layihənin həyata keçirməsində Azərbaycan Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edəcəklər.

«Turan» agentliyinin xəbərinə görə, Z.Hernyeş qeyd edib ki, məhkumları təcrid etməklə iş bitmir, onlarla işləmək lazımdır. Onun fikrincə, bu məsələdə isə qeyri-hökumət təşkilatlarının rolu böyükdür.

O, həmçinin vurğulayıb ki, Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin nümayəndə heyətinin 2020-ci ildə Azərbaycana səfəri gözlənilir: «Komitənin hesabatı bu proqramı nəzərə alınmaqla hazırlanacaq».

Məhbusların sayına görə 3-cü yer

Z.Hernyeş habelə deyib ki, Azərbaycanda hər 100 min nəfərə 235 məhbus düşür və bu göstəricilərə görə ölkə Avropada 3-cü yeri tutur. Agentliyin xəbərinə görə, toplantıda o da qeyd edilib ki, məhbusların arasında ölüm səviyyəsi də heç də az deyil.

Ədliyyə nazirinin müavini Ceyhun Həsənov isə bildirib ki, 2006-cı ildən etibarən Penitensiar Xidmətinin əməkdaşları sistematik olaraq beynəlxalq treninqlərdə və tədbirlərdə iştirak edirlər: «Son illərdə məhbusların hüquqları daha yaxşı səviyyədə təmin olunur, onlara göstərilən tibbi xidmətin səviyyəsi yaxşılaşıb. Fəaliyyət planı hazırlanıb və onun əsasında həkimlərin peşəkarlığı artırılıb».

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə qeyd edib ki, SPERA-2 əvvəlki layihənin davamıdır və iki il sonra onun uğurlu nəticələrindən əmindir.

O, Azərbaycan və Avropa İttifaqı arasında gözlənilən sazişin imzalanması məsələsinə də toxunub. Deyib ki, hal-hazırda danışıqlar gedir, bəzi məqamlar müzakirə olunur: «Söz vermək istəmirəm, amma deyə bilərəm ki, iş gedir. Mən əminəm ki, bu saziş münasibətləri yeni mərhələyə çatdıracaq. Bu, insan haqları, demokratiya, bazar iqtisadiyyatın inkişafı üçün çox vacibdir. Bizim əməkdaşlığımız sıx və davamlıdır».

K.Yankauskas bu il aprelin 3-də prezidentin imzaladığı Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında fərmanı da müsbət qiymətləndirib.

Dövlətin vətəndaşa münasibəti...

Səfir qeyd edib ki, məhbuslara qarşı humanizm nümayiş etdirmək lazımdır. «Biz dövlətin öz vətəndaşlarına münasibətinə baxırıq. Əgər bu münasibət ədalətlidirsə, biz həmin ölkədə investisiyaları və bazar iqtisadiyyatını dəstəkləyirik».

O, həmçinin icbari tibbi sığortanın və təhsilin inkişafının vacibliyini vurğulayıb.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev də deyib ki, prezidentin tapşırığı əsasında penitensiar sahədə islahatlar keçirilir. Məhkumlara tibbi yardımı sahəsində uğurlardan danışan R.Mehdiyev bundan ötrü layihənin vacibliyini vurğulayıb: «Biz öz tərəfimizdən hər şeyi edərik ki, bu layihə uğurlu keçirilsin».

Layihənin məqsədi

Eyniadlı birinci layihə ötən il başa çatıb. Bu birgə layihənin məqsədi Azərbaycanın penitensiar sistemində Avropa standartlarına uyğun islahatlar aparılmasına, xüsusən də məhbuslardan ötrü (ruhi sağlamlıq da daxil olmaqla) səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına dəstək verməkdir. Habelə, layihə cəzaçəkmə müəssisələrinin insan hüquqlarına uyğun idarə olunmasında hökumət qurumlarına kömək etməlidir.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb. Üstəlik, müxalifət partiyaları saziş layihəsinin açıqlanmamasından narahat olduqlarını bildiriblər.

Azərbaycan 2001-ci ildən isə Avropa Şurasının üzvüdür.

XS
SM
MD
LG