Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:43

Avropa Siyasi Birliyinin sammitindən nə gözləməli


Azərbaycan prezidenti İlham Əliyev Oksfordşirdə Avropa Siyasi Birliyinin sammitində. 18 iyul 2024
Azərbaycan prezidenti İlham Əliyev Oksfordşirdə Avropa Siyasi Birliyinin sammitində. 18 iyul 2024

NATO-nun Vaşinqton sammitindən bir həftə sonra liderlərin daha bir toplantısı keçirilir. Bu dəfə Avropa Siyasi Birliyi (EPC) iyulun 18-də Böyük Britaniyada yığışır. Birliyə Belarus və Rusiyanı çıxmaqla Avropanın əksər ölkələrinin liderləri daxildir.

Sammit London yaxınlığındakı Oksfordşirdə Blenheym sarayında, Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçilin doğulduğu məkanda keçirilir.

AzadlıqRadiosunun müxbiri Rikard Yozvyak yazır ki, toplantının diqqət mərkəzində Britaniyanın yeni seçilmiş lideri Kir Starmer (Keir Starmer) olacaq. O, ev sahibi kimi ölkəsini Avropaya, özəlliklə Avropa İttifaqına doğru yönəldəcək ilk real addımını atmalıdır. Səkkiz illik post-breksit dövrü keşməkeşli keçib.

Starmer 2010-cu ildə Qordon Braundan (Gordon Brown) sonra ilk leyborist baş nazirdir.

Britaniya-Aİ yaxınlaşması

Hazırda Britaniya ilə Aİ-nin siyasi yaxınlaşması vacib sayılır. Bir səbəb Ukraynada davam edən müharibədirsə, digəri Atlantik okeanının o tayında Donald Trampın bir daha hakimiyyətə gəlmə perspektividir. Bu isə diqqəti qitəyə, Londondakı yeni sol-mərkəzçi hökumətə yönəldir. Müəllif Blenheym sarayından böyük xəbər gözlənilmədiyini, ancaq sonradan Aİ ilə Britaniya arasında təkmilləşdirilmiş təhlükəsizlik paktının mümkün olduğunu yazır. Ticarət əlaqələrinin gücləndirilməsi də mümkündür.

Ümumilikdə isə 45 liderin yığışdığı sammitdən kontent, nəticələr baxımından çox şey gözlənilmir.

Dəyirmi masalar üç xüsusi mövzuya yönəldiləcək: demokratiyaların müdafiəsi, miqrasiya və enerji bağlantısı.

EPC 2022-ci ildə, Rusiya Ukraynaya tammiqyaslı müharibəyə başlayandan az sonra Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılıb. Məqsəd Avropanın qalan hissəsini siyasi baxımdan daha da yaxınlaşdırmaq idi. Liderlər ildə iki dəfə yığışır, ev sahibliyi Aİ və qeyri-Aİ ölkələri arasında dəyişir. Qısa, yarımgünlük görüşlər mənzərəli yerlərdə keçirilir.

2022-ci ildə Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Qarabağ müzakirələri
2022-ci ildə Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Qarabağ müzakirələri

Əliyev-Paşinyan görüşü gözlənilirmi

Müəllif sammitdə bəzi ikitərəfli görüşlərin mümkün ola biləcəyini yazır. Daha öncəki toplantılarda Aİ Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Makron Azərbaycanla Ermənistan arasında sülh sazişinə nail olmağa cəhd göstərib. Artıq hər iki ölkənin liderləri Londondadır.

"Müəyyən fasilələrlə Brüsseldə davam etmiş görüşlər uğurlu olmayıb. Mişelin mandatı bu ilin sonunda bitir və o, Blenheymdə daha bir cəhd göstərə bilər. Məsələdən agah Aİ rəsmisinin dediyinə görə, bəzi kontaktlar var, amma format (ikitərəfli, üçtərəfli, yaxud heç biri) hansının ən əlverişli və uyğun olacağına bağlıdır", - məqalədə yazılır.

Bundan öncə iki ölkənin xarici işlər nazirləri Vaşinqtonda görüşürlər. Görüşdən sonra tərəflər iki ölkə arasında "tarixi" sazişin yekunlaşdırılması istiqamətində irəliləyiş əldə olunduğunu vurğulayıblar. Dövlət Departamentinin sözçüsü isə iyulun 15-də deyib ki, sülh sazişi tərəflərdən bəzi çətin seçimlər və ağır kompromislər tələb edir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib. Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG