Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:04

Köhnə avtomobillərin utilizasiyası niyə gecikir?


Köhnə maşını olanların diqqətinə!
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Köhnə maşını olanların diqqətinə! (Arxiv. 2017)

Hazırda Azərbaycanda istismarda olan avtomobillərin 80 faizinin istehsal tarixi 10 ili ötüb, - rəsmi qurumlar belə deyir. 30 ildən çox avtomobil alveri ilə məşğul olan Natiq Qasımov isə AzadlıqRadiosuna bildirir ki, ölkədə hər 20 maşından biri köhnəlib, ancaq utilizasiyası edilən avtomobilə rast gəlinmir.

Köhnə avtomobillərin sayı azalmır

Qasımovun əlavə avtomobil təmir sexi də var. Deyir, ayda yeddi-səkkiz qəzaya səbəb olan köhnə maşınları təmirə gətirirlər. Onun sözlərinə görə, bu ildən başlayaraq köhnə avtomobil alanlar azalsa da, ölkə yollarında belə maşınlar hələ də üstünlük təşkil etməkdədir.

"Qəza sonrası maşın istismara daha da yararsız hala düşür, bir çox hallarda bərpası mümkün olmur. Belə olduqda isə maşını parçalayıb, hissələri satılır. İstehsal ili 1992-ci ildən başlayan, yaşı ən azı 15 il olan avtomobillər isə iki gündən bir nasazlıq ucbatından sexə gətirilir. Köhnə maşınlar olsa da, detalları ucuz deyil, xərci çox çıxır. Ucuz detallara isə zəmanət verilmir. Ümumiyyətlə, qiyməti 6-7 min manatdan başlayan köhnə avtomobillərin hissələri dəyişdirilib yenidən yığılır, onların da ömrünə kimsə zəmanət vermir", – deyən Qasımov istehsal tarixi 2006-2007-ci il olan avtomobillərin qiymətinin 9-12 min manat arasında dəyişdiyini qeyd edir.

'Sovet maşınları'ndan niyə yaxa qurtarmaq olmur?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

"Yeni maşın ala biləcəm ki, köhnəni satım"

Seymur Kərimov 90-cı illərin istehsalı olan avtomobili sürür. O, AzadlıqRadiosuna müsahibəsində danışır ki, yeni avtomobillər baha olduğu üçün azgəlirli əhali yalnız köhnə maşınlara üz tutur.

"Köhnə maşının xərci çox olur, il keçdikcə daha da vəziyyəti ağırlaşır. Amma yenə də təzə maşından ucuzdur. Bu maşın atamdan qalıb. Satsam, 2 min manat verən olmaz heç. Köhnə maşını satdığım pula təzə maşının təkərini ala bilərəm ancaq. Ümumiyyətlə, alan da olmur. Alıcılar yaşını biləndə qaçır maşından, eşidiblər ki, hökumət köhnə maşınları yığışdıracaq. Mən isə məcburam bu maşını sürüm. Ölkədə avtomobil məzarlığı olsaydı, təkrar emal üçün maşınımı alıb yerinə normal ödəniş edilərdi. Ya da ölkə avtomobil istehsalını artırsaydı, bəlkə, daha münasib qiymətə yeni maşın alardım. Əks halda, bu maşına məhkumam", – o deyib.

Kərimov köhnə avtomobili ilə son 10 ildə 12 dəfə qəza etdiyini, hər dəfə günahın da özündə olduğunu gizlətmir.

Naz-Lifan sürücüsü: "Prezidentin bu maşından xəbəri yoxdur"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Yol qəzalarının böyük hissəsi köhnə avtomobillərin payına düşür

Nəqliyyat üzrə ekspertlər də son illərdə köhnə avtomobillərdə yaranan texniki nasazlıq səbəbindən qəzaların sayının artdığını deyirlər. Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, 2022-ci ilin yanvar-sentyabrında Azərbaycanda 1 min 259 yol-nəqliyyat hadisəsi baş verib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7.5 faiz çoxdur.

Nəqliyyat üzrə ekspert Fərrux Abbasov AzadlıqRadiosuna bildirib ki, yol nəqliyyat qəzalarının 70-75 faizi məhz köhnə avtomobillərin payına düşür. "Avtomobil parkının təqribən 60-70 faizi istehsal ili köhnə olan maşınlardan ibarətdir. Ölkədəki avtomobillərin təqribən 30 faizi heç bir standarta cavab vermir. Yerdə qalan 40 faizi Avro-1, 30 faizi isə Avro-2 və Avro-3 standartlarının payına düşür. (Avropada işlənmiş qazlarda zərərli maddələrin tərkibini təmizləyən ekoloji standart – red.) Köhnə avtomobillərin böyük əksəriyyəti sovetlər dönəmində, sonradan isə Rusiyada istehsal edilib. Onların da təhlükəsizlik imkanları geniş deyil və mövcud tələblərə cavab vermir. Belə maşınlar utilizasiyaya getməlidir", – ekspert deyib.

Utilizasiya nədir

Utilizasiya ekoloji və təhlükəsizlik normalarına cavab verməyən, köhnələn avtomobillərin təkrar emala göndərilməsidir.

"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub. Proqramın icrası isə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və bir neçə digər quruma həvalə edilib. Lakin Dövlət Proqramın bitməsinə bir il qalsa da, köhnə avtomobillərin utilizasiyası hələ də baş tutmayıb.

Utilizasiyanın gecikməsinin ətraf mühitə zərəri də tez-tez gündəmə gətirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri köhnə avtomobillərin yaratdığı təhlükələrdən söz açır.

"Avtomobil köhnəldikcə onun mühərriki də köhnəlir. Bu zaman mühərrikin işində müəyyən qüsurlar əmələ gəlir. Həmin mühərrik işləyən zaman yaranan və atmosferə atılan tullantı qazların tərkibində zərərli maddələrin miqdarı artır. Bu isə ətraf mühitə, atmosfer havasının keyfiyyətinə və insan sağlamlığına mənfi təsir göstərir", – Nazirlik rəsmisi Rasim Səttarzadə yerli mediaya açıqlamasında deyib.

Elmi tədqiqatlar göstərir ki, hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 80 faizdir. Avtomobillərin istehsalından sonrakı 1-3 il ərzində zərərli qaz tullantılarının səviyyəsini istehsalçı müəssisənin zəmanət verdiyi həddə saxlamaq mümkündür. Tədqiqatlar göstərir ki, maşın köhnəldikcə zərərli qaz tullantıları artır. Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib. Bu il yanvarın 1-dən Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin satışı Əlavə Dəyər Vergisindən azad edilib.

Utilizasiya proqramı hazırdır, amma...

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi istiqamətində işlər davam etdirilir. Vurğulanıb ki, layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsindədir, detalları haqda ətraflı bilgi aidiyyəti normativ sənədlər təsdiqlənəndən sonra veriləcək. Əgər razılaşdırma qısa zamanda alınarsa, 2023-cü ilin yanvarından icrasına başlanıla bilər. Nazirlik bildirir ki, nəqliyyat vasitələrinin utilizasiyası tam könüllülük əsasında gerçəkləşəcək, bu yöndə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur: "Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulub".

İlkin mərhələdə neçə avtomobilin utilizasiya ediləcəyi, ödənişin necə hesablanacağı suallarını nazirlik cavabsız qoyub.

Utilizasiyanın icrasında iştirak edəcək digər qurumlardan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi isə proqram barədə AzadlıqRadiosunun suallarını cavablamayıb.

Bakıda retro avtomobillərin paradına iki nazir də qatıldı
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Utilizasiyadan əvvəl monitorinqlər aparılmalıdır

Mütəxəssis Fərrux Abbasov deyir ki, Azərbaycanda utilizasiya proqramının düzgün şərtlər ilə işə salınması ilə köhnə avtomobillər dövriyyədən kənarlaşdırıla, bütövlükdə avtomobil parkı yenilənə bilər. "Öncə vəziyyəti daha ağır olan maşınlar utilizasiyaya getməlidir. Töküntü, qiyməti bir neçə yüz manata olan maşınların da əvəzinə yeni maşın verilməsini doğru hesab etmirəm. Hansı maşın ki, ili köhnədir, istismar olunur, atmosferə nisbətən artıq zəhər verir, ancaq bazar qiyməti 1500-2500 manatdırsa, onların yenilənməsi doğru olar. Di gəl, qurumların laqeyd münasibəti, işbazların son köhnə avtomobilləri satmaq niyyəti, eləcə də yeni avtomobillər üçün şəraitin yaradılmaması ucbatından proqram gecikdirilir", – deyən Abbasov dövlət proqramının icrasında güzəştləri də vacib sayır.

"Köhnə avtomobillərdən imtinanın çətinliyi bəzi alıcıların təzə avtomobil almağa gücünün çatmaması ilə bağlıdır. Dövlət həmin alıcıları nəzərə alaraq ölkə daxilində ucuz avtomobil istehsalının keyfiyyətini və həcmini artırmalıdır", – Abbasov vurğulayır və belə bir proqramın hazırlanmasında, icrasında ictimai müzakirənin də önəmini qeyd edir.

"Üç uşağımı məktəbə piyada aparası olmayım..."

Lerikin daşlı-kəsəkli, tam təmirli olmayan yollarında köhnə avtomobil sürən Seymur Kərimov utilizasiyadan sonra maşınsız qalmayacağına ümid edir. "Köhnə maşın ata yadigarı olduğu üçün ondan ayrılmaq mənəvi çətinliyə səbəb olacaq. Köhnə maşınların əvəzində bizə pul verəcəklərsə, maşın bazarındakı qiymətləri də nəzərə alsınlar. Amma daha vacibi odur ki, üç uşağım məktəbə piyada getməsin. Məktəbin yolları piyada gediləsi deyil", – o gileylənir.

XS
SM
MD
LG