Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:37

'Hollandiyadan Bakıya poçtla narkotik toxumu gəlirdi'


Narkotik alverçisinin saxlanılması. Foto arxiv
Narkotik alverçisinin saxlanılması. Foto arxiv

Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov öz əmisi nəvəsinin qətlinə görə hakim önünə çıxarılıb. Elnur Hümmətovun ölümünə görə suçlananlar arasında Abbas Hümmətovla yanaşı, daha beş nəfər də var - Fuad Məmmədzadə, ElmirCavid Alxazov qardaşları, RamilElnur Əsirovlar. Onlar narkotik əkib-satmaqda, bu məsələ haqda hüquq-mühafizə orqanlarına xəbər verməsindən şübhələndikləri Elnur Hümmətovu öldürüb basdırıb, üstünə də beton tökməkdə ittiham olunurlar.

Bu cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Mayın 30-da məhkəmənin hazırlıq iclası keçirilib. İş məhkəmə baxışına verilib.

40 KİLOQRAM MARİXUANANI 15 MİN MANATA SATIBLAR

Müğənninin qardaşı istintaqa ifadəsində əmisi nəvəsinin qətlində birbaşa iştirak etmədiyini desə də, onun basdırılmasında iştirakını təsdiqləyib. Bunu da qorxmasıyla əsaslandırıb.

İttihama görə, hazırda məhkəmə önünə çıxarılanlar 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsindəki evdə narkotik əkib, pul qazanmaq planı qurublar. Təqsirləndirilən şəxslərdən Fuad Məmmədzadə internet vasitəsilə Hollandiya və İngiltərədən 350 avroluq marixuana toxumları alıb. Bunu 25 dibçək və torf şəklində Abbas Hümmətovun maşınıyla Qala qəsəbəsindəki evə gətiriblər. Ev də Cavid Alxazovun olub.

İttiham aktında yazılıb ki, təxminən iki ay sonra onlar Elnur Hümmətovun bu məsələni polisə xəbər verməyindən şübhələniblər. Onda Elnur da bir müddətdir onlardan kənar gəzirmiş.

Onlar E.Hümmətovu Qaladakı evə gətirib, orada boğub öldürüblər, meyiti də həyətdə quyu qazıb basdırıblar. Üstünə də beton töküblər.

İddia olunur ki, bu hadisədən sonra iyul-avqust aylarında təxminən 40 kiloqram marixuananı 15 min manata satıblar.

Elnur Hümmətov 2013-cü il iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. Təxminən üç il sonra - 2016-cı ilin yayında onun qətlə yetirildiyi müəyyənləşdirilib, meyitinin qalıqları basdırıldığı yerdən eksqumasiya olunub.

«ONLARI TAKSİ KİMİ EVƏ APARMIŞAM, PUL ƏVƏZİNƏ NARKOTİK VERİBLƏR»

Abbas Hümmətov istintaqa ifadəsində özünü təqsirli bilməyib. Deyib ki, 2013-cü ildə taksi sürməklə məşğul idi. İndi onunla birlikdə müttəhimlər kürsüsündə əyləşmiş adamlarla da dostluq münasibətləri olub. Onların marixuana əkib-becərdiklərini bilib:

«Onları taksi kimi evlərinə aparmışam, pul əvəzinə mənə çəkməyə marixuana veriblər».

Abbas Hümmətov
Abbas Hümmətov

Abbas Hümmətovun sözlərinə görə, 2013-cü il iyunun əvvəllərində Fuad ona deyib ki, Elnur əkdikləri narkotiki oğurlamaq, ya da onlar haqda polisə məlumat vermək istəyir:

«Fuad Elnurun bu hərəkətinə görə onu öldürməyi təklif etdi. Mən və Elmir Fuadın bu təklifinə qarşı çıxdıq. Elnuru öldürmək yox, sadəcə, əl-qolunu bağlayıb hədə-qorxu gəlməyi təklif etdik. Hadisə günü Fuadı saat 10-11 radələrində şəhərdən götürdüm, Qala qəsəbəsində Cavidin evinə gətirdim. Evə daxil olan kimi Fuad məni «skoç» almağa göndərdi. Mağazadan alıb geri qayıdanda gördüm ki, Fuadla Elmir Elnur Hümmətovu öldürüblər, meyiti zibil torbalarına bükürlər. «Skoç»u onlara verib, orada dayana bilmədim, birbaşa evimizə gəldim. Axşam Fuad zəng eləyib bağa çağırdı. Gecə bağa gələndə gördüm ki, meyiti basdırıblar, üstünə də beton töküblər. Fuad dedi ki, yorulublar, ona görə də meyitin basdırıldığı yerdə qalaqlanmış torpağı bel ilə ətrafa səpələməyi mənə tapşırdı. Mən də qalaqlanmış torpağı həyətə yaydım. Fuad xəbərdarlıq elədi ki, «hadisəni kiməsə danışsan, sonun belə olacaq». Mən də qorxudan heç kimə bu barədə deməmişəm».

Fuad Məmmədzadə də hadisə haqda ətraflı danışıb. Deyib ki, indi onunla birlikdə mühakimə olunan Elmir Alxazovla sinif yoldaşı olublar. Onun sözlərinə görə, marixuana əkib pul qazanmaq təklifi də Elmirdən gəlib. Onu Abbas Hümmətovla da Elmir tanış edib:

«Abbas da məni Ramil, Cavid, Ramilin qardaşı Elnur və mərhum Elnur Hümmətovla tanış elədi».

«BANKDA MARİXUANANIN PULUNU ÖDƏDİM, TOXUMLARI POÇTDAN GÖTÜRDÜM»

Fuad Məmmədzadə xaricdən narkotik toxumlarını necə gətirdiklərini də açıqlayıb. Bildirib ki, Seedsman.com saytına girib, kod adı «AK-48» olan marixuana toxumlarını İngiltərə və Hollandiyadan öz adına sifariş edib. «Kapitalbank» vasitəsilə toxumun bir paketinə 350 avro ödəyib. Marixuana toxumlarını isə «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən poçt şöbəsindən götürüb:

«İnternetdən öyrəndiyim qaydada toxumları bir gün suda islatdım, hər dibçəyə bir toxum əkdim. 25 ədəd dibçəkdə olan narkotik vasitəni sarı işıq verən projektorun altında becərdim. Ramil, onun qardaşı Elnur, Abbas, Cavid və Elnur Hümmətov həmin evdə növbəylə qalıb, bitkilərə nəzarət ediblər. Narkotik vasitəni əkib-becərməyimizdən bizdən başqa heç kəsin xəbəri olmayıb».

Onun ifadəsinə görə, mərhum Elnur Hümmətov da onlarla şərik olub. Hadisədən az öncə Hümmətov əsgərlik məsələsini həll eləməkdən ötrü ondan 500 manat borc alıb. Bundan sonra bir müddət onlardan uzaqlaşıb:

«Günlərlə Elnuru tapa bilmədik. Bu səbəbdən onun bizi «sata bilməsi» şübhəsi yarandı. Sonradan Elnurun yetişən kimi marixuananı oğurlayacağını, bizi polisə satacağını eşitdim. Buna görə də digər uşaqlara Elnurla ciddi söhbət etməyi təklif etdim».

E.Hümmətovun necə öldürülməsinə gəlincə, Fuad Məmmədzadənin ifadəsinə görə, Ramil və Elnur Əsirov qardaşları dəsmalı onun boğazına dolayıb boğublar:

«Onun öldüyünə əmin olduqdan sonra meyiti torbalara yığdıq. Saat 16.00 radələrində Abbas maşınla Cavidi evə gətirdi. Cavid meyiti həyətdə basdırmağımızı təklif etdi. Təxminən gecə saat 12 radələrində quyu qazıb basdırdıq, üstünü də betonladıq».

Onun sözlərinə görə, Abbas Hümmətov, da vəd etdiyi kimi, becərdikləri marixuananı 150 kibrit qutusunda qablaşdırıb. Hər qutunu da 70 manata satıblar:

«Əldə olunan 15 min manatdan 2 min manat mənə çatdı. Qalan pul isə o birilərin arasında bölüşdürüldü. Həmin puldan Elnur Hümmətovun kreditini də ödəmişəm».

Bu iş üzrə məhkəmə baxışı iyunun 2-nə təyin olunub.

XS
SM
MD
LG