Ötən gün, yanvarın 29-da Çin Xalq Respublikasından (ÇXR) gələn 4 nəfər Azərbaycan vətəndaşı karantinə yerləşdirilib.
Bunu Səhiyyə Nazirliyindən bildiriblər.
Nazirlikdən verilən məlumata görə, yanvarın 29-da Çindən Azərbaycana gələn 4 nəfər hava limanında Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin öncədən hazırladığı xüsusi keçiddən keçiblər:
“Onlarda koronavirus əlamətləri aşkarlanmayıb. Amma bu virusun yayıldığı Çindən gəldikləri üçün qabaqlayıcı tədbir olaraq xüsusi xəstəxanaya yerləşdiriliblər. Amma bu heç də həmin şəxslərin koronavirusa yoluxduqları anlamına gəlmir. Bu virusun inkubasiya dövrü 14 gün olduğundan onlar xüsusi xəstəxanaya yerləşdiriliblər və nəzarətdə saxlanacaqlar. Bu iki həftə ərzində vəziyyətlərində dəyişiklik olmasa evlərinə buraxılacaqlar”.
Bu virusun yayılması ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, Klinik Tibbi Mərkəzdə və 7 saylı uşaq infeksion xəstəxanasında xüsusi palatalar ayrılıb.
Xatırlatma
Çində yeni koronavirusun yayıldığı açıqlanıb. Bu ölkədə 170 nəfərin həyatına son qoymuş virusun yayılmasının qarşısını almağa çalışırlar.
Yanvarın 30-da Tibetdə də yoluxma halı aşkarlanıb və artıq həmin virusun Çinin hər bir regionuna yayıldığı söylənir. Azı 16 başqa ölkədə də virus tapılıb.
Çinin səhiyyə rəsmiləri ölkə boyunca 7 min 700-dən çox adamın bu virusa yoluxduğunu söyləyirlər.