Azad Avropa/Azadlıq Radioları Rusiyada "arzuolunmaz təşkilat" elan edilib. Radionun adı Ədliyyə Nazirliyinin müvafiq reyestrinə salınıb. Bununla da Rusiyada AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalistlər və digər şəxslər, eləcə də onun donorları, həmçinin radionun müsahibə aldığı şəxslər cinayət ittihamları ilə üzləşə bilərlər.
Bundan öncə AzadlıqRadiosu Rusiyada "xarici agent" elan olunub. Fevralın 20-də isə radionun "arzuolunmaz təşkilat" siyahısına salınması haqda qərar çıxarılıb. AzadlıqRadiosu indiyədək bu siyahıya salınan 142-ci qurumdur.
AzadlıqRadiosunun prezidenti Stiven Kapus (Stephen Capus) deyib ki, bu təsnifat Rusiya hökumətinin doğru xəbəri real təhdid saymasına son nümunədir.
"Milyonlarla rusiyalı on illərlə bizə inanıb. Aleksey Navalnının ölümündən sonrakı günlər ərzində rekord izləyici sayı bunu göstərir. Bizi məhdudlaşdırmağa yönəlik bu cəhd isə AzadlıqRadiosunun Rusiya xalqına azad və müstəqil jurnalistika gətirməsini daha da çətinləşdirəcək", - Kapus bəyanatında deyib.
2015-ci ildə qəbul olunmuş "arzuolunmaz təşkilat" qanunu xarici mənbələrdən maliyyələşən QHT-lərə qarşı Kremlin tənzimləməsəni nəzərdə tutur.
İndiyədək Rusiyada onlarla xarici təşkilata bu damğa vurulub. Jurnalistləri Müdafiə Komitəsi 2021-ci ildən bəri onların sayının onlarla olduğunu bildirir.
"Dojd TV" (TV Rain), "Novaya Gazeta Europe", "iStories", "The Insider", "Bellingcat" və "Proyekt" bu siyahıya salınıblar.
Qadağalara baxmayaraq AzadlıqRadiosunu izləyirlər
Azad Avropa/Azadlıq Radioları müstəqil Amerika media korporasiyasıdır, Konqres tərəfindən ABŞ Qlobal Media Agentliyi vasitəsilə maliyyələşdirilir. AzadlıqRadiosu 23 ölkədə 27 dildə yayımlanır. Bunlar, əsasən, media azadlığının məhdudlaşdırıldığı ölkələrdir.
AzadlıqRadiosunun rus dilindəki layihələri, vebsaytları, sosial şəbəkələrdəki platformaları 2022-ci ilin yazında "Roskomnadzor" tərəfindən bloklanıb. Səbəb radionun Rusiyanın Ukraynanı hərbi işğal etməsinə dair informasiyanı çıxarmaması idi.
Ancaq bloklamaya baxmayaraq, AzadlıqRadiosunun və onun "Amerikanın Səsi" ilə birgə layihəsi olan "Current Time TV"nin verdiyi informasiya əhəmiyyətini saxlayır. On milyonlarla insan səhifələri ziyarət edir, YouTube və digər platformalarda videolara baxış sayı yüz milyonları ötür.
2023-cü ilin martında Moskvada məhkəmə AzadlıqRadiosunu Rusiyada müflis elan edib. Belə ki, şirkət "xarici agent" qanununa əməl etmədiyinə görə kəsilmiş azı 1 milyard rubl (14 milyon dollar) cəriməni ödəməkdən imtina edib.
AzadlıqRadiosu bu qanunu Rusiya məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində mübahisələndirib.
Rusiyanın Ədliyyə Nazirliyi AzadlıqRadiosunun azı 30 əməkdaşını "xarici agent" siyahısına salıb.