Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:29

Hüquq müdafiəçisi: 'Bloklanmış saytlara yaşıl işıq yandırılacağını gözləmirəm'


azadliq.org-a Azərbaycan ərazisində giriş qadağası 2017-ci ildə qoyulub.
azadliq.org-a Azərbaycan ərazisində giriş qadağası 2017-ci ildə qoyulub.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azadlıq.org, anaxeber.az, az24saat.org və xural.com xəbər portallarına Azərbaycan daxilindən girişin bloklanmasını ifadə azadlığının pozulması kimi tanıyıb.

Məhkəmənin qərarında bildirilir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi hər kəsin məlumat və ideyaları almaq, habelə yaymaq azadlığına təminat verir. Qərara əsasən, hökumət dörd ərizəçinin hər birinə 5 min avro mənəvi zərər əvəzi ödəməlidir. Bununla yanaşı, ərizəçilərdən anaxeber.az, az24saat.org və xural.com saytlarının rəhbərlərinə hüquqi xərclər əvəzi min avro verilməlidir.

azadliq.org-a Azərbaycan ərazisində giriş qadağası 2017-ci, xural.com, az24saat.org və anaxeber.az-a isə 2018-ci ildə məhkəmə qərarı ilə qoyulub.

Hökumət hələ ondan öncə, 2009-cu ildə AzadlıqRadiosunun FM tezliyindəki radioyayımını dayandırmışdı. 2014-cü ildə isə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onu bağlamışdı.

2017-18-ci illərdə Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Həmin dəyişikliklərdən sonra ölkədə bir çox saytlara girişə məhdudiyyətlər qoyulub. Rəsmi qurumların iddiasına görə, həmin saytlarda dərc olunan bəzi yazılar dövlətin təhlükəsizlik maraqları və qanunvericilik ilə ziddiyyət təşkil edib.

Cavad Cavadov
Cavad Cavadov

Vəkil: "Konvensiyanın 10-cu maddəsinin tanınması bəs edir ki..."

Vəkil Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, AİHM bu işdə ifadə azadlığının pozulmasını tanıyıb: "Amma AİHM Konvensiyanın 18-ci (Hüquqlar ilə bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) və 6-cı (Ədalətli məhkəmə hüququ) maddələrinin pozulmasını tanımayıb. Bununla belə, hətta Konvensiyanın 10-cu (İfadə azadlığı) maddəsinin tanınması bəs edir ki, pozuntunun aradan qaldırılması və saytlar üzərindən blokların götürülməsi təmin edilsin".

Vəkil qeyd edib ki, məhkəmə 18-ci maddənin pozuntusunu tanısaydı, daha tutarlı olardı: "Buna baxmayaraq, qərar qüvvəyə mindikdən sonra onun icrasına nəzarəti Avropa Şurasının Nazirlər Komitəsi həyata keçirəcək və həmin işlərə yenidən baxılması tələb olunacaq".

"Bu qərarın bir ümid olacağını düşünürəm"

az24saat.org saytının rəhbəri Vüqar Qurdqanlı da AzadlıqRadiosuna deyib ki, bu qərarı çox yüksək dəyərləndirirlər: "Bu qərarın Azərbaycanda söz və ifadə azadlığına, mediaya olan amansız repressiyalara qarşı bir ümid olacağını düşünürəm".

Redaktor hesab edir ki, 5-6 min avroluq təzminatlar ciddi nailiyyətlər əldə etmək üçün uyğun deyil: "Amma bütün hallarda Avropanın Azərbaycanda mətbuata qarşı olan kütləvi repressiyaya münasibətinin bariz nümunəsidir. Buna görə də bu qərarı müsbət qiymətləndirirəm".

Məlahət Zeynallı
Məlahət Zeynallı

"Gözümüzün qabağında əvvəlcə xural.com saytını..."

"Xural" Media Qrupunun həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı, baş redaktorun müavini Məlahət Zeynallı da AzadlıqRadiosuna açıqlamasında AİHM-nin qərarını ədalətli hesab etdiyini deyib: "Əgər Azərbaycan hakimiyyəti fikirləşirsə ki, bütün qanun pozuntuları, saxta ittihamlarla həbs olunmuş siyasi məhbuslarla bağlı heç kəs öz etirazını bildirməyəcək, bu, səhv yanaşmadır".

M.Zeynallının qeyd etməsinə görə, AİHM qanunsuzluqla bağlı hər hansı qərar çıxaranda dərhal hökumətin sözçüləri öz etirazlarını bildirirlər: "Halbuki ondansa qanunu pozan məmurların cəzalandırılması siyasətini aparsaydılar, bu gün Avropa Məhkəməsi Azərbaycanla bağlı heç bir qərar çıxarmazdı. Gözümüzün qabağında əvvəlcə xural.com saytını blokladılar, sonra Youtube kanalımıza müdaxilə etdilər, heç bir şey alınmayandan sonra qərar verdilər ki, Əvəz Zeynallı saxta ittihamlarla həbs olunsun".

Ə.Zeynallı 2022-ci il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham "Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınması ilə bağlı idi. Sonradan yeni ittihamlar da irəli sürülüb. Məhkəmə qərarı ilə jurnalist 9 il azadlıqdan məhrum edilib. Ə.Zeynallı özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"AİHM hüququ bəzi hallarda açıq şəkildə manipulyasiya edir"

AİHM qərarına, hələlik, Məhkəmə-Hüquq Şurasından münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, AİHM hüququ bəzi hallarda açıq şəkildə manipulyasiya edir: "Bunu elə edir ki, qərar hüquqi qərardan daha çox siyasi qərar təsiri bağışlayır".

Deputatın fikrincə, əvvəlcə araşdırmanın düzgün aparılması vacibdir ki, belə qərarlar nə üçün alınıb: "Bütün dünyada bu gün informasiya müharibəsinin aparıldığı ilə bağlı ümumi qənaət var və bu informasiya müharibəsi bəzən milli maraqlara qarşı həyata keçirilir. Yaxud da bu informasiya müharibəsi ayrı-ayrı insanların mövqeyinin, ictimai nüfuzunun gözdən salınmasına xidmət edir".

H.Babaoğlu düşünür ki, təkcə Azərbaycanda yox, qlobal ictimai rəydə AİHM qərarları obyektivlikdən uzaq hesab olunur: "AİHM Azərbaycana münasibətdə qlobal imperializmin Azərbaycana olan siyasi münasibətinin hüquqi qanadı kimi çıxış edir".

Rüfət Səfərov
Rüfət Səfərov

"Qərara alınmalı idi ki..."

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun isə AzadlıqRadiosuna deməsinə görə, azad medianın marağında olmayan hökumət bir neçə ildir ki, sözügedən xəbər saytlarını bloklayıb: "Əlbəttə, bu, söz və fikir azadlıqlarının kobud şəkildə məhdudlaşdırılmasıdır. Ölkədaxili məhkəmə instansiyaları şikayətləri hərtərəfli, tam və obyektiv araşdırmamışdı, qanunazidd, siyasi hakimiyyətin maraqlarına xidmət edən qərarlar çıxarmışdı. Lakin AİHM ifadə azadlığının pozulması barədə qərar verib".

Ekspertin fikrincə, bundan başqa, qərara alınmalı idi ki, Konvensiyanın 6-cı maddəsi də pozulub: "Çünki ölkədaxili instansiyalarda ədalətli məhkəmə hüququnun pozulduğu faktdır. Eyni zamanda, qərara alınmalı idi ki, Konvensiyanın 18-ci (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddəsi pozulub".

R.Səfərov Azərbaycanın AİHM qərarını icra etməli olduğunu vurğulayır: "Qoşulduğumuz Konvensiyanın 46.1-ci maddəsinə əsasən, "razılığa gələn Yüksək Tərəflər məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər". Lakin təcrübə onu ortaya qoyur ki, Azərbaycan bir çox hallarda Avropa Məhkəməsinin qərarlarını icra etməyib ki, bunun da siyasi motivləri olub".

O, indiki halda da sırf siyasi səbəblərdən bloklanmış saytların fəaliyyətinə yaşıl işıq yandırılmasını gözləmədiyini deyib: "Belə olacaqsa, bu, tamamilə hüquqazidd xarakter daşıyacaq. Nəzərə alaq ki, rəsmi Bakı hazırkı mərhələdə Avropadan, onun mötəbər siyasi və hüquqi mexanizmlərindən üz döndərib. Üstəlik, son ayların təcrübəsi göstərir ki, çıxarılmış qərarlar üzrə kompensasiyaların ödənilməsi də dayandırılıb".

XS
SM
MD
LG