Ötən il Azərbaycanda 60 milyard manatlıq (37 milyard 588,7 milyon dollar) Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Bu, 3,8 faiz azalma deməkdir. Amma dollar ifadəsiylə əlavə dəyər istehsalı daha kəskin - 29,1 faiz azalıb.
AzadlıqRadiosu-na bu məlumatı Dövlət Statistika Komitəsi (DSK) verib.
15 milyard dollar geriləmə
Rəsmi məlumata görə, ölkənin ötənilki ÜDM həcmi (37 milyard 588,7 milyon ABŞ dolları) 2015-ci ildəkindən 15 milyard 381 milyon dollar azdır.
Buna da bax: 'Təhlükəsizlik yastığı' olmadan yola davam...
ÜDM artımı neftin qiymətindən qaynaqlanırdı
Azərbaycanda ÜDM istehsalının azalması ilə dəfə 2009-cü ildə - ümumdünya maliyyə və iqtisadi böhranı fonunda neft ucuzlaşanda və işgüzar fəallıq geriləyəndə qeydə alınmışdı. Həmin il ÜDM 48,8 milyarddan 44,3 milyard dollara düşmüşdü. Növbəti illərdə artım bərpa olundu və 2014-cü ildə neftin bahalaşması və manatın möhkəmlənməsi sayəsində ən yüksək həddə - 75 milyard 237 milyon dollara yüksəldi.
Bir ildə 30 faiz azalma
Adambaşına ÜDM istehsalı 2007-ci il səviyyəsinə düşüb. Ötən il adambaşına ÜDM 3 min 899,90 dollar, 9 il əvvəlsə 3 min 841,70 dollar olub. Son bir ildə adambaşına ÜDM 30 faiz əskilib. Hətta bu geriləmə fonunda belə, hökumət əhalinin yoxsuluq səviyyəsinin əvvəlki kimi 5 faiz həndəvərində olduğunu bəyan edir.
Buna da bax: Ekspert: 'Bilmirik ki, böhranın dibinə çatmışıq, yoxsa...'
Hədəf 13 min dollar idi, fakt 3 min 900-dür
Azərbaycan prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş «Azərbaycan 2020: Gələcəyə baxış» inkişaf konsepsiyasında 2020-ci ildə ÜDM- istehsalının iki dəfə artıraraq inkişaf etmiş ölkələr səviyyəsinə - adambaşına 13 min dollara çatdırmaq hədəf götürülmüşdü. Hələlik, bunun əksi baş verir: 2012-ci ildən bəri adambaşına ÜDM istehsalı iki dəfə azalıb.
Azərbaycanın qonşuları və «qonşuları»: Gürcüstan, Ermənistan, Tunis və Paraqvay Beynəlxalq hesabatlara görə, hazırda Azərbaycan adambaşına ÜDM-ə görə Tunis, Paraqvay, Monqolustan, İndoneziya, Şri Lanka, Gürcüstan və Ermənistanla bir cərgədə durur. Bu ölkələrdə adambaşına ÜDM istehsalı 3 min 600-3 min 900 dollar civarındadır.
Buna da bax: İlham Əliyev 'iqtisadi sabitlik' deyərkən, nəyi nəzərdə tutur?
Bu il hamı artım olacağını deyir
Azərbaycan hökuməti bu il ÜDM-in real artımının 1 faiz olacağını proqnozlaşdırır. Beynəlxalq maliyyə qurumları və kredit agentlikləri daha nikbindirlər və 1,4 faizədək artımın olacağını güman edirlər.
Ötən ilin dekabrında təsdiqlənmiş Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək olan dövrdə hökumət ÜDM-in orta illik real artım tempinin 3 faizi aşacağını hədəf götürüb.