Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:42

'Avromed' şirkətinə 'çirkli pul fondu'ndan 130 milyon dollar köçürülüb


Aptek, Azərbaycan, 21 noyabr 2008
Aptek, Azərbaycan, 21 noyabr 2008

Azərbaycanın dərmanı nəhəngi Avromed 10 ildə gəlirlərini 60 dəfə - 3.6 milyondan 212 milyona qədər artırıb. OCCRP-nin- - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin "Azərbaycanın pulyuyan maşını" adlı araşdırmasının Avromedlə bağlı bölməsində belə deyilir. Bu araşdırmada qeyd olunur ki, «Avromed» şirkətinə «çirkli pul fondundan» 130 milyon dollar köçürülüb.

Buna da bax: 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

AvroMed-in rəhbər müavini Şəhla Mahmudova jurnalistlərə deyib ki, şirkət “heç vaxt özünün kommersiya fəaliyyətindən kənarda heç bir ödənişlər etməyib və heç bir vəsait almayıb. Elə 2015-ci iləcən Avromedin təsisçisi olan millət vəkili Cavanşir Feyziyev də bildirib ki, pulların köçürülməsində heç bir qanunsuzluq olmayıb:

"130 milyon dollar nədir ki, «Avromed»in dövriyyəsi ondan qat-qat çoxdur, 130 milyon yox, bəlkə də 530 milyon dollar da köçürülə bilər. Amma heç bir köçürmə onun üçün əsas verən sənəd təqdim edilmədən baş tuta bilməz, xüsusilə də Avropada. Əgər Avropada «Avromed»in hesabına bir bankdan pul köçürülübsə, mütləq bunun təyinatı, müqavilənin surəti və invoysu göstərilməlidir. Araşdırmaçılar bunu tapıblarsa, kağızı çevirib arxasına baxsınlar ki, bu pul nə üçün köçürülüb? O zaman görəcəklər ki, bu ya dərman alınması və ya satılması üçündür, yaxud da tibbi avadanlıqlar üçün. «Avromed»də tibbə aid mal və məhsullara dair ödənişlərdən başqa heç bir ödəniş olmayıb".

Buna da bax: AvroMed şirkətinin “pulyuyan maşından” milyonlarla dollar aldığı güman edilir

Araşdırma müəllifləri əldə etdikləri sənədlərə əsasən yazırlar ki, Avromed-ə pulları Azərbaycanın hakim ailəsinə bağlı iki Britaniya balıqqulağı şirkəti ödəyib. OCCRP yazır ki, pul göndərən bu iki şirkət Azərbaycan “pulyuyan maşınının” özəyini təşkil edir.

Araşdırma müəllifləri Avromedin təkcə 2016-2017-ci illərdə 115 milyon manatlıq tender udugunu hesablayıblar. Ümumilikdə isə Satınalmalar Üzrə Dövlət Agentliyinin məlumatına görə, 2010 və 2017-ci illər arasında AvroMed digər dərman firmaları ilə birgə azı 300 milyon manat dəyərində hökumət tenderlərinin qalibi olub.

Natiq Cəfərli
Natiq Cəfərli

Avromed rəsmilərinin məlumatına görə, şirkət Azərbaycanın dərman bazarının 25 faizinə nəzarət edir. Real - Respublikaçı Alternativ hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli də qeyd edir ki, ölkədə dərman bazarı inhisardadır, əsas inhisarçı da Avromed-dir. Ona görə də Azərbaycanda dərman qonşu ölkələrlə müqayisədə baha və keyfiyyətsizdir:

"Dövlət və hökumət orqanlarından dəstək olmasa bu şirkət bazarda heqamon mövqedə ola bilməzdi. Ümumiyyətlə, bu araşdırmalar çox ciddi faktlar ortaya çıxarıb. Nomral ölkələrdə bu cür məlumatlardan sonra hüquq-mühafizə orqanları istintaqa başlayıb, bu korrupsiya sxeminin araşdırardı".

Buna da bax: 'Pulyuyan maşın'dan Merkel-in müttəfiqinin adı çıxdı​

Ekspert Natiq Cəfərli kimi Bakıda söhbətləşdiyimiz əsksər sakinlər dərmanların bahalığından, keyfiyyətsizliyindən şiakyət edirlər:

İqtisadçı ekspert Natiq Cəfərlinin qənatincə, Azərbaycanda dərman firmaları müxtəlif adlar altında fəaliyyət göstərsə də bir çətir altında birləşir.

Cavanşir Feyziyev- 2015
Cavanşir Feyziyev- 2015

Elə son araşdırma da göstərir ki, Avromedin təsisçilərindən biri olmuş Cavanşir Feyziyev 2008-ci ildə başqa bir əczaçılıq şirkətinin - Dokta MMC-nin də əsasını qoyub. OCCRP-nin əldə etdiyi sənədlərə görə bu şirkətdə onun tərəfdaşları Azərbaycanın hakim elitasının mühüm üzvləridir: Hakim ailəyə yaxın olan Cavad Marandi və ölkənin birinci xanımı Mehriban Əliyevanın əmisi oğlu Mircəlal Paşayev.

Doktanın Bakıda dərman, kosmetika malları, körpə qidası və tibb avadanlığı satan apteklər şəbəkəsi var.

Buna da bax: Azərbaycanın pulyuyan maşını: Sagerə 2,6 milyon köçürülüb

Dokta yaradıldığı il - 2008-ci ildə vergilər nazirliyi bir pəncərə sisteminə keçmişdi deyə, şirkətlərin təsisçiləri haqda məlumatlar o vaxt ictimaiyyətə açıq idi. Ona görə də Avromed-dən fərqli olaraq, jurnalistlər köhnə vergilər nazirliyinin məlumat bazasında Dokta-nın təsisçiləri haqda məlumatları tapa biliblər. Lakin 2012-ci ildən sonra şirkətlərin təsisçiləri haqda məlumatlar kommersiya sirri hesab olunub, deyə Avromeddə Cavanşir Feyziyevdən başqa digər təsisçiləri öyrənmək mümkün olmayıb.

Arışdırmada diqqətçəkən başqa bir məqamsa odur ki, Cavad Marandi - 2014-cü ildə Londonda Mircəlal Paşayevə 6 milyon dollarlıq mənzil hədiyyə edib.

Korrupsiya
Korrupsiya

OCCRP-nin "Azərbaycanın Pulyuyan" maşını adlı layihəsinin Avromeddən bəhs edən hissəsinə Bakıda rəsmilər hər hansı şərh verməyib. Amma bundan öncə layihə çərçivəsində dərc oluna digər araşdırmalara, özəlliklə də ölkədən 3 milyard dollara yaxın pulun qanunsuz yollarla çıxarılıb, Avropada bəzi siyasi fiqurlara rüşvət verilməsi ilə bağlı ittihamlara rəsmi münasibət bildirilib. Prezident İlham Əliyevin köməkçiləri Əli Həsənov və Novruz Məmmədov bir neçə dəfə bəyanat verərək bu araşdırmaları əsassız iddialar, Azərbaycan hakimiyyətinə qarşı qarayaxma adlandırıblar. Avromed-lə bağlı araşdırmada daha nələr yazılır.

XS
SM
MD
LG