Ermənistan Azərbaycanla sülhün yaradılması üçün danışıqları yenidən aparmağa hazır olduğunu bildirib. Bundan bir gün öncə – noyabrın 21-də Bakı Yerevana "qarşılıqlı məqbul" məkanda birbaşa danışıqlar təklif etmişdi, Azərbaycan-Ermənistan sərhədi də qeyd olunurdu.
Ermənistan XİN noyabrın 22-də yaydığı bəyanatda vurğulayıb ki, Yerevan danışıqlara yenidən başlamağa hazırdır. Nazirlik hesab edir ki, bunun üçün əsas prinsiplər bir-birinin ərazi bütövlüyünün heç bir qeyri-müəyyənlik olmadan, qarşılıqlı tanınması, sərhədlərin 1991-ci il Almatı bəyannaməsi və son sovet xəritələri əsasında gələcək demarkasiyasıdır.
Habelə vurğulanır ki, bura dövlətlərin suverenliyi, yurisdiksiyası və bərabərliyinə tam hörmət prinsipləri əsasında regionda infrastrukturun açılması daxildir: "Bütün çətinliklərə və çağırışlara baxmayaraq, rəsmi Yerevan iki ölkə arasında sülhün bərqərar olması üçün real fürsət görür ki, bu, hər iki tərəfin siyasi iradəsi olduğu halda reallaşa bilər. Erməni tərəfinin belə bir iradəsi var".
Bu bəyanatdan öncə Azərbaycan Ermənistanı sentyabrda Yerevana təqdim olunmuş sülh sazişi təklifinə cavabı ləngitməkdə ittiham edib. Ermənistan XİN bu yubanmanı Bakının 19-20 sentyabrda Qarabağda keçirdiyi əməliyyatla izah edib.
XİN: 'Azərbaycan Ermənistanla ikitərəfli birbaşa danışıqlara hazırdır'
Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
"Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir", - məlumatda bildirilir.
Vurğulanır ki, qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.
Ermənistandan deyilənlər...
Bundan əvvəl Ermənistan Azərbaycanla sülh müqaviləsinə dair altıncı təklifini Bakıya göndərib.
"Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir", - Ermənistan XİN-dən bildirilib.
Noyabrın 18-də özünün X sosial media platformasında Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanması üçün diplomatik səylərin artırılmasına çağırmışdı.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.
Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.