Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:44

Azərbaycan-Ermənistan sərhədindəki toqquşmanın arxasında nə ola bilər?


Zərdüşt Əlizadədən ehtimal: “Azərbaycan aprel döyüşlərindən daha geniş əməliyyat keçirə, bir neçə rayon azad edə bilər”

Tofiq Zülfüqarov: “Ermənistan hərbi əməliyyatları bərpa etməklə Rusiya ilə münasibətlərini sınaqdan keçirmək istəyir”

Azərbaycanda siyasi şərhçilər və diplomatlar iyulun 12-də Ermənistanla sərhəddə baş verənlərin, atəşkəsin pozulmasının gözlənilən olduğunu hesab edirlər. Onların qənaətincə, Ermənistanın indiki hakimiyyəti Kremllə münasibətlərinə yenidən baxmağa çalışır, buna görə də “təxribata əl atılır”.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, Ermənistanın indiki hakimiyyəti hərbi əməliyyatları bərpa etməklə Rusiya ilə gərgin olan münasibətləri sınaqdan keçirmək istəyir.

“Rusiya onlara kömək edəcəkmi? Bunu öyrənmək istəyirlər. Bu baş verməsə, Moskva hərbi yardıma gəlməsə, Paşinyan qruplaşması Rusiya ilə əlaqələri pozub Qərbə istiqamətlənəcək, Qərbyönümlü siyasət aparacaqlarını bəyan edəcək. Təxminən istəkləri budur. Ancaq hərbi əməliyyatların nə şəkildə olacağını, hansı səviyyəyə çatacağını hələlik demək çətindir”, - keçmiş nazir bildirir. Onun iddiasına görə, hətta Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyəti itirməmək üçün hərbi əməliyyatların bərpasında və genişlənməsində belə maraqlıdır.

Siyasi şərhçi Zərdüşt Əlizadə də Ermənistan rəhbərliyinin tədricən Moskvanın nəzarətindən çıxmağa çalışdığını deyir.

“Tədricən cızıqlarından çıxırlar, ağanın əmrlərini yerinə yetirmirlər. Ağa deyir ki, korrupsionerləri tutma, tururlar, Rusiyanın iqtisadi maraqlarına toxunma, toxunurlar və sə. Nə etmək lazımdır? Yerli agenturanın gücü yoxdur. Əhalinin əksəriyyəti Paşinyanın tərəfindədir. Onda qərar verirlər ki, əsas təsir vasitəsi işə salınmalıdır. Əsas təsir vasitəsi də Azərbaycanla Ermənistan arasında orta miqyaslı hərbi əməliyyat keçirilməsidir. Bu ola bilər Qarabağ bölgəsində, Tovuz-Qazax bölgəsində, Naxçıvanda və s. Hər şey asılıdır Rusiyanın iradəsindən”.

Zərdüşt Əlizadə, 20 avqust 2010
Zərdüşt Əlizadə, 20 avqust 2010

Zərdüşt Əlizadə proseslərin necə nəticələnəcəyini proqnozlaşdırmaqda çətinlik çəkir, bir neçə ehtimaldan danışır. O, Rusiyanın nəzarət mexanizmini işə salmağa çalışdığını, bu məqsədlə genişmiqyaslı əməliyyat keçirilməsinə göz yumacağını istisna etmir.

Siyasi şərhçinin ehtimalına görə, Azərbaycan 2016-cı ildə keçirdiyi aprel döyüşlərindən daha genişmiqyaslı əməliyyat keçirə, hətta bir neçə rayonu azad edə bilər: “və bu zaman “sülhpərvər” Rusiya müharibəni dayandırır. Ermənistan əhalisi isə ərazisinin əldən getməsini görüb Paşinyanı devirir və ola bilər sülhpərvərlərin bölgəyə yeridilməsinə məcbur edir”.

Z.Əlizadə Qərbin, ABŞ-ın başının qarışıq olduğundan prosesə müdaxilə edə bilməyəcəyini də vurğulayır.

T. Zülfüqarov istənilən halda vəziyyətin Azərbaycanın xeyrinə olduğunu düşünür.

Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iyulun 12-də baş verənlərə münasibət bildirərəkən deyib ki, Ermənistan “hərbi avantüra yolu ilə” üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.

İyulun 12-də Azərbaycan Ermənistan sərhədində silahlı toqquşma olub. Azərbaycan müdafiə nazirliyinin yaydığı rəsmi məlumatda Ermənistan silahlı bölmələrinin təxribat törətdiyini və 2 əsgərinin ölməsi, 5-nin yaralanması haqda məlumat yayıb. Müdafiə Nazirliyi eyni zamanda qarşı tərəfin itki verdiyini bəyan etsə də, Ermənistan Müdafiə Nazirliyi itki olmadığını, atəşkəsi Azərbaycan Silahlı Qüvvələrinin pozduğunu iddia edib.

Xatırlatma

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə sürüb və daha sonra münaqişə böyüyərək müharibəyə çevrilib. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunu Ermənistan işğal edib. 1994-cü ildə atəşkəs razılaşması imzalanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Koronavirus pandemiyası ilə bağlı son belə müzakirələr videokonfrans formatında aparılır.

XS
SM
MD
LG