Azərbaycan yenə sərhəddə mövqelərinin vurulduğunu deyir
Azərbaycan Ermənistan ərazisindən yenə mövqelərinin vurulduğunu bildirir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi avqustun 6-da məlumat yayıb.
Məlumatda qeyd edilir ki, avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələri müxtəlif mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub: "Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur".
Açıqlamada habelə qeyd edilir ki, qarşı tərəfə cavab verilib.
Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.
Azərbaycan dörd rayonun atəşə tutulduğunu deyir
Azərbaycan Gədəbəy, Sədərək, Kəlbəcər və Daşkəsən istiqamətində mövqelərinin vurulduğunu açıqlayıb.
Bu barədə bu gün, avqustun 5-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüvvələri müxtəlif mövqelərindən Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka, Qalakənd, Kəlbəcər rayonunun İstisu, Yellicə və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub: "Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".
Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.
Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.
Müdafiə naziri xidməti müşavirə keçirib
Avqustun 2-də Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri cəlb olunub.
"Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib",-məlumatda bildirilir.
Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.
MN: Naxçıvan istiqamətində mövqelər atəşə tutulub
Azərbaycan yenə Naxçıvan istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirib.
Bu barədə bu gün, avqustun 2-si, saat 10 radələrində Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb
Məlumatda yazılıb ki, avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur, cavab atəşi açılıb.
"Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda qeyd edilir.
Bu məlumata Ermənistan Müdafiə Nazirliyinin münasibəti, hələlik, bəlli deyil.