Üç erməni sapyoru yaralanıb
Avqustun 11-də "Minalardan təmizləmə humanitar fondu"nun minatəmizləyənləri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonu ərazisində mühəndis-axtarış işləri zamanı yaralanıblar. "Azatutyun" insidentin kaset bombasının partlaması nəticəsində baş verdiyini yazır.
Xəsarət alanlardan ikisinin vəziyyətinin qənaətbəxş, birinin sabit ağır olduğu bildirilir.
Azərbaycanın Dağlıq Qarabağda dronları işə saldığı deyilir
Bu gün – avqustun 11-də Azərbaycanın Dağlıq Qarabağda hərbi mövqelərə dronlarla hücum etdiyi bildirilir. Məlumatı AzadlıqRadiosunun Ermənistan xidməti ərazidəki separatçıların "müdafiə nazirliyi"nə əsasən yayıb.
Erməni tərəfdən itki olmadığı deyilir.
Məlumata görə, insidentlər əlaqədar Rusiya sülhməramlı kontingentinə müvafiq informasiya və faktlar təqdim olunub.
Azərbaycan Kəlbəcərdə mövqelərinin vurulduğunu deyir
Azərbaycan Kəlbəcər istiqamətində mövqelərinin vurulduğunu deyir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi bu gün, avqustun 11-i, saat 10:30 radələrində məlumat yayıb.
Həmin məlumata görə, avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələri öz mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub: "Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".
Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.