Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:34

Azərbaycanın İsrail-ərəb sammitində rolu nə ola bilər


Elin Süleymanov
Elin Süleymanov

ABŞ-ın rəhbərliyi ilə İsrail-ərəb sammitinin regiona böyük faydası dəyər, dalana dirənmiş sülh prosesini irəli aparar. Bunu Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov «The Jerusalem Post» qəzetinə deyib.

Müəllif Michael Wilner yada salır ki, İsrail rəsmiləri hələ ötən ay qəzetə Trump administrasiyasının belə bir sammitin mümkünlüyünü araşdırdığını söyləyib. Yəni, ilk dəfə olaraq İsrail, Səudiyyə Ərəbistanı və qonşu ölkələrin sünni liderlərini bir araya gətirmək istəyirlər.

Rəsmilərin sözlərinə görə, Misir və İordaniya belə bir təşəbbüslə çıxış edir, İsrail isə qeyri-rəsmi şəkildə yaşayış məntəqələri planını dondurub.

OBAMA-DAN SONRA YENİ NƏFƏS

Səfir E.Süleymanov Vaşinqtonda Amerika İsrail İctimai İşlər Komitəsinin illik konfransından sonra qəzetə qısa müsahibəsində Bakının Yaxın Şərq sülh prosesində müəyyən rol oynadığını etiraf edib.

«Müsəlman dünyasıyla isti diplomatik münasibətlər saxlayan və İsrailin müttəfiqi olan Azərbaycan hökuməti isə, əlində böyük təzyiq vasitəsi olmasa da, özünü bu işə qatqı verə biləcək tərəf sayır», – müəllif yazır.

E.Süleymanov Azərbaycan səfirliyində keçirilən müzakirədə deyib ki, ABŞ-ın belə bir regional sammit keçirməsi «əla fikir»dir. «İsraillə Körfəz ölkələrinin münasibətləri inkişaf etməkdədir. Trump administrasiyası daha regional yanaşma istəyir və məncə, belə də olmalıdır», – səfir deyib.

İsrailin baş naziri Benjamin Netanyahu və ABŞ prezidenti Donald Trump
İsrailin baş naziri Benjamin Netanyahu və ABŞ prezidenti Donald Trump

Müəllif diqqəti E.Süleymanovun prezident Donald Trump barədə pozitiv danışmasına, onu əvvəlki administrasiyadan sonra yeni nəfəs kimi xarakterizə etməsinə çəkir. Səfirin sözlərinə görə, Trump sələfi B.Obama-dan daha praktik fiqurdur və sülh prosesinə daha dostyana mühit yarada bilər.

BAXIŞLARINI REALLIQDAN ÜSTÜN TUTANDA...

«Əvvəlki administrasiya bir az ideoloji idi. Son səkkiz il münasibətlərimizdə ən asan dönəm sayıla bilməz», – deyən Süleymanov ABŞ-Azərbaycan münasibətlərini «strateji» adlandırıb, terrorçuluqla mübarizə, enerji məsələləri, Əfqanıstan və İran problemlərinə kökləndiyini vurğulayıb. «Baxışlarını reallıqdan üstün tutanda, reallığa çevrilmə imkanından asılı olmayaraq, nəyinsə baş verməli olmasına inanmağa üstünlük verəndə, qəribə şeylər baş verir», – səfir deyib.

«Reallıq budur ki, bu keçmir. Öz baxışlarını digərlərindən üstün tutanda, heç vaxt alınmır», – E.Süleymanov bildirib.

Bakı Hanukka bayramını Vaşinqtondakı yeni «Trump International Hotel»də keçirmək istəyəndə, bunu yeni administrasiyaya yaltaqlanmaq cəhdi kimi yozanlar oldu. Amma səfirin fikrincə, yanlış olaraq belə bir təəssürat yaradılıb və məclisin əsas niyyəti pərdələnib. Belə ki, tədbirə İsrail və Fələstin Muxtariyyətinin təmsilçiləri qatılıb və kameralardan kənarda səmimi görünüblər.

«Hər iki tərəfə təzyiqimiz məhduddur, amma kömək etməkdən ötrü burdayıq. Bunu görməkdən məmnunuq. Sülh nə qədər tez gəlsə, yaxşıdır», – səfir söyləyib.

İlham Əliyev İsrailin baş naziri Benjamin Netanyahu-nu qəbul edir.
İlham Əliyev İsrailin baş naziri Benjamin Netanyahu-nu qəbul edir.

İRANI AŞAN ƏMƏKDAŞLIQ

Müəllif yada salır ki, Azərbaycanın İsraillə güclü əlaqələr saxlaması İran nüvə böhranının qızğın illərində də medianın diqqətindən kənar qalmayıb. O vaxt sızan məlumatlara görə, İsrail nüvə proqramı çərçivəsindəki hədəflərini vurandan sonra təyyarələri geri qaytarmamağı, Bakının bu işdə köməyini götür-qoy edirmiş.

Ancaq E.Süleymanov qarşılıqlı münasibətlərin İran məsələsinin hüdudlarını aşdığını bildirib: «İsraillə münasibətlərimizin əsasında praktiklik durur – bu əlaqələr taktiki, praqmatikdir və reallığa söykənir. Həyatda qalmağın reallığı necə dərk etməyindən asılıdır».

Azərbaycan-İsrail münasibətləri uzun müddət müdafiəyə fokuslansa da, tərəflər son illər bir-birinə bacarıqlarını öyrədirlər. İsrail Azərbaycana texnoloji imkanlar sahəsində, Azərbaycan isə İsrailə neft-qaz sənayesini inkişaf etdirmək yönündə təlimlər keçir. Səfir təhsil təşəbbüsləri üzərində də işlədiklərini söyləyir.

XS
SM
MD
LG