MSK-nın açıqlamasına görə, ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6 min 319 daimi və 218 müvəqqəti olmaqla 6 min 537 seçki məntəqəsi formalaşdırılıb. Həmin məntəqələrdən 26-sı da işğaldan azad edilən ərazilərin payına düşür. MSK sədri qeyd edib ki, azad olunmuş ərazilərdə 23 minə yaxın seçici səs verə biləcək.
Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, prezident seçkilərini izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Onlardan 800 nəfərə yaxını beynəlxalq müşahidəçilərdir.
İlkin nəticələrinin 21:00-da açıqlanması gözlənilir
Bu gözləntini fevralın 7-də səsvermə başladıqdan sonra keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dilə gətirib. Onun sözlərinə görə, seçki məntəqələrinin 50-60 faizindən nəticələr MSK-nın monitorunda öz əksini tapdıqdan sonra ilkin mənzərə artıq aydınlaşacaq.
Onun deməsinə görə, bu vaxta qədərki təcrübəyə əsasən bunun axşam saat 9-da mümkün olacağı gözlənilir.