Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:57

Azərbaycanda turizm ötən il də özünə gələ bilməyib


Bakıda turistlər (Arxiv fotosu)
Bakıda turistlər (Arxiv fotosu)

Dövlət Statistika Komitəsi (DSK) ötən il Azərbaycana səfər edən turistlərlə bağlı göstəriciləri açıqlayıb. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Azərbaycana 187 fərqli ölkədən 2 milyon 86 min nəfər əcnəbi şəxs gəlib.

Daha bir il öncə - 2022-ci ildə Azərbaycana səfər edənlərin sayı 1 milyon 602 min nəfər idi. Deməli, ötən il Azərbaycana gələnlərin sayı bir il öncə ilə müqayisədə 484 min nəfər və ya 30 faiz artıb.

Belə artım da olsa, ölkəyə gələn turist sayı hələ də pandemiyadan öncəki səviyyəyə çatmayıb. Məsələn, 2019-cu ildə Azərbaycana səfər edən turistlərin sayı 3 milyon nəfəri aşırdı. Bu baxımdan, ötən il Azərbaycana sgələnlərin sayı pandemiyadan öncəki illə müqayisədə 34 faiz az olub.

Unutmaq olmaz ki, koronavirus pandemiyası başlayandan - 2020-ci ildən bəri artıq dörd ildir ki, Azərbaycanın quru sərhədləri bağlı qalır. Rəsmi qərarda bu tibbi səbəblərlə izah edilsə də, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanı bitmiş sayır.

Sərhədlərin bağlı qalması bir çox insanda narazılıq doğursa da, hökumət indiyədək cəmiyyətə bunun səbəblərinə dair məntiqli açıqlama verməyib. Quru sərhədlərinin bağlı qalması ölkəyə gələn turistlər arasında hava nəqliyyatından yararlananların payını artırıb. Ötən il Azərbaycana gələnlərin 71.4 faizi hava nəqliyyatı ilə ölkəyə gəlib. Pandmeiyadan öncə bu göstərici 40.5 faiz idi.

Cədvəl 1: Son beş ildə Azərbaycana səfər edən əcnəbi sayı:

İl

Turist sayı (nəfər)

2023

2 milyon 86 min

2022

1 milyon 602 min

2021

792 min

2020

796 min

2019

3 milyon 170 min

Ən çox hansı ölkələrdən turist gəlib?

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycana ən çox Rusiya vətəndaşları səfər ediblər. Gələnlərin 30 faizi - təxminən 625 min nəfər Rusiya vətəndaşı olub. Üstəlik, unutmaq olmaz ki, Rusiyada çox sayda etnik azərbaycanlı var və həmin şəxslərin Azərbaycana səfəri heç də həmişə turizm deyil, daha çox yaxınlarına baş çəkmək məqsədi daşıyır.

Bu baxımdan, sırf ölkəni görmək və digər turizm məqsədi ilə Azərbaycana gələnlərin gerçək sayı daha azdır. Rusiya vətəndaşları, ənənəvi olaraq, Azərbaycana səfər edənlər arasında birinci yeri tutur. 2022-ci ildə Azərbaycana 447 min rusiyalı gəlmişdi.

Azərbaycana Rusiyadan sonra ən çox Türkiyə vətəndaşları səfər ediblər. Ötən il ölkəyə gələn əcnəbilərin 18 faizi Türkiyə vətəndaşı olub. Onlardan sonrakı yerləri İran (7.9 faiz) və Hindistan (5.6 faiz) vətəndaşları tutublar. İlk beşlikdəki sonuncu ölkə Gürcüstandır (5 faiz).

Pandemiyadan öncəki illərdə Azərbaycana ən çox səfər edən ölkə vətəndaşları arasında Gürcüstandan gələnlər Rusiyadan sonra ikinci yeri tuturdu. Bu ölkədə də çox sayda etnik azərbaycanlı yaşayır.

Quru sərhədlərinin bağlı qalması Gürcüstandan Azərbaycana səfər edənlərin sayını kəskin azaldıb. Əgər 2019-cu ildə Gürcüstan vətəndaşları Azərbaycana 725 min səfər etmişdisə, ötən il bu rəqəm 100 minə də çatmayıb.

Cədvəl 2: 2023-cü ildə Azərbaycana səfər edən turistlərin ölkələr üzrə bölgüsü (Top-10)

Ölkə

Səfər edən turistlər arasında pay

Rusiya

30.0%

Türkiyə

18.1%

İran

7.9%

Hindistan

5.6%

Gürcüstan

5.0%

Səudiyyə Ərəbistanı

3.9%

Qazaxıstan

2.8%

Pakistan

2.6%

Birləşmiş Ərəb Əmirlikləri

2.2%

Özbəkistan

1.9%

Azərbaycana gələnləri bölgələr üzrə gözdən keçirəndə bəlli olur ki, onların 40 faizi MDB ölkələrinin, 17 faizi körfəz ölkələrinin, cəmi beş faizi də Avropa Birliyi ölkələrinin payına düşüb. 2022-ci illə müqayisədə Azərbaycana səfər edənlərin sayında ən çox artımın qeydə alındığı ölkələr Çin (6.5 dəfə), Cənubi Koreya (3.3 dəfə) və Türkmənistandır (2.3 dəfə).

Bəs xaricə səfər edən azərbaycanlılar?

Ötən il xaricə gedən Azərbaycan vətəndaşlarının sayı da 2022-ci illə müqayisədə artıb və 1 milyon 869 min nəfərə yüksəlib. Bu, 2022-ci illə müqayisədə 26 faiz artım deməkdir.

Quru sərhədlərin açıq olduğu dövrdə bu rəqəm 5 milyonu ötürdü. Pandemiyadan öncə xarici ölkələrə səfərə çıxan Azərbaycan vətəndaşlarının 16.7 faizi hava nəqliyyatından istifadə etdiyi halda, indi bu göstərici 67.5 faizə yüksəlib.

Azərbaycan vətəndaşları ən çox Türkiyəyə səfərə çıxır. Ötən il xarici ölkələrə səfərlərin 43.6 faizi – az qala, yarısı Türkiyəyə olub. Xaricə səfərlərdə Rusiyanın payı 21.5 faiz, Gürcüstanın payı 9 faiz, İranın payı 7.6 faizdir. Başqa deyimlə, azərbaycanlıların ən çox səfər etdiyi ilk dörd ölkə qonşu ölkələrdir. Səfərlərin 83 faizi məhz onların payına düşür.

XS
SM
MD
LG