►Türkiyə qeyri-sabit şəraitli ölkələr üçün kapital axını ünvanına çevrilib.
Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) bu ölkədə yaradılan xarici sərmayəli şirkətlərin statistikasına dair açıqladığı ən son məlumata görə, yola saldığımız 2015-ci ilin 11 ayında Azərbaycan vətəndaşları və şirkətləri Türkiyənin müxtəlif bölgələrində 158 şirkət qurulmasında iştirak ediblər.
Azərbaycan kapitalı ilə Türkiyədə qurulan şirkətlərin sayı sabit templə artmaqdadır. 2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın iş adamları burada 153 şirkət yaradıblar.
Yeni açılan şirkətlərə qoyulan sərmayələrin həcminə gəlincə, ötən ilin 11 ayında Azərbaycan biznesmenlərinin ortaq olduqları şirkətlərə toplam 56 milyon 811 min türk lirəsi yatırılıb ki, bunun da 50,7 milyonu soydaşlarımızın payına düşür. Bir il əvvəlki dövrlə müqayisədə yeni qurulan şirkətlərə Azərbaycan mənşəli sərmayənin həcmi 11,8 mln. lirə və ya 30,3 faiz artıb.
Qeyd edək ki, ötən ilin statistikasına əsasən, Azərbaycan Türkiyədə qurulan səhmdar şirkətlərin sayına görə yalnız Almaniyadan (84) geri qalaraq ikinci olub - 46 şirkət. Məhdud məsuliyyətli şirkət sayına görə isə Rusiyanı (95) qabaqlayaraq 7-ci sırada durub.
Buna da bax: Daş karxanalarına ikinci zərbə…
Maraqlıdır ki, Türkiyə qeyri-sabit siyasi və iqtisadi durumda yaşayan ölkələr üçün kapital axını ünvanına çevrilib. Belə ki, Suriya, İraq, Liviya, Misir və başqa bu kimi münaqişələr ocağına çevrilmiş ölkələrdən Türkiyəyə iş qurmaq üçün üz tutanlar daha çoxdur.
Türkiyənin rəsmi məlumatlarına görə, 2013-2015-ci illərdə Azərbaycan kapitalı ilə bu ölkədə yeni qurulan şirkətlərin sayı 507 olub. Onların kapitalının formalaşmasına isə Azərbaycandan 143 milyon türk lirəsi ekvivalentində valyuta çıxarılıb. Bu, kifayət yüksək göstəricidir.
Türkiyənin İqtisadiyyat Nazirlyinin 2013-cü ildəki açıqlamasına görə, 2012-ci ilin sonuna burada 1 190 Azərbaycan sərmayəli şirkət çalışıb. Başqa sözlə, son 3 il ərzində Azərbaycan şirkətlərinin Türkiyədə fəalllığı təxminən 40 faiz artıb.
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin 2015-ci ilin martında açıqladığı məlumata görə isə, Türkiyədə Azərbaycan sərmayələri əsasında 1500-dən çox şirkət fəaliyyət göstərir. SOCAR da daxil olmaqla onların Türkiyə iqtisadiyyatına investisiyalarının 5 milyard ABŞ dollarından çox olduğu bildirilir.
Türkiyə şirkətlər reyestrinin məlumatlarına görə, 2012-ci ildə bu ölkədə 167, 2013-cü ildə - 178, 2014-cü ildə isə 171 Azərbaycan kapitallı şirkət yaradılıb.
Müflis olan və bağlanan şirkətlərin sayı barədə məlumat verilmir.