Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:01

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda görüşüblər


Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov (sol) və Ararat Mirzoyan, Tbilisi, 16 iyul 2022
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov (sol) və Ararat Mirzoyan, Tbilisi, 16 iyul 2022

Ceyhun Bayramov Karen Donfrid ilə danışdı

Xarici İşlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Bu haqda Xarici İşlər Nazirliyi məlumat yayıb.

C.Bayramovun bölgədə sülh və tərəqqinin təmin edilməsi, kommunikasiyaların açılışı, delimitasiya, gələcək sülh müqaviləsi üzrə işə başlanılması haqda Azərbaycanın mövqeyini və atılan addımları qarşı tərəfin diqqətinə çatdırdığı qeyd edilir. Həmçinin tərəflərin öhdəliklərinin tam icrasının vacibliyi də vurğulanıb.

Nazirlikdən bildirilir ki, K.Donfrid Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidə baş tutan ilk birbaşa görüşünü yüksək qiymətləndirib və birbaşa təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

İyulun 16-da Gürcüstanda Azərbaycan və Ermənistan nazirlərinin ilk dəfə vasitəçisiz görüşü keçirilib.

Bundan bir gün öncə hökumətin iclasında çıxış edən prezident İlham Əliyev Ermənistanın 10 noyabr Bəyannaməsinin müddəalarını icra etməməsinə, Qarabağda hələ də erməni silahlı birləşmələrinin qalmasına diqqət çəkib. O, Moskvanın onların Azərbaycan ərazisindən çıxarılmalarına dair vədlərini yerinə yetirməməsinə də toxunub. Prezident xarici işlər nazirlərinin görüşünün nəticələrini gözlədiyini, bundan sonra atılacaq addımların müəyyənləşdiriləcəyini söyləyib.

Mirzoyan Minsk qrupunun rolunu vurğulayıb

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyulun 17-də Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla telefonla danışıb.

Ermənistan XİN telefon söhbətinin ABŞ tərəfinin təşəbbüsülə baş tutduğunu xəbər verir.

Tərəflərin regional təhlükəsizlik və sabitliyi müzakirə etdiyi bildirilir.

Məlumatda deyilir ki, tərəflər regional nəqliyyat infrastrukturunun və iqtisadi əlaqələrin bərpası prosesinə, Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizlik üzrə komissiyanın işinə toxunublar.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 16-da Tbilisidə keçirimiş görüşüylə bağlı fikir mübadiləsi aparılıb. Mirzoyan qeyd edib ki, Ermənistan tərəf Dağlıq qarabağ münaqişəsinin sülh yoluyla tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupunun roluna əhəmiyyət verir.

Azərbaycan rəhbərliyi isə münaqişənin həll olunduğunu, Minsk qrupunun funksiyasının artıq bitdiyini bildirir.

Blinken nazirlərin görüşünü alqışlayır

ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirinin iyulun 16-da Tbilisidə birbaşa görüşünü alqışlayıb.

“Ceyhun Bayramov və Ararat Mirzoyan bu gün Tbilisidə görüşməklə müsbət addım atıblar. Birbaşa dialoq Azərbaycan və Ermənistan arasında ziddiyyətləri həll etməyin ən etibarlı yoludur”, – Blinken tvitində yazıb.

Azərbaycan XİN-in açıqlaması

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin görüşdən sonra yaydığı məlumatda qeyd olunur ki, nazirlər iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

"Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb. Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb", Azərbaycan XİN mətbuat xidmətinin açıqlamasında qeyd olunur.

Məlumatda həmçinin bildirilir ki, nazirlər Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.

***

Ermənistan XİN-in açıqlaması

İki ölkənin xarici işlər nazirlərinin Tbilisidəki görüşü ilə bağlı Ermənistanın xarici işlər nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "görüş zamanı Ararat Mirzoyan və Ceyhun Bayramov Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı geniş spektrli məsələlərə toxunublar. Bununla əlaqədar tərəflər əvvəllər üzərlərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinin gedişatını müzakirə edib və gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar".

Məlumatda həm də vurğulanır ki, nazir Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin regionda sabit və davamlı sülhün əldə edilməsi yolunda mühüm əhəmiyyət kəsb etdiyi barədə erməni tərəfinin mövqeyini bir daha səsləndirib.

Qeyd olunur ki, Mirzoyan bu kontekstdə ATƏT-in Minsk qrupu həmsədrliyinin təcrübəsindən istifadənin vacibliyi bildirib.

Həmçinin qeyd olunur ki, nazirlərin görüşündə erməni hərbi əsirlərin azad edilməsi, itkin düşənlərin taleyinin aydınlaşdırılmasının vacibliyini də qeyd edilib. (Bakı Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşlarını hərbi əsir hesab etmir. Onlar terrorçuluqda, Azərbaycan sərhədini qanunsuz keçmə, təxribat törətmə və qanunsuz silah-sursat saxlama kimi maddələrlə ittiham olunurlar. Onlardan bəzilərinin cəzası azaldılıb, bəziləri də mina xəritələrinin verilməsi ilə bağlı ölkələrinə göndərilib)

Məlumatda vurğulanır ki, tərəflər müzakirələri davam etdirməyə hazır olduqları bildiriblər.

***

İyulun 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Tbilisidə görüşüblər. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Bu, Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ilk ikitərəfli görüş hesab edilir.

Xarici işlər nazirlərinin may ayında Düşənbədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun iştirakı ilə üçtərəfli görüşü olub.

Gürcüstanın xarici işlər naziri: "Mən çox qürur duyuram ki,..."

İki ölkə nazirlərinin Tbilisidə keçirilən görüşünə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili özünün tvitter səhifəsində münasibət bildirib:

“Mən çox qürur duyuram ki, Tbilisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş yerinə çevrilib. Əminəm ki, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək”.

Bir qədər əvvəl isə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazirin Gürcüstana rəsmi səfəri haqqında məlumat yayıb. İyulun 16-da yayılan məlumatda Ceyhun Bayramovun Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdüyü bildirilir.

Həmin məlumatda vurğulanır ki, nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə ev sahibliyinə görə Gürcüstan tərəfinə təşəkkür edib.

Nazirliyin məlumatında deyilir:

"Baş nazir Qaribaşvili sülhün əldə edilməsi səylərini alqışladıqlarını və Gürcüstanın bu prosesi dəstəklədiyini, bu xüsusda ev sahibliyi etdikləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb"

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Ötən il də tərəflər arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlı daha iki bəyanat imzalanmışdı.

Bu il aprelin 6-da isə Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakıyla keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG