Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:43

«Azərbaycan bunun hesabını verməlidir»


«Sport for Rights» («Hüquqlar uğrunda İdman») təşkilatı
«Sport for Rights» («Hüquqlar uğrunda İdman») təşkilatı

«Ümumdünya Media Azadlığı Günündə Azərbaycanda müstəqil media həmişəkindən daha artıq hücuma məruz qalır. «Hüquqlar uğrunda İdman» koalisiyasının üzvləri Azərbaycan hakimiyyətinin müstəqil mediaya və digər tənqidi səslərə amansız hücumunu pisləyir. Koalisiya hakimiyyəti ölkədə ifadə azadlığını yaxşılaşdırmaqdan ötrü dərhal, konkret addımlar atmağa çağırır. UNESCO/Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı Mükafatı laureatı Xədicə İsmayılovanı və həbsdəki digər jurnalistləri, bloqqerləri, digər siyasi məhbusları qeyd-şərtsiz azad etməklə bu işə başlamaq olar».

«XƏDİCƏ BURAXILSIN»

Mayın 3-də yaydığı bəyanatda koalisiya qeyd edir ki, bu yaxınlarda 16 siyasi məhbusun buraxılmasına baxmayaraq, onlarla məhbus siyasi ittihamlarla cəza çəkir. Jurnalistlər Nicat Əliyev, Araz Quliyev, Seymur HəziXədicə İsmayılova, bloqqerlər Əbdül Əbilov, Fərəc Kərimov, Rəşad Ramazanovİlkin Rüstəmzadə, eləcə də ifadə azadlığından yararlanan digərləri, məsələn, ReAL hərəkatının lideri İlqar Məmmədov həbsdədir.

Bəyanatda Xədicə İsmayılovanın Prezident Əliyevin ailəsi və hakim elitanın digər üzvlərilə bağlı korrupsiyanı üzə çıxardığı üçün həbsə atıldığı qeyd olunur.

«Xədicə İsmayılova və digər jurnalistlərin həbsdə saxlanması qəbuledilməzdir, bu yaxınlarda siyasi məhbusların buraxılmasıyla ortaya qoyulan xoş niyyətə zərbə vurur. UNESCO İsmayılovaya Ümumdünya Mətbuat Azadlığı Mükafatını verib, bundan sonra jurnalistin buraxılmasına dair beynəlxalq çağırışlar da güclənməlidir. Azərbaycan hökuməti İsmayılovanı azadlığa buraxmalı, tənqidi səslərə hücumları dayandırmalıdır», Mediaya Beynəlxalq Dəstək qurumunun («International Media Support») icraçı direktoru Jesper Højberg deyib.

DAVAMLI DİQQƏT

Bəyanatda yazıçı Əkrəm Əylislinin bu yaxınlarda ölkədən buraxılmaması, Meydan TV-yə cinayət işinin açılması da pislənilir. Son illər QHT-lərin məhdudiyyətlərlə üzləşdiyi, AzadlıqRadiosu-nun, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun təqiblərlə üzləşdiyi vurğulanır. Koalisiya hakimiyyəti müstəqil medianın təqibinə son qoymağa çağırır.

«Hüquqlar uğrunda İdman», özəlliklə, iyunun 17-dən 19-dək keçiriləcək Formula 1 yarışları ərəfəsində Azərbaycanda insan haqlarına basqılara beynəlxalq diqqəti davamlı saxlamağa çağırır. Azərbaycan hökuməti beynəlxalq insan haqları öhdəliklərini pozmasının hesabını verməlidir», bəyanatda deyilir.

«Hüquqlar uğrunda İdman» koalisiyasına «Article 19», «Jurnalistləri Müdafiə Komitəsi», «Sərhədsiz Reportyorlar» təşkilatı ilə birlikdə 18 beynəlxalq qeyri-hökumət təşkilatı daxildir.

Azərbaycan hakimiyyəti ölkədə mediaya basqılar barədə tənqidləri qəbul etmir, bütün təməl hüquq və azadlıqların təmin olunduğunu, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

XS
SM
MD
LG