Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin aprelində Azərbaycanda problemli kreditlərin, yəni, qaytarıla bilməyən kreditlərin payı 10,2 faiz olub.
ReAl Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, bank sistemi təhlükə ilə üz-üzədir.
Çünki beynəlxalq təcrübəyə görə, problemli kreditlərin həcmi üç faizi keçərsə, bu artıq ciddi siqnal sayılır və sağlamlaşdırmaya start verilir.
Buna da bax: Beynəlxalq Bankın öhdəlikləri dövlətə ötürülüb
Natiq Cəfərli hesab edir ki, Azərbaycanda reallıqda problemli kreditlərin həcmi rəsmi etiraf olunan rəqəmlərdən daha çoxdur.
“Problemli kreditlər artdıqca bankların işləmə qabiliyyəti aşağı düşür. Banklar geri pul yığa bilmirlər. Odur ki, yeni kredit xətləri aça bilmirlər və iqtisadiyyat halsızlaşır”.
Kreditlər niyə qayıtmır?
“Fitch” Beynəlxalq kredit agentliyi bu ilin fevralında bildirib ki, Azərbaycanın ən böyük bankı Beynəlxalq Bankın kredit portfelində problemli kreditlərin payı 21 faizdir.
Buna da bax: 'Dövlət pulları talan edilib, amma bunu biz ödəməliyik'
Bank bildirir ki, verdiyi kreditləri yığmaq mümkün olmur, odur ki, beynəlxalq öhdəliklərini yerinə yetirə bilmir.
Beynəlxalq Bankın 3,3 milyard dollarlıq xarici borcunu dövlət ödəyəcək. Bu haqda mayın 4-də Nəsimi rayon məhkəməsi qərar verib.
Azərbaycanda kreditləri qaytarmaqda vətəndaşların da problemləri var. 2015-ci ilin fevralında və dekabrında manat üst-üstə dollar qarşısında iki dəfəyə qədər dəyər itirdi, devalvasiyalar dollarla kreditləri bahalaşdırdı. Vətəndaşlar borcları qaytarmaqda çətinlik çəkdilər.
Son illər kreditləri qaytara bilməyənlər həm də işini itirənlərdir.
Buna da bax: Problemli kreditlər artmaqdadır
40 yaşlı Saatlı sakini Bəxtiyar Mənsimov da deyir ki, iş yoxdur ki, mərhum qardaşının kreditini qaytarsın. Deyir ki, bu ilin fevralında hərbçi qardaşı Cəlal Mənsimovun hərbi hissədən meyiti gəlib. Ölümün səbəbi naməlum qalıb.
Dediyinə görə, qardaşının götürdüyü 10 min manat kreditin altında qalıb, pulu qaytara bilmir.
“Balalarının yükü onsuz da düşüb mənim üstümə. İndi də bank düşüb üstümə ki, ödəyin. Hüzr vaxtı zəng etdilər ki, ödəyin. Dedim, əl çəkin məndən nə edirsiz, edin. İndi zaminə deyirlər ödə. Nə edim mən?! 14 baş külfətik, iki kişi. Heç birimiz də işləmirik. Mən bilmirəm nə edim”.
Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü, bitərəf deputat Vahid Əhmədov deyir ki, prezidentin sərəncamı var, bu sərəncamın icrası ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məşğul olur:
Buna da bax: Məhkəmələrdə kreditlərə görə 280 min iş var
“Hansı qərarlar veriləcək, deyə bilmərəm. Biz də təkliflər hazırlayıb vermişik. Üzərində iş gedir. Dövlətin nəzarətindədir bu iş”.
Biz Maliyyə Bazarlarına Nəzarət Palatasına son durumu öyrənmək üçün sorğu göndərdik, verilişimiz başlayana qədər cavab ala bilmədik.
Buna da bax: Vəkil: 'Bankın sağlamlaşdırılmasına 12 milyard ayrılıb, o da ortada yoxdur...'
Bakı sakinlərinin də fikirlərini öyrənmişik:
Dünya Bankı Azərbaycan hökumətinə kreditləri silməyi təklif edir. Bankın nümayəndəsi Angela Prigozhina bu ilin fevralında mediaya deyib ki, banklarda qeyri-işlək aktivlər probleminin aradan qaldırılması zəruridir.