Azərbaycanın ən böyük dövlət bankı - Beynəlxalq Bankı hansı tale gözləyir?
Təhlilçilər deyirlər ki, bank can üstündədir.
Beynəlxalq Bank 3,3 milyard dollarlıq xarici borc öhdəliklərini yerinə yetirə bilmir. Bank Nyu York Məhkəməsinə restrukturizasiya üçün müraciət edib və iddiası təmin olunub.
Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov deyir ki, əslində bu məhkəmə işi ilə bank, borcların dövlətin üzərinə keçirilməsinə nail olmaq istəyir.
Buna da bax: Beynəlxalq Bank ABŞ məhkəməsinə üz tutub
Hüquqşünas gözləyir ki, kreditorlar razılıq verəcəklər:
"Amma sadəcə bu, müəyyən vaxt aparır. ABB-nin də öz saytında dərc etdiyi restrukturizasiya planından görünür ki, o artıq aprel və may aylarında borclarını verə bilməyib. Bu səbəbdən kreditorlar məhkəməyə müraciət edə bilərlər. Bank da Nyu York məhkəməsinə müraciət edib ki, restrukturizasiya məsələsinə baxıldığı dövrdə ona qarşı heç kim iddia irəli sürməsin".
Əkrəm Həsənov deyir ki, indiki vəziyyətində Beynəlxalq Bank faktiki müflisdir, sadəcə, Azərbaycan qanunlarına görə, bu barədə məhkəmə qərarı olmalıdır.
Beynəlxalq Bank bildirir ki, xarici öhdəliklərin restrukturizasiyası prosesi Beynəlxalq Bankın Moskva və Gürcüstanda yaratdığı bölmələrə aid olmayacaq.
Buna da bax: Beynəlxalq Bank iflas edərsə, SOCAR-ı nə gözləyir
Bankın xarici borclarının dövlət tərəfindən ödənilməsi barədə qərarı Nəsimi rayon məhkəməsi mayın 4-də verib.
Bəs, dövlət bu pulu haradan tapacaq? İqtisadçı Natiq Cəfərli deyir ki, ötən il Neft Fondundan Beynəlxalq Banka milyard dollarlıq depozit yerləşdirdi. İndi bu vəsaitlər geri dönəcəyi gözlənilmir.
İndi dövlət vəsaitləri yenə xaricə axacaq
"Ödənişlər mütləq olacaq. Müəyyən bir qrafika üzrə bu ödənişlər ya dövlət büdcəsindən, ya da Neft Fondundan ödənəcək".
Buna da bax: 'Dövlət pulları talan edilib, amma bunu biz ödəməliyik'
Biz Bakı sakinlərini də müzakirəyə dəvət etmişik. Soruşmuşuq ki, dövlət pulu nə qədər səmərəli xərclənir?
Bəs necə olub ki, Beynəlxalq Bankın bu qədər borcu yaranıb? Hüquqşünas Əkrəm Həsənov deyir ki, borc qaytarılmayan kreditlər hesabına yaranıb. 2015-ci ildə bu borcların qaytarılması Aqrokredit şirkətinə tapşırılmışdı. Əkrəm Həsənov deyir ki, hansı qurumların krediti qaytarmadığı tam açıqlanmır.
Hazırda Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin Apellyasiya şikayəti üzrə məhkəməsi gedir.
Onu 2015-ci il dekabrında 15 il müddətinə həbs ediblər.
Buna da bax: Beynəlxalq Bankın öhdəlikləri dövlətə ötürülüb
Cahangir Hacıyevi mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığında ittiham edirlər. Əkrəm Həsənov deyir ki, bu kreditlərin qaytarılmamasına görə, başqa vəzifəli şəxslər də məsuliyyətə cəlb olunmalıdır.
Global Risk İnsights portalı yazır ki, Beynəlxalq Bankın durumu hələ başlanğıcdır.
Hazırda hökumət bankın 80%-nə nəzarət edir, bu səbəbdən bankın iflası hökumətin etibarını zərbə altında qoyur. Odur ki, başqa dövlət şirkətləri, məsələn, SOCAR-ın dövlət zəmanəti ilə kredit alması çətinləşəcək.