Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:14

'Azərpoçt' 5 milyon manatdan çox zərər edib


"Azərpoçt"
"Azərpoçt"

Azərbaycanda dövlətə məxsus müəssisələrin fəaliyyətinin şəffaf və hesabatlı olub-olmaması hər zaman dartışılır. Özəlliklə dövlət qurumlarının maliyyə hesabatları ilə bağlı məsələlər diqqət çəkir. Bəzi dövlət müəssisələri bu hesabatları heç vaxt ictimaiyyətə açıqlamır, bəziləri də bunu çox gec edir. Məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC 2022-ci ilin son günlərində 2021-ci ilin maliyyə hesabatını açıqlayıb. Məlum olur ki, şirkət 2021-ci ili 5 milyon 439 min manat xalis zərərlə başa vurub. Əslində bu göstəricini bəlli dərəcədə uğurlu da saymaq olar, çünki 2020-ci ildə şirkətin zərəri daha yüksək – 7 milyon 746 min manat idi. Başqa deyimlə, 2021-ci ildə şirkətin zərəri biröncəki illə müqayisədə 30 faiz azalıb. Ancaq o da var ki, 2021-ci ilin sonunda şirkətin yığılmış zərəri 22 faiz artaraq 26 milyon 771 min manata yüksəlib.

Hesabatda əksini tapan bilgilərdən üzə çıxır ki, 2022-ci ilin əvvəlinə "Azərpoçt"un 63 poçt filialı, 7 regional rabitə qovşağı və 4 ekspress poçt xidməti var. Qurumda çalışan işçi sayı isə 5 min nəfəri ötüb.

Gəlirlər necə formalaşıb?

Şirkətin maliyyə göstəricilərindən aydın olur ki, "Azərpoçt"un 2021-ci ildə poçt xidmətlərindən əldə etdiyi gəlir nisbətən azalıb. 2021-ci ildə qurum bu xidmətlərdən 18 milyon 27 min manat qazanıb. 2020-ci ildə həmin rəqəm 300 min manat daha çox idi. Deməli, 2021-ci ildə qurumun poçt xidmətlərindən gəliri təxminən 2 faiz azalıb. Bu göstəricidən o da bilinir ki, 2021-ci ildə də "Azərpoçt"un gəliri pandemiyaöncəsi dövrə çatmayıb. 2019-cu ildə "Azərpoçt" 21 milyon 774 min manat gəlir qazanmışdı. 2022-ci ilin əvvəlində Tarif Şurası Azərbaycanda poçt xidmətlərinin artırılmasına dair qərar qəbul etdi. Statistika Komitəsinin məlumatlarından aydın olur ki, 2022-ci ildə Azərbaycanda poçt xidmətlərinin dəyəri 50 faizdən çox bahalaşıb. Bu baxımdan, ehtimal etmək olar ki, 2022-ci ildə qurum poçt xidmətlərindən daha böyük gəlir qazanıb.

"Azərpoçt"un 2021-ci ildə maliyyə xidmətlərindən əldə etdiyi gəlirdə də azalma qeydə alınıb. 2020-ci ildə qurumun maliyyə xidmətlərindən 13 milyon 915 min manat gəliri vardı. 2021-ci ildə həmin rəqəm 12 milyon 236 min manata enib və ya 13 faiz azalıb.

Son illər "Azərpoçt" bir çox bank xidməti də göstərməyə başlayıb. Artıq qurum maaş kartlarının paylanması, təqaüd və sosial sığorta ödənişləri, bankomat, daxili və beynəlxalq pul köçürmələri, kommunal ödənişlərin yığımı kimi xidmətləri də göstərir. Bununla belə, 2021-ci ildə qurumun digər gəlirləri də azalıb və 9 milyon 442 min manatdan 8 milyon 888 min manata enib.

Qurumun əsas məsrəfləri əməliyyat xərcləri ilə bağlıdır. 2021-ci ildə "Azərpoçt"un əməliyyat xərcləri 23 milyon 505 min manat olub. Ancaq nəzərə almaq lazımdır ki, 2020-ci illə müqayisədə əməliyyat xərcləri 2 milyon manat azalıb. Qurumun inzibati xərcləri isə 2020-ci illə müqayisədə, əksinə, artaraq 20 milyon 283 min manata yüksəlib. Bu, 2020-ci illə müqayisədə 1 milyon manatdan çox artım deməkdir. Qurumun amortizasiya və köhnəlmə ilə bağlı xərcləri isə 5 milyon manat civarındadır.

"Azərpoçt" qiymətli kağızlara investisiya edib

"Azərpoçt"un budəfəki maliyyə hesabatında gözəçarpan daha bir maraqlı məqam qurumun qiymətli kağızlara investisiya qoymağa başlaması ilə bağlıdır. Qurumun qiymətli kağızlar portfelinin toplam dəyəri 193 milyon manata yaxın olub. Maraqlıdır ki, qiymətli kağızlar portfelində əsas yeri Türkiyə dövləti və şirkətləri tərəfindən buraxılan qiymətli kağızlar tutur.

Qurumun qiymətli kağızlar portfelinin 80 faizi məhz Türkiyə ilə bağlıdır. Belə ki, "Azərpoçt" Türkiyə hökuməti tərəfindən buraxılmış qeydlərə 119 milyon manatlıq yatırım edib. Qurumun Türkiyənin İxrac Kredit Bankı tərəfindən buraxılan qeydlərə yatırımı isə 28 milyon manatı ötüb. "Azərpoçt"un qiymətli kağızlar portfelində Türkiyənin "Ziraat Bankı" tərəfindən buraxılan qeydlərin payı isə 7 milyon manat olub.

Türkiyə ilə yanaşı, "Azərpoçt"un qiymətli kağızlar portfelində Ukrayna və Azərbaycanla bağlı qiymətli kağızlar da var. Qurum 2021-ci ildə Ukrayna hökumətinin buraxdığı qeydlərə 9 milyon manata yaxın yatırım edib. Eyni zamanda, "Azərpoçt" Azərbaycan hökumətinin buraxdığı qeydlərin alınmasına 7 milyon 336 min manat, Maliyyə Nazirliyinin təqdim etdiyi repo müqaviləsinə isə 5 milyon 271 min manat xərcləyib.

Hesabat dövrünün sonuna "Azərpoçt"un aktivləri 434 milyon 376 min manat olub. Bu bir il əvvələ nisbətən 2.8 dəfə yüksək göstəricidir. 2021-ci ildə şirkətin öhdəlikləri 3.7 dəfə artıb. Hazırda "Azərpoçt"un öhdəlikləri 387 milyon 733 min manatdır. 2021-ci ildə şirkətin balans kapitalı 9.4 faiz azalaraq 46 milyon 644 min manata düşüb.

XS
SM
MD
LG