Penitensiar Xidmətin hərbi hissəsinin bölük komandiri Kazım Həsənov tabeliyindəki əsgərlərdən rüşvət almaqda suçlu sayılıb. Amma hakimlər belə nəticəyə gəlib ki, o, həbs edilmədən də islah oluna bilər. Ona görə də K.Həsənova şərti cəza verilməsini uyğun sayıblar. Dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
K.Həsənovun ittiham olunduğu CM-in 311.2.3 (təkrar rüşvət alma) maddəsində 8 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulmuşdu. Ancaq məhkəmə ona münasibətdə CM-in 62-ci (maddədə nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin etmə) maddəsini tətbiq edib. Ona 5 il cəza verilib, bu da şərti hesab olunub.
Amma K.Həsənov özü də, vəkili də ittiham hökmüylə razılaşmır. Hökm elan olunmamışdan öncə vəkil Ağaveyis Şahverdi deyib ki, müvəkkilinin rüşvət alması haqda ittiham məhkəmədə sübuta yetirilməyib: «Bu ittiham dörd nəfərin ifadəsi əsasında verilib. O dörd nəfər də məhkəmədə həmin ifadələrindən imtina etdi».
K.Həsənov bölük komandiri olduğu hərbi hissədə xidmət edən əsgərlərdən rüşvət alıb, onları şəhərə gəzintiyə buraxmaqda suçlanır. Amma özünü təqsirli bilmir.
İttihamda yazılıb ki, K.Həsənov hərbi hissədən bir neçə saatlıq buraxılış üçün hər əsgərdən 30-40 manat rüşvət alıb.
K.Həsənov isə deyir ki, yalandır, heç kimdən rüşvət almayıb. Əsgərləri şəhərə buraxanda hərbi biletlərini də onların özünə verib. Onun sözlərinə görə, əsgərlər hərbi hissəyə qayıdanda biletləri təhvil verirdilər:
«Bəzi əsgərlər axşam saat 9-da qayıdırdılar. Onda mən növbədə olmurdum. Növbətçi zabitlər əsgərdən hərbi bileti təhvil alıb saxlayırdılar, səhəri gün mənə təhvil verirdilər. Tabeliyimdə olan əsgərlərin sayı dəqiq deyildi, çünki yerdəyişmələr olurdu, yeni əsgərlər gəlir, köhnələr gedirdi. Təxminən 70-80 əsgər mənim tabeliyimdə olurdu. Hamısını şəhər buraxılışına mən buraxırdım. Amma heç bir əsgərdən şəhərə buraxılış üçün pul almamışam. Başqa zabitlərin də almasını eşitməmişəm».