Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:36

Baş nazirin atası hökumətin tövsiyəsini 'saymadığını' deyib


Britaniya baş naziri Boris Johnson-un atası Stanley Johnson
Britaniya baş naziri Boris Johnson-un atası Stanley Johnson

Britaniyanın baş naziri Boris Johnson-un atası deyib ki, o hökumətin tövsiyəsinə baxmayaraq “ürəyi istədiyi halda” pivə içmək üçün bara getməkdə davam edəcək.

Britaniya hökuməti və şəxsən baş nazirin özü əhalinin yaşlı təbəqəsinə evlərindən mümkün qədər çıxmamağı tövsiyə edib.

Ekspertlərin rəyinə görə hazırda yayılmaqda olan koronavirus, xüsusilə də diabet və ürək çatışmazlığı kimi başqa xəstəlikləri olan yaşlılar üçün təhlükəlidir.

Adamlar bara getməsələr, bar neyləyər?

Evening Standard qəzetinin yazdığına görə Britaniyanın ITV telekanalının “This Morning” (Bu səhər) proqramına qonaq kimi dəvət edilmiş 79 yaşlı Stanley Johnson bildirib ki, o, öz oğlunun yaşlıları barlara, restoranlara və teatrlara getməkdən çəkinməyə çağıran tövsiyələrinə baxmayaraq, bu qaydalara tabe olmaq niyyətində deyil:

“Adamlar barlara getməsələr, barlar nə edər? Axı onların ehtiyacı var ki, adamlar bara gəlsinlər”.

Baş nazir atasının televiziya ilə çıxışı Britaniya sosial mediasında geniş müzakirələrə səbəb olub.

Məsələn Ian adında Twitter istifadəçisi yazır:

“Onun az qala səksən yaşı var, amma o özünü risk qrupunda hiss etmir. Görünür oğlunun baş nazir olması ona xüsusi qüvvə verir”.

Britaniyada başqa Avropa ölkələrindən fərqli olaraq bar və restoranlar bağlanmayıb və hökumət hələlik yalnız tövsiyə verməklə kifayətlənib.

Britaniyada martın 18-dək 1545 nəfərdə koronavirus aşkar edilib. COVID19 xəstəliyindən ölənlərin sayı 55-dir.

"Naxır immuniteti"

Yoluxmaların artmasına baxmayaraq hökumət yalnız yaşı 70-i ötənlərə özlərini dörd ay müddətində ətraf mühitdən təcrid etmək ricası ilə müraciət edib.

Burası da var ki, Britaniyada əhalinin xeyli hissəsini yaşlılar təşkil edir. Bunların böyük əksəriyyəti faktiki olaraq tənha insanlardır.

London pablarından birində
London pablarından birində

Özünün qəribə ibarə və ifadələri ilə tanınan baş nazir Boris Johnson ölkədə ilk yoluxmalardan sonra koronavirusa qarşı heç bir tədbirin görülməyəcəyi barədə fikirlərinə görə sərt tənqid edilmişdi.

O bildirmişdi ki, xəstəlik ötüb keçəndən sonra Britaniya xalqında “naxır immuniteti” yaranacaq.

Məhz “naxır immuniteti” ifadəsi media və tibb ekspertləri tərəfindən kəskin tənqidlə qarşılanmışdı.

Buna baxmayaraq hazırda Britaniya boyunca əksər bar və restoranlar açıq qalır.

London hər halda bağlana bilər

Bu arada Guardian hökumət mənbələrinə istinadən yazır ki, London Avropanın bir sıra başqa paytaxtları kimi tam bağlana bilər.

Xəbər verilir ki, bu barədə hökumət məsləhətləşmələri davam edir.

Baş nazir Boris Johnson martın 18-də keçirdiyi mətbuat konfransında “hökumət qaydalarına əməl etməyən insanlara qarşı hər hansı cəzaların tətbiq olunub-olunmayacağı” barədə sualın cavabında deyib:

"Bildiyiniz kimi, biz azad torpaqda yaşayırıq və bu, həyatımızın böyük nailiyyətlərindən biridir və biz bu ölkədə adamlara bu sayaq məhdudiyyətlər qoyulmasına meylli deyilik. Amma sizə deməliyəm ki, biz heç nəyi istisna etmirik və əlbəttə, yeni və çevik tədbirlərin tətbiqinə başlaya bilərik”.

XS
SM
MD
LG