Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:50

Sahibkar: 'Uşaqlar məni iki dəfə ipdən alıb'


İp (arxiv fotosu)
İp (arxiv fotosu)

“Bizi aldatdılar ki, obyektlər hasarlanandan sonra başqa yerdə imkan yaradacaqlar, fəaliyyətimizi davam etdirəcəyik. 4 il keçib, ancaq hələ də qapılarında düşüb qalmışıq”.

Səfa Ağayev 4 ildir ki, “Bakı-Astara yolunun üstündəki obyektinin qarşısı hasarlandığı üçün işsiz və qazancsız qalıb. Deyir, gəliri qəfil kəsildiyindən banklara olan borclarını ödəyə bilməyib, ev-eşiyini satıb, tamamilə müflisləşib, hələ də borcdan çıxa bilməyib:

Buna da bax:​ 'Məhsulu xarab olan sahibkarların ağladığını görmüşəm'

“AİLƏM QALDI ORTADA”

"Həyətdəki tut ağacından iki dəfə özümü asmaq istəmişəm, uşaqlar son anda ipdən alıb məni... Ev-eşiyi, maşını satıb bankın borcunu ödədim, ailəm qaldı ortada. Hələ də ikinci, üçüncü bankın borcu faizləri ilə ayağımdadır. Hara gedək, dərdimizi kimə deyək... İşlərim çox yaxşı gedirdi, o vaxt qəzada həyatını itirən qardaşımın yetimlərini də mən saxlayırdım. Qəfil obyektlərin qarşısını hasarladılar, adamların bir qisminin obyektini sökdülər, camaatı pis vəziyyətdə qoydular".

4 il əvvəl Biləsuvar - Astara yolunun kənarında yerləşən, sahibkarlara məxsus obyektlərin qarşısı hasarlanıb. Bununla da sahibkarlar qazancdan məhrum olublar. Səfa Ağayevsə həm qazancdan məhrum olub, həm də hasarlanmadan 1 il əvvəl banklardan götürdüyü kreditləri ödəyə bilməyib. Hazırda acınacaqlı həyat sürür:

Buna da bax:​ Sahibkar necə müflis oldu

"Nə xəbərdarlıq etdilər, nə kompensasiya verdilər. Dedilər, ‘get, hasarın arxasında işini davam elə’. Yoldan keçən nə bilsin ki, hasarın arxasında obyekt var? Lap elə tutaq ki, bildi, yoldan keçən o obyektə girmək üçün kilometrlərlə yol qət edib hasardan keçməlidir ki, mənim obyektimə gəlsin. Bir sözlə, mümkün olmadı, iş dayandı, bu da sahibkarlara qəfil zərbə vurdu. Çoxunun həyatı məhv oldu".

“AXIRINCI MADDİ ZƏRBƏLƏRİ VURANDAN SONRA...”

Səfa Ağayev deyir, hələ hasara qədər sahibkarlar incidiliblər. Əsasən, kafelərdən, maşın təmiri sexlərindən ibarət olan obyektlərin gah işıqları qəsdən kəsilib, gah da başqa süni problemlər çıxıb. Ancaq bir gün obyektlərin qarşısının hasarlanacağı sahibkarların ağlına da gəlməyib:

Buna da bax:​ 'Məni pul yığmamaqda günahlandırırdılar, halbuki...'

"Bizə obyektlərə işıq, təzə xətdən su çəkdirdilər, axırıncı maddi zərbələri də vurandan sonra gətirib obyektlərin qarşısından azı 4 metr hündürlükdə hasarlar tikdilər. Burda qırğınlar düşdü, sahibkarları tutub apardılar, hədə-qorxu, gərginlik - bir tikə çörək əlimizdən çıxmasın deyə, nələr yaşamadıq..."

Sahibkarların gündəlik qazanc mənbəyi olan maşın təmiri sexləri, yeməkxanalar, çayxanalar cənub rayonlara aparan yolun kənarında olub. Bu obyektlərin xidmətindən hər gün xeyli müştəri istifadə edirmiş. Səfa Ağayevin sözlərinə görə, obyektlər fəaliyyətsiz qaldıqda onlara vəd olunub ki, sahibkarlıq fəaliyyətlərini davam etdirmək üçün başqa yer ayrılacaq. Ancaq sonradan başçı sözünü tutmayıb.

Buna da bax:​ Sahibkar: 'Mən necə deyim ki, İlham Əliyev yaxşı işləyir?'

“YERİN ALTIYLA DA OLSA...”

Lakin Biləsuvar rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, həmin ərazidə hazırda obyektlər fəaliyyətlərini davam etdirirlər: "Kimsə işini düz qurmayıb, müflis olub, buna hasar neyləsin... Oradakı sahibkarlara şərait yaradılıb, müştəridən də boldurlar. Həmin obyektlər Astara magistral yolunun üstündə olduğundan, yollarda və kənarlarında abadlaşma işləri başlananda sahibkarlara da obyektlərini abad etmək tapşırılmışdı. Bəziləri tapşırığı yerinə yetirsə də, bəzi sahibkarlar qulaqardına vurdu. Oradakı obyektlərə giriş-çıxış yolları qoyulub. Bir də ki, bir yerdə müştəriyə yüksək xidmət göstərilirsə, o müştəri yerin altıyla da olsa, yenə o obyektə gedib çıxacaq".

Qurumdan sahibkarlara başqa yer təklifi ilə bağlı deyilənlər təkzib olunub.

Buna da bax:​ Sahibkardan polisə cəza tələbi və ikiillik süründürməçilik

Hüquqşünas Vaqif Alıyev deyir, əgər hasarlanma sahibkara maddi və mənəvi zərər vurubsa, məhkəməyə müraciət edə bilər: "Sahibkar quruma qarşı 4 ildə itirdiyi mənfəətin və zərərin ödənilməsi, psixoloji pozğunluq, sağlamlığın pozulması ilə bağlı təzminat tələbi qoya bilər".

XS
SM
MD
LG