Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:43

Bakı Xankəndidə ASAN Xidmət açarsa...


'İlham Əliyev Xankəndində də dəmir qaydalar qoymaq istəyir'
Gözlə

No media source currently available

0:00 0:08:17 0:00

'İlham Əliyev Xankəndidə də dəmir qaydalar qoymaq istəyir'

Azərbaycan Qarabağ ermənilərini işğaldan azad edilmiş bölgələrdə tikinti işlərinə cəlb etsin. Bu, erməni əhalinin inteqrasiyası üçün verilən təkliflərdən biridir. Başqa təkliflər də var. AzadlıqRadiosunun “İzahla” proqramı Qarabağ ermənilərinin reinteqrasiyası üçün həm xaricdən, həm də yerli təhlilçilərdən təklifləri bir yerə toplayıb.

Bəzi Qərb ekspertləri rəsmi Bakıdan Qarabağ ermənilərinə nə vəd olunması ilə bağlı təkliflərini ictimai şəkildə açıqlamasını istəyir. Bakıda isə deyirlər ki, paket hazırdır, amma hələ açıqlamaq vaxtı deyil, çünki ermənilər heç inteqrasiya istəmirlər.

Amma reinteqrasiya ilə bağlı hakimiyyətə yaxın dairələr vaxtaşırı məlumat açıqlayır. Məsələn, hakimiyyətə yaxın təhlilçi Fərid Şəfiyev deyir ki, Qarabağda erməni kilsəsi Azərbaycan qanunları çərçivəsində açıq olacaq və dini xadim Ermənistandan gəlib Qarabağda fəaliyyət göstərə bilər.

İnamsızlıq uçurumu

Londonda mənzillənən “Chatam House” sülh quruculuğu təşkilatının Qafqaz Proqramının direktoru Laurence Broers AzadlıqRadiosuna yazılı müsahibəsində deyir ki, erməni əhali üçün önəmli olan, məsələn, təhlükəsizlikdir və Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyinə digər milli azlıqlardan fərqli yanaşmalıdır. O bildirir ki, Sərsəng su anbarı ilə bağlı təmaslar kimi praktik təmaslar nəticədə müsbət nəticələr verir:

“Tərəflər arasında böyük bir inamsızlıq uçurumu var. Buna görə də Azərbaycan təmas xətti boyunca bəlkə kiçik miqyaslı təşəbbüslərdən başlamalıdır. Məsələn, Gürcüstan kimi. Gürcüstan hərbi əməliyyatların dayandığı təmas xəttində Abxaziya və Cənubi Osetiya sakinlərinə bəzi dövlət xidmətləri təklif edir. Azərbaycanın bənzər tədbir görməyə, Qarabağın erməni əhalisinə münasibətdə yumşaq güc vasitələrindən istifadə etməyə hər cür imkanı var, amma heç birindən istifadə olunmayıb”.

Separatçılar üçün kredit, pulsuz müalicə-Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

10 təklif

Erməni əhaliyə sərhəddə xidmətlərin təklif olunmasını sülh fəalı Zərdüşt Əlizadə də irəli sürüb. O, reinteqrasiyanı nəzərdə tutan 10 təklif hazırlayıb. Onlardan bəzilərini sizə təqdim edirik:

  • Xankəndidə “Asan xidmət” şöbəsinin açılması
  • Xankəndidən şərqə gedən yolda beton blokların önündə Azərbaycan hakimiyyətinin qurduğu rəf və masalarda ərzaq və dava-dərmanın düzülməsi, bunun çəkilib bütün dünyaya, ilk növbədə Qarabağ ermənilərinə nümayiş etdirilməsi
  • Qarabağ ermənilərinin bu bölgədə gedən genişmiqyaslı təmir-tikinti işlərinə işçi qüvvəsi kimi cəlb edilməsi, onlara veriləcək əmək haqqının məbləğinin elan olunması
  • Hadrut və Şuşaya qayıtmaq istəyən ermənilərin bu istəyinin müzakirəsi

Zərdüşt Əlizadə hesab edir ki, erməni əhaliyə verilən təklif açıq-aydın bəyan edilməlidir ki, onların bundan xəbəri olsun. O deyir ki, onlar hazırda Xankəndidə müharibə cinayətlərində iştirak etmiş şəxslərin təsirində qalıblar.

Beynəlxalq və yerli insan haqları təşkilatları Azərbaycanda təməl insan haqlarının pozulduğunu desə də, hakimiyyət təmsilçiləri bunları rədd edir.

Erməni tərəfin yaydığı sənəd

Qarabağdakı erməni fəalların çoxu AzadlıqRadiosuna müsahibədən imtina edib.

İctimai fəal Karen Ohancanyan isə yazılı müsahibəsində bildirib ki, Qarabağdakı ermənilər onları inteqrasiyaya məcbur edəcək istənilən cəhdə qarşıdırlar.

Avqustun 16-da AzadlıqRadiosunun erməni xidməti Qarabağdakı separatçı rejimin antiböhran şurasının sədri Tiqran Petrosyanın bir sənəd yaydığını açıqlayıb. Bu sənədi Rusiya xarici işlər naziri Sergey Lavrovun yaydığı deyilir, amma nə Rusiya, nə Ermənistan, nə də separatçı rejim sənədi təsdiqləyib. “Azatutyun”a sənəddən bəzi təklifləri sadalayır:

  1. Erməni dili kompakt erməni əhalisi olan yaşayış məntəqələrində Azərbaycan dili ilə paralel olaraq dövlət idarələrində, o cümlədən rəsmi yazışmada və kargüzarlıqda istifadə olunmalıdır.
  2. Qarabağın erməni əhalisinin kənardan humanitar və iqtisadi yardım almaq imtiyazı olmalıdır.
  3. Erməni əhali Azərbaycanın respublika, rayon və bələdiyyə orqanlarında, o cümlədən prokurorluq və polis sistemində proporsional şəkildə təmsil olunmalı, habelə erməni əhaliyə aid məsələlərin müzakirəsində və qərarların qəbulunda iştirak etməlidir.

Ermənilərə hansı vəzifələr verilə bilər

“Cənubi Qafqaz Araşdırmaları” mərkəzinin rəhbəri Fərhad Məmmədov deyir ki, nəzəri olaraq Azərbaycan prezidenti erməni əsilli vətəndaşı həm prezidentin xüsusi nümayəndəsi, həm də icra başçısı təyin edə bilər. O əlavə edir ki, bilinən odur ki, Konstitusiya ilə bütün hüquqlar, o cümlədən yerli özünüidarəetmə hüququ da ermənilərə veriləcək. Məsələn, qəbiristanlıq, mədəni abidə və s. bələdiyyələr tərəfindən idarə olunur.

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Ceyms Vorlik (James Warlick) isə Qarabağdakı hərbçilərin təhlükəsizliyi məsələsinə diqqət çəkir. O deyir ki, müharibə cinayətlərində iştirak etməyənlərə güzəşt etmək olar:

“Burda istisnalar da var. Müharibə cinayətlərində iştirak etmiş, başqa əməllər törətmiş şəxslərin halları nəzərdən keçirilməyə layiqdir. Amma orda döyüşmüş əsgərlərin çoxu üçün keçmişi geridə qoymaq, Dağlıq Qarabağı, regionu azərbaycanlılar və ermənilər üçün təhlükəsiz yerə çevirmək zamanıdır. Əgər bu, mümkündürsə”.

Amnistiyadan nə vaxt danışmaq olar

Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəlki çıxışlarında amnistiyanın mümkün olduğunu deyib.

“Cənubi Qafqaz Araşdırmaları” mərkəzinin rəhbəri Fərhad Məmmədov deyir ki, amnistiya xarici vətəndaşa verilə bilməz. Ona görə də erməni əhali vətəndaşlığı qəbul etdikdən sonra amnistiyadan danışmaq olar.

Yerevanda siyasi şərhçi Riçard Qiraqosyan (Richard Giragosian) isə hesab edir ki, Laçın dəhlizi bağlı problem qaldığı müddətcə reinteqrasiya haqqında danışmaq tezdir. O deyir ki, ilk növbədə tərəflər arasında inam olmalıdır:

“Biz azərbaycanlılar və ordakı ermənilər arasında çoxdandı ki, təxirə salınmış danışıqları bərpa etməliyik. Ticarət və nəqliyyat əlaqələri ilə bağlı əməkdaşlığı sürətləndirməliyik. Blokadanı dayandırmaq, amma Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqəsini saxlamaq lazımdır. Eskalasiyanın qalması durumu pisləşdirir. Təəssüf ki, hazırkı durum diplomatiyanın işini çətinləşdirir”.

Azərbaycan tərəfi separatçılarla Bakıda görüşməyə hazır olduğunu bildirir, separatçılar isə bundan imtina edib.

Xatırlatma

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun faktiki blokadaya alındığını, üç aya yaxındır Qarabağa Ermənistandan kommersiya və humanitar yüklərin daxil olmadığını bildirir. Ermənistan rəsmiləri Azərbaycanın Laçın dəhlizində qurduğu nəzarət-buraxılış məntəqəsini qanunsuz sayır, 2020-ci ilin 9 noyabr üçtərəfli atəşkəs bəyanatına zidd olduğunu deyirlər.

Rəsmi Bakı isə regionun blokadaya salınması ittihamlarını rədd edir. Azərbaycan Qarabağa humanitar yardımın gətirilməsi üçün Ağdam-Xankəndi və Füzuli-Şuşa yollarını da təklif edib. Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG