Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:10

Qarabağ separatçısı Pashinian və tərəfdarlarını ‘məhv etməklə’ hədələyir


Vitaly Balasanyan
Vitaly Balasanyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun verdiyi məlumata görə Dağlıq Qarabağdakı “milli təhlükəsizlik şurası” adlı qurumun keçmiş rəhbəri Vitaly Balasanyanın bəyanatlarını Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) araşdıracaq.

Xəbərdə deyilir ki, Live news saytına müsahibə verən Balasanyan baş nazir Nikol Pashinian-ı Sasna tsrer partiyasının rəhbərləri ilə görüşünə görə kəskin tənqid edib.

O bu müsahibədə “onun özünə, hakimiyyətə və Qarabağın dövlətçiliyinə qəsd edənlərin hamısını cismani məhv etməklə” hədələyib.

Baş prokurorluğun Azatutyuna verdiyi məlumata görə bu bəyanatlar MTX tərəfindən ciddi araşdırılacaq.

Vitaly Balasanyan sözü gedən müsahibədə deyib:

“Nikol Pashinian-a nə qiymət vermək olar? O bu yaxınlarda terrorçu rəhbərlərlə görüşüb. Nikol Pashinian hamını qorxutmaq istəyir...Demək istəyir ki, “baxın, mənim döyüş dəstəm də var və kiçik bir əmrimlə Sasna tsrer sizin məsəlinizi cismani həll edə bilər”. Hamıya, xüsusən də Nikol Pashinian-ın və Sasna tsrerin tərəfdarlarına bildirmək istəyirəm. Qoy heç belə söhbətləri eləməsinlər. Çünki bunun cavabını dərhal alacaqlar”.

“Stepanakert rejimi, beşinci kolon, mafiya...”

Balasanyanın bu bəyanatına özünün Facebook səhifəsində Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Grigorian reaksiya verib:

“Vitaly Balasanyan özünü, Artsaxın (Dağölqı Qarabağın – red) prezidentliyinə namizəd yox, xuliqan kimi aparır. Hər dəfə Stepanakertdə (Xankəndində - red) Serzh Sarkisianla qrup halında görüşdən sonra onda dəliliyə oxşayan qızışmalar baş verir. 2016-cı ildən siyasi karyerasını Serzh Sarkisianla bağlamış Balasanyan özünün lideri kimi siyasət zibilxanasına gedəcək”.

Balasanyan sözü gedən müsahibədə habelə demişdi:

“Nikol Pashinian və terrorçu qruplaşma tam bir şeydir. Biri silahla, digəri isə qələmlə hakimiyyəti qəsb ediblər”.

Sasna tsrer partiyasının nümayəndəsi Varujan Avetisyan deyib ki, Balasanyanın bəyanatlarının arxasında keçmiş hakimiyyət dayanır.

Onun sözlərinə görə, bu, hüquq-mühafizə orqanlarına siqnal olmalıdır:

“Vitaly Balsanyan bugün həm də on il əvvəl formalaşmış cinayətkar dəstə, mafiya olan beşinci kolonun nümayəndəsidir. Robert Kocharian, Serzh Sarkisian, Stepanakert rejimi, hər cür vanesyanlar, balasanyanlar və başqaları beşinci kolonun başçılarıdırlar və mümkün qədər tez təcrid edilməlidirlər. Bu cinayətkar birlik özünün qisas planlarından əl çəkmir”.

Dağlıq Qarabağın separatçı rejimində müxalifətçi deputat olan Ayk Khanumyan da deyib ki, Balasanyan bu bəyanatlarla Serzh Sarkisiana xidmət edir.

Qarabağ separatçı rejimi başçısının mətbuat katibi David Babayan deyib ki, Balasanyanın bəyanatları ilə “Dağlıq Qarabağ cəmiyyəti və hakimiyyəti” arasında ümumi heç nə yoxdur:

“Heç kim Ermənistan-Artsax (Dağlıq Qarabağ - red) - Diaspor üçlüyünün vahidliyini şübhə altına sala bilməz”.

Azatutyun xəbər verir ki, Vitaly Balasanyan bir ay əvvəl 1 mart hadisələri ilə bağlı cinayət işinin çərçivəsində Xüsusi İstintaq Xidmətinə çağırılıb, lakin dindirməyə gəlməyib.

O deyib ki, 2008-ci il, 1 mart hadisəsi baş verəndə Yerevanda olmayıb.

Balasanyan hazırda həbsdə olan keçmiş Ermənistan prezidenti, əslən qarabağlı Robert Kocharian-ın müdafiəsi qrupuna daxildir.

XS
SM
MD
LG