"Bu dəqiqə dəhşətdir, əvvəl 100 çörək satırdım, indi 50 çörək güclə satıram. Camaat çörəyi də nisyə alır. Pul yoxdur, hamı pensiyanı gözləyir. Ancaq hələ pensiya da verilmir. Pensiyanı da alıb nisyəyə verib oturacaqlar. Dəhşətdir, böyük adam özü gəlməyə utanır, uşağı göndərir. Mən uşağa necə çörək verməyim, adamın ürəyi deşilir. Əvvəl zibillik vardı, camaat ora gedirdi. Quru çörək, butulka, polietilen yığıb satırdılar, dolanırdılar. Oranı da ləğv elədilər. İndi camaat oturub işsiz. Çox adam bayram keçirə bilmədi..."
Buna da bax: Mağazalar da borcların dollarla qaytarılmasını istəyir
24 ilin satıcısı, Balaxanı kəndinin sakini Şəfiqə Səlimova deyir ki, kənd sakinləri əvvəllər də onun mağazasından nisyə ərzaq alıblar. Ancaq nisyə çörək almaq son dövrlərdə ortaya çıxıb. Şəfiqə Səlimova kiçik ərzaq dükanının üstünə "nisyə mal verilmir" elanı vursa da, qoyduğu qaydaya özü də əməl eləmir. Qarşısında çarəsiz alıcıları görən kimi elan yadından çıxır:
"Verirəm, niyə vermirəm. Bax, hamısını yazmışam. 17 manat 50 qəpik, 5 manat 50 qəpik, 7 manat. Oturub gözləyirəm ki, nə vaxt verəcəklər. Elə vəziyyətdir ki, qənd, çay da satılmır. Unu alıb kilo-kilo ayırmışam, qalıb orda. Alan yoxdur. Bayaq qoca arvad gəlmişdi. 17 manatdan çox borcu var. Deyir, ‘borcum ola-ola, yenə çörəyi də borca almağa utanıram’, bax, belədir..."
Buna da bax: 'Bir ana lazımdır ki, Azərbaycanın bu durumuna ağlasın'
Yaşlı satıcı qalaqlanmış nisyə dəftərinə baxıb köks ötürür.
Kənddəki digər mağaza satıcıları da son vaxtlar ərzağı da, çörəyi də nisyə istəyənlərin çoxaldığını deyir:
"Verməsən, olmur. Əgər adam 50 qəpiklik çörəyi də borca alırsa, verməyib neyləyəsən".
Təqaüdçülər, işsizlər, elə işi olanlar da nisyə alır
Nisyə mal alanların çoxu işsizlər və təqaüdçülərdir. Təqaüdlərin həmişəkindən gec verilməsi, başqaları kimi, Validə xanımı da çıxılmaz duruma salıb. Yaşlı qadın deyir ki, onsuz da təqaüdü kommunal xərclərə sərf olunur. Bir tərəfdən, gələn işıq pulunun miqdarı, bir tərəfdən, təqaüdünü hələ ala bilməməsi onu lap çətin duruma düşürüb:
"İndi bankdan gəlirəm, borca görə. Deyirəm, ‘imkan yoxdur, necə verim?’ Onlar da məhkəməyə verəcək. Camaat hamısı boğaza yığılıb. Dükanlara o qədər borcumuz var ki. Pensiya alıb elə ora veririk. Əsas qənd, çay, ərzaq alırıq. İş yoxdur, uşaqlar, gənclər işləmir".
Buna da bax: 'Biri deyir, ayağını yorğana görə uzat; o biri deyir, azdır az ye'
Zibilliyin Sənaye Parkına çevrilməsi camaatı sevindirməyib...
2012-ci ilə qədər Balaxanı sakinlərinin çoxu, özləri demiş, kəndin kənarındakı şəhər zibilliyindən əllərinə keçəni yığıb satırmış. 5 il öncə köhnə, üfunətli zibillik Balaxanı Sənaye Parkına çevrilib. Ancaq bu yenilik, təmizlik kəndin işsiz camaatını sevindirməyib.
Balaxanının dörd tərəfi Azərbaycanın ən böyük təbii sərvəti olan neft buruqları ilə əhatələnib. Neft mancanaqları gecə-gündüz işləsə də, ölkənin çox yerində olduğu kimi, burda da işsizlik ən böyük problemdir. Evinin qarşısında göyərçin uçurdan gənclər işsizlikdən quşlarla başlarını qatdıqlarını deyirlər. İş axtaranlar deyir ki, artıq təklif olunan işin necəliyinə də baxmırlar. 25 yaşlı Həmid Novruzovun 3 azyaşlı övladı var. Bir il əvvələ qədər sürücü işləyirmiş. İxtisara düşəndən “qul bazarında” fəhləlik edir. Həmid deyir, ehtiyac qapısını elə döyür ki, nə iş olsa, qəbul eləyir:
“Əkizlərin bir yaşı var, böyüyü də 4 yaşındadır. Yarıac, yarıtox yaşayırıq. Arada Pirşağı bağlarında işləyirəm. Harda iş oldu, kim çağırdı, ora gedirəm. Daş at, yer bellə, nə iş olsa, deyirəm, ‘baş üstə’”.
Buna da bax: Bakıda işsizlik artıb
Həyətləri qrunt suları basıb
Balaxanı kəndi adına uyğun kiçik "xanalardan", evlərdən ibarətdir. Neft qəsəbəsi olduğundan onsuz da burda yaşayanların iri torpaqları yoxdur. Kiçik həyətlərin, hətta bəzi məhəllələrin olan-qalan ərazisinə qrunt suları dolur. Həyət sahibləri həyətdən suyu çəkməyə imkanları yetmədiyini deyir. Müsavat küçəsində yaşayan Əbdülrəhimovlar kimi. Evin xanımı Kəmalə deyir, qrunt sularına görə, həyətdə nəinki nəsə əkmək, heç ayaq basmaq da olmur:
"Bu su hardan gəlir, nədir, bilmirik. Bələdiyyə də, qəsəbə icra nümayəndəliyi gəlib baxıb, nə olsun. Hara şikayət ediriksə, bir ölçü götürülmür. Qonşuların da həyəti bu gündədir. Bizim həyətdən o qonşunun həyətinə, sonra da o birisinə gedir. Hasar da uçub. İki ildir belədir. Bir az yağış yağan kimi bütün məhəlləni su basır. Yol gedə bilmirik, bir cığır tapırıq ki, heç olmasa, ayağımızı ona qoyaq. O biri tərəflərə heç keçmək olmur”.
Gülnarəsə söyləyir ki, heç vaxt yaxınlıqdakı neft buruqlarına baxanda ürəyi açılmayıb:
“Neft bərəkətdir, ruzidir, ancaq nə olsun, o neftin ki bizə heç vaxt xeyri dəymədi. O Olimpiya Stadionunu tikməmişdən həmin ərazilər, yol gölməçə idi. O yolun gölməçəsi quruyandan sonra həyətləri, bax, belə su basıb. Xəstəlikdir də. Adam ayağını bilmir hara bassın. Bir ara deyirdilər ki, Balaxanının adını ‘Təmiz şəhər’ qoyacaqlar. Adam bir küçəyə baxar, kanalizasiyanın vəziyyətinə baxar, sonra təmiz şəhərdən danışar”.
Buna da bax: Azərbaycanı tərk edənlər niyə artır? (VİDEO)
2 ilə 3 milyard xərclənib
Kəndin bu problemlərinin həlli ilə bağlı hansı tədbirlər görülür? AzadlıqRadiosu bunu Sabunçu rayon icra hakimiyyətinin Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi və bələdiyyə sədrindən soruşmaq istəyib. Ancaq həmin rəsmilər iş yerlərində tapılmayıblar. Hər iki qurum rəhbərinin ərazilərdə olduqlarını dedilər. Elə gün ərzindəki telefon zəngləri də cavabsız qaldı.
Kənd sakinləri deyir ki, bu qurumlardan aldıqları cavablar da dərdlərinə dərman olmur. Ona görə neftin qoxusundan udub, boş ciblərinə, qrunt suları yığılmış həyətlərinə, kanalizasiyasız, təmirsiz yollarına baxıb köks ötürməkdən başqa əllərindən bir şey gəlmir.
Buna da bax: İqtisadçının 'böhrandan çıxdıq' deyən prezidentə cavabı
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülmüş işlər siyahısı fərqli mənzərə üzə çıxarır. Bildirilir ki, bu illərdə Bakının bütün rayonlarında, qəsəbə və kəndlərində infrastruktur təminatı, yol-nəqliyyat infrastrukturu daha da təkmilləşdirilib. Əhalinin su və kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatı daha da yaxşılaşdırılıb. Proqrama salınmış tədbirlərin icrasına 3 milyard manat vəsait xərclənib.
Prezident İlham Əliyev 3 il öncə “2014-2016-cı illərdə Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı təsdiqləmişdi. Həmin sənədin əsas hədəfləri əhalinin su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının, yol və nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması idi.