Gəncə sakini Şahlar Məhərrəmov iki ildən çox həbsdə qalandan sonra bugünlərdə bəraət alaraq azadlığa çıxıb. Onun haqqında bəraət hökmünü Gəncə Apellyasiya Məhkəməsində Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb.
2020-ci il noyabrın 11-də saxlanılan Şahlar Məhərrəmovun üzərindən təxminən 10 qram narkotik tapıldığı iddia olunurdu. Ona CM-in 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutan 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilmişdi. Özü isə deyir ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bandotdel) əməkdaşları şərləyib, cibinə də narkotiki onlar atıb.
38-yaşlı Məhərrəmov deyir ki, narkotik istifadəçisidir, əvvəllər də narkotikə görə məhkum edilib, amma heç vaxt narkotik satışı ilə məşğul olmayıb. Onun sözlərinə görə, uşaqlıqdan tanıdığı polis əməkdaşı Tural Hüseynov ona zəng edib, narkotik istəyirsə, Atatürk prospektindəki təkər təmiri sexinə gəlməsini istəyib: "O məni tanıyırdı, bilirdi ki, istifadəçisiyəm, mən də onun narkotiklərlə mübarizə idarəsində işlədiyini bilirdim. Narkotik asılılığım var, getdim, həmin anda gördüm ki, Tural maşınla yanımdan keçdi, dayanmadı. Dərhal ona zəng elədim, dedi ki, "gəlirəm indi". Yenə neçə dəfə zəng elədim, eyni şeyi dedi. Az sonra üç nəfər mülki geyimli gəldi, qollarımı burub apardı...".
"Dözməyib boynuma götürdüm"
Cinayət işinin materiallarından görünür ki, Bakıdan gedən "bandotdel" əməkdaşları Məhərrəmovu tutub Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinə gətiriblər. Məhərrəmov məhkəmədə bildirib ki, polis idarəsində ona dözülməz işgəncələr veriblər: "Mənə insanlığa sığmayan, ləyaqəti alçaldan işgəncə verdilər, mənə aid olmayan narkotiki boynuma götürməyi tələb edirdilər. Dözməyib boynuma götürdüm...".
Məhərrəmov sonra Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) gətirilib, ardınca yenə Gəncəyə qaytarılıb.
Məhkəmədə dindirilən polislər Məhərrəmovun dediklərini təkzib edib. BMCMİ əməkdaşları iddia edib ki, Məhərrəmovun narkotikin dövriyyəsi ilə məşğul olması haqda əməliyyat məlumatı daxil olub. Bunun əsasında Gəncəyə gəlib, əməliyyat keçirib onu tutublar.
Tural Hüseynov da Məhərrəmovu narkotik vermək adı ilə görüşə çağırıb aldatması, sonra həmin yerə BMCİ əməkdaşlarının gəlməsi və onu tutub aparması haqda iddiaları təkzib edib. O bildirib ki, Məhərrəmov özü ona bir neçə dəfə zəng vurub, gizli əməkdaşlıq təklif edib: "Narkotik istifadəçisi olan, buna görə dəfələrlə məhkum edilmiş birinə güvənmədiyimə görə razılaşmadım".
Apellyasiya məhkəməsi bir il araşdırandan sonra...
Bu cinayət işinə öncə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhərrəmovun vəkili Zabil Qəhrəmanov vəsatətlər qaldırıb ki, müvəkkilinin dedikləri araşdırılsın, mobil operatora sorğu göndərilsin, polis əməkdaşı ilə Məhərrəmov arasında telefon söhbəti olub-olmadığı aydınlaşdırılsın və s. Lakin Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov bu vəsatətləri təmin etməyib. Yalnız polis əməkdaşlarının ifadələrinə əsaslanaraq Məhərrəmov haqqında 6 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Gəncə Apellyasiya Məhkəməsi isə təxminən bir il çəkən araşdırmalardan sonra belə nəticəyə gəlib ki, Məhərrəmovun dedikləri həqiqətəuyğundur. Həmin gün əvvəlcə polis əməkdaşı Məhərrəmova zəng edib. Bir müddət sonra Məhərrəmov ona zəng edəndə artıq tutulduğu yerdə olub. O zəng zamanı polis əməkdaşı Tural Hüseynov da onunla eyni anten dairəsinin ərazisində olub. Məhərrəmov da deyirdi ki, Hüseynovun maşınının keçdiyini görəndə dərhal ona zəng edib.
Məhkəmə adıçəkilən polisin Məhərrəmovla danışığından sonra "bandotdel" əməkdaşı ilə telefonla danışdığını da müəyyənləşdirib.
Dövlət hesabına təyin edilən vəkillər...
Bəraət hökmündə o da vurğulanır ki, istər Gəncədə, istərsə də Bakıya gətiriləndən sonra Məhərrəmova dövlət hesabına təyin edilən vəkillər faktiki onun hüquqlarının müdafiəsi ilə məşğul olmayıblar. Söhbət Gəncə şəhəri 1 saylı Vəkil Bürosunda çalışan Cəfər Hacıyev və Bakıdakı "Yusifbəyli və Partnyorları" Vəkil Bürosunun vəkili Kamal Əliyevdən gedir. Məhkəmə adları çəkilən bu şəxslərin vəkilliyinin formal xarakter daşıdığını, gerçək müdafiə ilə məşğul olmadıqlarını konkret faktlarla öz hökmündə əsaslandırıb. Bu şəxslərin məsələyə münasibəti bəlli deyil.