Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:12

Bankomatlar hələ də köhnə pullar verir


Azərbaycan 3 aydır ki, yeni manata keçib, ancaq yeni manatı adamlar haradan alsınlar? Maaş və pensiya bankomatdan verilir, bankomatların da hamısı köhnə pul verir

Həm rəsmilər, həm də ekspertlər deyirlər ki, təzə manatın dövriyyəyə girmək üçün ancaq bir yolu var. O da bank sistemindən keçir, çünki istənilən halda nağd maaşlar, valyutadəyişmə əməliyyatları və başqa hesablaşmalar banklar vasitəsilə gerçəkləşir. Bu gün Azərbaycanda həm iri özəl müəssisələrdə çalışanlar, həm də büdcədən maaş alanların əksəriyyəti nağd pulu bank hesablarından – bankomatlardan alır. Bankomatlarda isə çox nadir hallarda yeni manat əldə etmək olar. Yeni əskinazlardan ancaq 5 manatlıq pul nişanları olur, o da bəzi bankomatlarda.


Milli Bankdan Hacı Mənsimov deyir ki, Milli Bank yeni manata olan istənilən tələbatı ödəməyə hazırdır. İstər fiziki şəxslər, istərsə də kommersiya bankları istədikləri qədər köhnə manatı yeni manata dəyişə bilərlər. Amma onlar kommersiya banklarını məcbur edə bilməzlər ki, əhaliyə ancaq yeni manatlarla xidmət göstərsinlər.


Azərbaycanda ən iri bankomat şəbəkəsi – 500-dək bankomatı olan Azərbaycan Beynəlxalq Bankının sözçüsü Rauf Ağayev də deyir ki, yeni əskinaslarla bağlı heç bir problemləri yoxdur. Sadəcə, bir sıra texniki məsələlər üzündən bankomatlarda yeni manatların yerləşdirilməsi bir qədər uzanır.


İqtisadçı ekspertlər isə yeni manatın dövriyyəyə buraxılmasının ləngiməsini ancaq texniki problemlərə bağlamırlar. Məsələn, Qubad İbadoğlu deyir ki, belə olsaydı, hökumət 2006-cı ildə yeni manatlıqlarla bərabər həm də köhnə 50 minlikləri yenidən çap edib dövriyyəyə buraxmazdı.


Maraqlıdır ki, Milli Bank dövriyyədəki milli valyutanın artıq hansı hissəsinin yenisiylə əvəzləndiyini, denominasiya prosesi başlayandan sonra pul kütləsinin ümumi həcminin necə dəyişdiyini açıqlamır.


Ekspert Qubad İbadoğlunun fikrincə, bu onu göstərir ki, Milli Bank inflyasiyadan çəkinib yeni manatı kiçik hissələrlə dövriyyəyə buraxır.


"Yeni manatın dövriyyəyə ləng buraxılmasının inflyasiyanın qarşısını almaq üçün edilir, ya yox" sualına birbaşa cavab olmasa da, 2006-cı ilin ilk iki ayı ərzində inflyasiya 4 faiz olub. Hökumət rəsmiləri isə bildirirlər ki, bu il inflyasiyanın 10 faizi keçməməsi üçün bütün resurslardan istifadə edəcəklər.


XS
SM
MD
LG