Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:35

'Mənə qalsa, üstümdən traktor da keçsə, çıxan deyiləm'


Söküntü ərazisi (arxiv fotosu).
Söküntü ərazisi (arxiv fotosu).

“Burada söküntü aparan şirkət bütün kommunal xətləri qırıq-qırıq edib. Əsasən, qaz xətləri qırıb-dağıdırlar. Sındırırlar, düzəltmirlər, tələb edəndə də deyirlər, gedin qaz idarəsinə deyin, gəlib düzəltsinlər”.

Bunu AzadlıqRadiosu-na Bakı sakini, Salatın Əsgərova küçəsində yaşayan Nadir Həsənov deyir.

“Sadə vətəndaş bir xətti zədələyəndə, azı, 500 manat cərimə yükləyirlər”

Buna da bax:​ Bakıda daha 300-ə yaxın obyekt sökülür

Sözügedən küçəylə Mərdanov qardaşları küçəsinin kəsişməsindəki evlərin bir qismi sökülür. Sakinlərin iddiasına görə, söküntü işlərini aparan “Ümid” MMC-dir və şirkətin fəhlələri ərazidə səliqəsiz işlədiklərindən, qaz xətlərini də sıradan çıxarırlar. Nadir Həsənovun sözlərinə görə, fəhlələrin belə davranışı üzündən, əraziyə verilən qaz tez-tez kəsilir:

“Sadə vətəndaş bir xətti zədələyəndə, azı, 500 manat cərimə yükləyirlər. Şirkət günaşırı xətləri sındırır və məsuliyyət daşımır. Sındırırlar, yıxırlar qaz idarəsinin boynuna ki onlar düzəltməlidir. Qaz idarəsinə gedirik, deyirlər, ərazidə zərər vurduğu xətləri şirkət özü bərpa etməlidir. Elə vaxt olub ki, fəhlələrin xətləri sındırması ucbatından yarım gün qazsız qalmışıq”.

Buna da bax:​ Yenə tikinti, yenə narazılıq

“Bizi bezdirmək üçündür”

Küçə sakinləri yalnız sındırılıb düzəlməyən qaz xətlərindən narahat deyillər. Onlar ümumi vəziyyətdən də narazıdırlar. Məsələn, söküntülərin ortasında qalan Ənvər Babaşov düşünür ki, qaz xətlərinin sındırılması da bu durumdan qaynaqlanır:

“Buradan heç kəs tərpənmirdi. Gətirdilər traktorları, buldozerləri dayadılar qapıya. Dedilər, Basində yaşayanlardan artıq deyilsiz ki (indiki Füzuli küçəsi nəzərdə tutulur – red.)… Bir qismi qorxusundan cüzi məbləğə qane olub, qaçıb getdi. Ancaq məsələn, mənə qalsa, üstümdən traktor da keçsə, çıxan deyiləm. Bu qaz xətləri də özbaşına sındırılmır ki… Gah qaz xəttini sındırırlar, gah işıq xəttini … Hamısı bizi bezdirmək üçündür”.

Buna da bax:​ 'Evimiz plana düşüb, 3 ildir zirzəmidə qalırıq'

“Sakinlər zəng vurur, fəhlələrimiz gedib düzəldir”

Nəsimi Rayon Qaz İdarəsindən AzadlıqRadiosu-na bildirilib ki, Salatın Əsgərova küçəsi ilə Mərdanov qardaşları küçəsinin kəsişməsində aparılan söküntüyə görə vaxtaşırı zədələnən qaz xətlərini, əslində, şirkət özü təmir etməlidir. Buna baxmayaraq, sakinlər hər dəfə idarəyə üz tuturlar: “Şirkət nümayəndələrinə dəfələrlə xəbərdarlıq olunub ki, fəhlələri qaz xətləri ilə ehtiyatlı davranmağa təlimatlandırsınlar. Çünki kiçicik ehtiyatsızlıq böyük bir faciə doğura bilər. Sakinlər tez-tez qəza xidmətimizə zəng vurur, fəhlələrimiz də gedib düzəldir”.

Buna da bax: İşığı, qazı kəsməyə gəldilər, ara qarışdı

Şirkət nümayəndələri danışmaqdan imtina edir

Ərazidə söküntü aparan və adını bildirməyən şirkətin nümayəndələri AzadlıqRadiosu-na məsələyə münasibət bildirməkdən imtina ediblər. Onlar müxbirə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüblər.

XS
SM
MD
LG