Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:44

Bayden Paşinyanı təbrik edib


Co Bayden
Co Bayden

"Birləşmiş Ştatlar Azərbaycanın erməni hərbi əsirləri azad etməsinə yönəlik cəhdlərə kömək göstərməkdən məmnun olardı"

ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi və yeni hökumət formalaşdırması münasibətilə təbrik edib. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidməti xəbər yayıb.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Bayden qeyd edib ki, vicdanlı və şəffaf seçkilərin keçirilməsi erməni xalqının korrupsiyadan azad, daha demokratik, ədalətli və çiçəklənən cəmiyyət qurmaq niyyətini göstərir.

“Son üç ildə Ermənistan bu sahələrdə proqresə nail olub. Birləşmiş Ştatlar bu cəhdlərə dəstək göstərməkdən məmnundur. Buraya yeni patrul polisinin, müstəqil antikorrupsiya institutlarının qurulmasına dəstək də daxildir. Biz gələcəkdə də sizin bu məqsədlərə çatmaq yönündə işinizdə etibarlı tərəfdaş kimi qalacağıq”, – Bayden vurğulayıb.

Danışıqlara başlamaq çağırışı

ABŞ Prezidenti 2020-ci il Qarabağ müharibəsindən sonra təhlükəsizlik sahəsində çətin problemləri anladığını vurğulayıb.

“Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hərtərəfli dinc tənzimlənmə üzrə danışıqlarda tərəflərə köməklə bağlı öhdəlik götürməyə sadiq qalır. Ermənistanla Azərbaycanı mümkün qədər tez predmetli danışıqlara başlamağa çağırırıq.

Birləşmiş Ştatlar Azərbaycanın erməni hərbi əsirləri azad etməsinə yönəlik cəhdlərə kömək göstərməkdən məmnun olardı. Biz gələcəkdə də bütün hərbi əsirlərin təhlükəsiz qaytarılmasına çağıracağıq. Ümid edirik, Gürcüstanın dəstəyilə bu sahədə əldə etdiyimiz proqres gələcək regional əməkdaşlıq üçün əsas yaradacaq – Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə müzakirələrə əlavə olacaq”, – Bayden yazır.

O bir daha ABŞ-ın Ermənistanla ümumi demokratik dəyərlər və institutlar əsasında əməkdaşlığı möhkəmləndirməyə hazır olduğunu qeyd edib.

“İkitərəfli münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi naminə Siz və Sizin yeni hökumətlə əməkdaşlığa güvənirəm”, – ABŞ prezidenti bildirir.

Xatırlatma

Ötən il 44 günlük müharibə 10 noyabr atəşkəs razılaşması ilə sonuclanıb. Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Bundan sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmasına da razılaşıblar.

Azərbaycan noyabrda hərbi əməliyyatlar dayandırılandan sonra saxlanan erməni hərbçiləri əsir deyil, “terrorçu-diversant” sayırdı. Onların bir qisminin Bakıda məhkəməsi keçirilib, həbs cəzaları kəsilib. Amma sonradan bir neçə qrup işğaldan azad edilmiş ərazilərin mina xəritələrinin əvəzində Ermənistana qaytarılıb. Əsirlərin qaytarılmasının birinci mərhələsi ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin bölgəyə səfərindən sonra Gürcüstanın vasitəçiliyi baş tutub.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG