Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:31

General Bərxudarovun dindirilməsi tələb olundu: 'O bildirdi ki…'


Bəkir Orucov
Bəkir Orucov

2017-ci ilin mayında Tərtər və Beyləqandakı hərbi hissələrdə yüzlərlə əsgər və zabitə qarşı kütləvi işgəncə üzündən həbsdə olan tək general Bəkir Orucovdur.

Həmin dövrdə Beyləqan korpusunun qərargah rəisi olmuş general-mayor Orucov ötən il həbs edilərkən, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi idi.

Bəkir Orucov indi tələb edir ki, 6 il öncə Beyləqan korpusunun komandiri olmuş, general-leytenant Mais Bərxudarov məhkəməyə çağırılıb dindirilsin. Bu barədə onun özü və vəkili avqustun 17-dəki məhkəmə iclasında vəsatət qaldırıb.

Orucov daha 4 nəfərlə birlikdə 2017-ci ilin mayında Beyləqanda 60-dan çox hərbçiyə verilən işgəncələrə görə 4 aydan çoxdur ki, mühakimə olunur. Orada işgəncəyə məruz qalan hərbçilərdən biri – leytenant Adil Sabirli aldığı xəsarətlərdən vəfat edib.

“Mais Bərxudarova zəng elədim”

“Məni Baş Prokurorluğa çağıranda, Mais Bərxudarova zəng elədim. Mənə bildirdi ki, “nə varsa, elə də danış, əgər məni çağırsalar, kimdən əmr almışam, necə olub, hamısını açıb deyəcəyəm”. Bir halda ki bu adam ifadə vermək istəyir, çağırın. Gəlib danışsın”, - Bəkir Orucov vəsatətini əsaslandırarkən belə deyib.

O vurğulayıb ki, məhz Bərxudarovun imzasıyla o dönəmdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıqova siyahı göndərilib. Siyahıda Beyləqan korpusunda dövlətə xəyanətdə şübhəli bilindiyi iddia edilən hərbçilərin adları yer alıb.

Bəkir Orucovun vəkilinin fikrincə, nəinki Mais Bərxudarovu, Müdafiə naziri Zakir Həsənovu, Hərbi prokuror Xanlar Vəliyevi, onun müavini Şəfahət İmranovu, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovu, sabiq Baş prokuror Zakir Qaralovu, onun birinci müavini olmuş Rüstəm Usubovu və bir sıra başqa yüksək vəzifəli şəxsi də bu məhkəmədə dindirmək vacibdir. Axı onların bir çoxu 2017-ci ilin mayında Tərtər və Beyləqanda hərbçilərə qarşı işgəncələr törədiləndə ya hadisə yerində olub, ya da həmin olaylar barədə bilgiləndiriliblər. Bunu təsdiqləyən şahid ifadələri də var.

“General Bərxudarov dindirilsin”

Vəkilindən fərqli olaraq, Bəkir Orucov o adamların çağırılmasına razılıq verməyərək, yalnız Mais Bərxudarovun dindirilməsini tələb edir.

Müdafiə Nazirliyinin təhqiqatçısı olmuş təqsirləndirilən İntiqam Məmmədov da general Bərxudarovun məhkəmədə dindirilməsini istəyib.

“Bu cinayət işində yuxarı komandanlığın yaratdığı mütəşəkkil dəstənin cinayətlərindən bəhs olunur. Ancaq yuxarı komandanlıq deyərkən, kimin nəzərdə tutulduğu bilinmir. Təqsirləndirilən Ülvi Rəşidov ifadəsində dedi ki, ona işgəncə otağı yaratmaq göstərişini Mais Bərxudarov verib. Belə olan halda, bugünədək Bərxudarov niyə dindirilməyib, məlum deyil...” - bu sözləri vəkil səsləndirib.

“O zaman Bərxudarov hava limanında olub”

Bərxudarovun dindirilməsinə prokuror razılıq verməyib və bildirib ki, Adil Sabirli öldüyü gün Bəkir Orucovla Mais Bərxudarov arasında telefon danışığı olub.

Həmin danışıqdan görünür ki, o zaman Bərxudarov hava limanında olub. Bu üzdən, onun çağırılıb dindirilməsinə ehtiyac yoxdur.

Beyləqanda hərbçilərə qarşı işgəncələrlə bağlı məhkəmə araşdırmaları yekunlaşmaq üzrədir. Artıq zərərçəkən və şahidlərin dindirilməsi və sənədlərin tədqiqi mərhələsi də başa çatıb. Yaxın vaxtlarda məhkəmə istintaqının da bitməsi və prokurorun çıxışı gözlənilir.

General-leytenent Mais Bərxudarov Beyləqan hadisələrilə əlaqədar ünvanına səslənən ittihamlara bir müddət öncə belə cavab vermişdi:

“Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq...”.

XS
SM
MD
LG