Müstəqil müşahidəçilər hesab edirlər ki, bu seçkilərə məhz Aleksandr Lukaşenkonun iradəsinin ifadəsi kimi baxmaq lazımdır. Ukraynadakı prezident seçkiləri zamanı da təxminən belə olmuşdu. Seçki və seçkidən sonrakı hadisələrin inkişafını Azərbaycan hakimiyyəti bir cür, müxalifət isə tamam başqa cür dəyərləndirirdi. Üstəlik, yerli mətbuatın yazdığına görə, həmin hadisələr zamanı Ukraynaya səfər edən Azərbaycan hakimiyyətinin bəzi nümayəndələri orada yaşayan azərbaycanlıları Viktor Yanukoviçə səs verməyə çağırmışdılar. Müxalifət partiyaları isə bunun əksinə olaraq indiki prezident Viktor Yuşenkonu dəstəklədiklərini bəyan etmişdilər. Düzdür, indi Azərbaycanda Belarusdakı seçkilərlə bağlı hansısa bir fərdin müdafiəsi istiqamətində açıq bəyanatlar səslənmir. Ancaq yenə də mövqelər fərqlidir.
Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova deyir ki, Belarusdakı prezident seçkiləri Belarusun daxili işidir. Üstəlik, Belarusdakı prezident seçkiləri ilə bağlı o, Amerika Birləşmiş Ştatları və Qərbin aparıcı təşkilatlarının reaksiyaları ilə də bölüşmür: "Hər halda mən istəməzdim ki, Qərb dairələri xalqın seçiminə şübhə etsinlər və bunun ardınca da konkret addımlara başlasınlar. Çünki belə hərəkətlər həmişə müsbət nəticə vermir".
Ancaq ekspertlərdən Rasim Musabəyov deyir ki, belə fərqli münasibətlərin meydana çıxması təkcə Qərbin aparıcı ölkələrin geopolitik maraqlarından irəli gəlmir: "Götürək Polşa və Litvanı. Avropa Birliyinin üzvləridir və Belarusda demokratikləşmə prosesi üçün bu qonşu ölkələr çox böyük işlər görürlər. Azərbaycanın belə qonşuları varmı? Azərbaycana qonşu ölkələrdən bircə Gürcüstan demokratik ölkədir, o da çox zəifdir".
Yerli müşahidəçilər Belarus müxalifətini heç də Azərbaycan müxalifətindən güclü hesab etmirlər. Müstəqil ekspertlərin rəylərinə görə, Belarus müxalifətinin dərhal küçələrə çıxması da güclü beynəlxalq dəstəkdən ruhlanmaqdan irəli gəlir. Ancaq bütün hallarda yerli müşahidəçilər Belarusdakı hadisələrin Ukrayna ssenarisi ilə inkişaf edəcəyinə o qədər də inanmırlar. Rasim Musabəyov deyir ki, Belarusdakı hadisələrə Aleksandr Lukaşenko hələ də nəzarət edir. Onun sözlərinə görə, Belarus hakimiyyəti istədiyi vaxt icazəsiz aksiyaları yatırmaq gücündədir.
«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da Belarusda inqilabın baş verəcəyini istisna edir. Onun sözlərinə görə, Qərb Özbəkistan və Azərbaycanda yumşaqlıq etməklə Belarusda dəyişiklik imkanlarını xeyli məhdudlaşdırıb. Ərəstun Oruclu deyir ki, Aleksandr Lukaşenko MDB məkanında xalqın iradəsi ilə hesablaşmayan yeganə hakimiyyət deyil. Bununla belə o hesab edir ki, gec-tez Qərbin səyləri Belarusda demokratikləşmə prosesini sürətləndirməlidir.