Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:44

588-mənzilli şəhərcik sulara qərq olub


Şəhərcik
Şəhərcik

«Su xətti dağılıb, yollar keçilməz olub. Qurumlara müraciətlərimiz isə cavabsız qalıb».

Bunu AzadlıqRadiosuna Bərdədə köçkünlər üçün yeni salınmış 588-mənzilli şəhərciyin sakinləri deyir. Əli Sadıqovun sözlərinə görə, bir həftədən çoxdur köçkünlər küçələrə axan sularla mübarizə aparırlar. Onun deməsinə görə, su binaların zirzəmilərinə də dolub:

«Bu qəsəbənin tikintisində hər şeyin ucuzundan, keyfiyyətsizindən istifadə olunub. Ona görə də hər şey bərbad günə qalır. Su xətləri keyfiyyətsiz olduğundan qısa vaxtda sıradan çıxdı. Gəlib düzəltməkdənsə, günahı öz üstümüzə atırlar. Deyirlər, «yaxşı istifadə etmirsiniz». Biz ki, bu su xətlərinin belinə minib sürmürük. Yerin altı ilə gedən xətlərdir, vaxtında bahalı materialın pulunu silib, ucuzlusu ilə iş görəndə, bilməliydilər ki, bir gün gördükləri iş üzə çıxacaq».

«ŞİŞİRTMƏYƏ EHTİYAC YOXDUR»

Köçkün Samir Quliyevin sözlərinə görə, zirzəmilərin qapılarının qıfıllı olması durumu daha da çətinləşdirir. Deyir, qapılar açıq olsa, imkanları daxilində zirzəmiləri boşaldarlar ki, zirzəmilərə toplanan su binaları gələcəkdə qəzalı vəziyyətə salmasın.

Bərdənin icra hakimiyyətindən isə «Qaynar xətt»ə bildirilib ki, sıradan çıxmış su xətləri yenilənib, küçələrdəki sular çəkilib, zirzəmilərə isə, ümumiyyətlə, su dolmayıb: «O şəhərciyin tikintisi yüksək səviyyədə həyata keçirilib. Su xəttidir, partlamışdı, düzəltdilər, bunu bu qədər şişirtməyə ehtiyac yoxdur».

Ötən il martın 12-də, hələ köçkünlər bu şəhərciyə köçürülməmişdən, prezident İlham Əliyev buraya səfər edib və şəraitlə tanış olub. 11 hektar sahəni əhatələyən yeni yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov şəhərcikdəki tikinti işlərində keyfiyyətli materiallardan istifadə olunduğunu deyib.

XS
SM
MD
LG