Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:44

'Beyləqan işgəncələri'nə görə suçlanan generala 9 il 6 ay həbs cəzası verildi


B.Orucov
B.Orucov

2017-ci ilin mayında Tərtərdə xəyanət şübhəsi ilə hərbçilərə işgəncə verilən dövrdə, paralel olaraq, Beyləqanda da işgəncələrdə suçlanan general-mayor Bəkir Orucova və daha dörd nəfərə hökm oxunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə generala 9 il 6 ay həbs cəzası kəsilib.

B.Orucov ötən ilin sentyabrında həbs olunarkən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi. O, 2017-ci ildə Beyləqan korpusunda qərargah rəisi olub.

Təqsirləndirilən digər şəxslərdən Müdafiə Nazirliyi Hüquq İdarəsinin təhqiqatçısı olmuş, Beyləqan hadisələri ərəfəsində ora ezam edilmiş İntiqam Məmmədovla korpusun təhqiqatçısı Rahib Məmmədovun hər biri 6 il 6 ay azadlıqdan məhrum edilib.

Beyləqan korpusunda təlimatçı olmuş Ülvi Rəşidova 9 il 6 ay, snayper bölüyünün komandiri Ziya Kazımova isə 8 il 6 ay həbs cəzası verilib. Onlar məhkəmə dövründə həbsdə olmadıqlarından hər ikisi hökmdən sonra məhkəmə zalında həbs edilib.

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

Hökmdən öncə məhkəmədə son sözünü deyən polkovnik-leytenant Z.Kazımov işgəncələrə aidiyyəti olmadığını bildirib. O, səhhətindəki problemlərdən danışarkən vurğulayıb ki, istər 2020-ci ildə 44 günlük müharibəyə, istərsə 2023-cü ilin sentyabrında antiterror əməliyyatına qatılıb və bugünədək xidmətdə olub: "Dəfələrlə yaralanmışam, amma yenə də döyüşə davam eləmişəm. Bunlardan ikisində məni hospitala yerləşdiriblər, onda da huşum özümdə olmayıb. Ayılınca hospitaldan çıxıb döyüşə davam eləmişəm. Mənim əsas arzum ölkəmin suverenliyinin bərpa olunması idi. Bundan sonra arzum yoxdur, nə olursa- olsun mənimlə bağlı...".

Z.Kazımov bildirib ki, məhkəmədə iştirak edən zərərçəkənlər ondan şikayətçi olmayıb, işgəncələrdə iştirakını görmədiklərini deyiblər. Hətta bəzi zərərçəkmişlər prokurorun onunla bağlı dediklərinə etiraz da ediblər: "Mən indi polkovnik-leytenantam. O vaxt mənim xüsusi göstəriş vermək səlahiyyətim olmayıb. Onlar özlərini üstün tuturdular. İşgəncə verənlər maskalı olublar".

Onun vəkili Bəhruz Bayramov müvəkkilinin səhhətində ciddi problemlər olduğunu vurğulayıb və buna dayanaraq Z.Kazımov haqqında cinayət işinin ayrılmasını istəyib. Hakimlər razılıq verməyiblər.

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

Digər dörd təqsirləndirilən ötən məhkəmə iclasında son sözlərini söyləmişdi. General Orucov çıxışında müdafiə naziri Zakir Həsənovu, ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqovu, korpus komandiri Mais Bərxudarovu suçlayıb. Deyib ki, Beyləqandakı hadisələr bu şəxslərin nəzarəti və göstərişi ilə baş verib və bu adamların əvəzinə onları qurban seçərək cəmiyyətin gözündən pərdə asılır.

General-leytenant M.Bərxudarov ünvanına səslənən ittihamları qəbul etmir. O, general B.Orucovun məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara bir müddət öncə belə münasibət bildirmişdi: "Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir. Nə danışırsa- danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq...".

XS
SM
MD
LG