Azərbaycan Beynəlxalq Bankının (ABB) borclarının restrukturizasiya planları ABŞ kreditorlarının etirazına səbəb olub. Bankın 220 milyon dollar borcu olan istiqraz sahibləri deyirlər ki, təklif olunan planın məqsədi xarici kreditorların hesabına bank sahiblərinə qazanc gətirməkdir. Bu haqda «The Wall Street Journal» qəzetində Tom Corrigan yazır.
İstiqraz sahibləri bir neçə milyard dollarlıq borcun restrukturizasiya planını ABŞ-da tanımamağa və hüquqi qüvvəyə mindirməməyə çağırıblar, bunu «qeyri-azərbaycanlı kreditorlara münasibətdə fundamental ədalətsizlik» adlandırıblar.
***Buna da bax-Nazir müavini Beynəlxalq Bankdan danışdı
Bazar ertəsi – iyunun 12-də Nyu-Yorkdakı ABŞ Müflisləşmə Məhkəməsinə göndərdikləri müraciətdə istiqraz sahibləri hakimdən bankın ABŞ müflisləşmə qanununa uyğun olaraq qoruma xahişini rədd etməyə çağırıblar. Bu qoruma ABB-yə borcların ixtisarı planını gerçəkləşdirməyə kömək edəcək.
«O QƏDƏR POZUNTU VAR Kİ...»
«Bu prosedurda o qədər pozuntular var ki, bu, məhkəmənin ABŞ-da müflisləmə prosesini rədd etməsinə yetər», – məhkəməyə təqdim olunmuş sənəddə deyilir.
Ötən ay ABB Nyu-Yorkdakı məhkəməyə müraciət edərək 3.3 milyard dollarlıq borcun restrukturizasiyasından ötrü kömək istəyib. Hakim James Garrity Jr. banka müvəqqəti qorumanı təsdiqləyib, növbəti dinləmələr iyunun 21-də olacaq.
Azərbaycanın ən böyük bankı olan ABB neftin qiymətləri düşəndən və manatın devalvasiyasından sonra çökməyə başlayıb. Hökumətin yardımlarına baxmayaraq, apreldə restrukturizasiya prosesi başladılıb. Məhkəmə sənədlərində belə deyilir.
***Buna da bax-'Milyonları görmədilər, gözəllik salonuna xərclənmiş 100 manatı qabardırlar'
Bankın təklif etdiyi plana görə, təminatsız kreditorlara 2.38 milyard dollarlıq borcun 20%-i silinir, ancaq bankın sahibləri ziyansız ötüşür. İstiqraz sahibləri bundan «dərin narahatlıq» bildiriblər.
«PROSEDURLARDAN QAT-QAT UZAQ»
Onların fikrincə, səsvermə prosesi də elə qurulub ki, bundan bank sahibləri fayda götürəcək. Beləliklə, əsas tələblər ABŞ ədliyyə prosedurlarından qat-qat uzaqdır.
Məhkəmə müraciət edənlər «Fidelity Management&Research Co.», «Franklin Templeton Investment Management Ltd.», «Promeritum Investment Management LLP» və «VR Global Partners LP.»dir.
ABB ABŞ-da müflisləşmə müraciətinin təsdiqlənməsini borcların restrukturizasiyasından ötrü vacib sayır, bunun ölkənin maliyyə sabitliyi və iqtisadiyyatı üçün kritik adlandırır.
***Buna da bax-Xarici dövlət borcu Maliyyə Nazirliyinin dediyindən çoxdur
Qəzet bankdan məsələylə bağlı açıqlama ala bilməyib. Ancaq bu ayın əvvəlində yaydığı bəyanatda ABB bildirirdi ki, bankın Azərbaycan qanunvericiliyə oxşar hüquqi rejimdə restrukturizasiyası beynəlxalq səviyyədə tanınmaqdadır.
ABB-nin Rusiya və Gürcüstanda filialları, Azərbaycanda 36 filialı və 1800 işçisi var. Bankın azı 2.3 milyard dollar borcu var və Dövlət Neft Fondundakı 1 milyard dollarlıq depoziti də restrukturizasiya edəcəyini bildirir.
XATIRLATMA
Azərbaycan Beynəlxalq Bankı (ABB) ötən ay 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.
ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat xərclədiyi bildirilir.
Mayın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub. Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir. Üstəlik, 20 faiz borcun silinməsindən söhbət gedir.
ABB-nin İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.