Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:03

Aİ-yə tövsiyələr: ‘...Bir minanı basdırmaq 3, çıxarmaq min dollara başa gəlir’


Xocalı rayonunda Pirlər (Xramort) kəndi
Xocalı rayonunda Pirlər (Xramort) kəndi

Rusiyanın diqqəti hazırda Ukraynadakı müharibəyə yönəlsə də, Azərbaycanla Ermənistana Brüssel, yaxud Vaşinqtondan daha çox diqqət ayırır. Hər iki ölkənin ticarət tərəfdaşı olaraq regionda təzyiq vasitələrinə malikdir

Rusiyanın üç aydan çoxdur Ukraynada apardığı müharibə həm Dağlıq Qarabağda döyüşlərin yenidən qızışacağı sarıdan qorxu, həm də tərəflərin diplomatiya ilə sülhə yaxınlaşacağına ümid yaradır. Beynəlxalq Böhran Qrupu mayın 25-də Avropa İttifaqını (Aİ) və üzv ölkələri diplomatik səyləri sürətləndirməyə, eyni zamanda Moskvanın münaqişənin həllindəki rolunu saxlamağa çağırıb.

Qurum Yerevanla Bakı arasında danışıqların vəziyyəti sakitləşdirdiyini, tərəflərin sülh yoluyla həlli istisna etmədiyini vurğulayır. Ancaq bir çox əsas məsələlər üzrə fikir ayrılığı qalır. Aİ yekun həllə maliyyə və texniki dəstəyi göstərəcəyini bildirməklə durumu müsbət istiqamətə yönləndirə bilər, qurum qeyd edir.

Danışıqların gələcək formatı, gündəmi müəyyənləşdirilsin

Azərbaycan və Ermənistan liderləri bu günlərdə Brüsseldə Aİ-nin vasitəçiliyi ilə bir araya gəlib, görüşdən bir gün sonra sərhədlərin delimitasiyası üzrə komissiya yaradıblar. Artıq komissiya sədrlərinin ilk görüşü də keçirilib.

Aİ-nin ata biləcəyi konkret addımlara gəlincə, qrup qeyd edir ki, Brüssel hər iki tərəflə işləyərək gələcək danışıqların formatını və gündəmini müəyyənləşdirməlidir. Spesifik məsələlər üzrə daimi işçi qruplar işləməlidir. Brüssel iki ölkəyə ümumi sərhədlərlə bağlı ziddiyyətləri yoluna qoymaqda kömək etməlidir, özəlliklə də 2020-ci ildə müharibə bitəndən sonra toqquşmaların baş verdiyi Azərbaycanın Kəlbəcər və Ermənistanın Geğarkunik bölgələrində.

Qurum həmçinin Aİ-nin ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsindəki rolunu saxlamağa çağırır.

Minsk qrupu 1994-cü ildən Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edib. Moskva Parislə Vaşinqtonu qrupun işini boykot etməkdə suçlasa da, onlar ittihamı rədd ediblər. Üç həmsədr ölkə, eləcə də Ermənistan Minsk qrupu formatının qaldığını bildirir.

Qarabağ danışıqları: Moskva Brüssel razılaşmalarını poza bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Rusiya prosesdən çıxdaş edilməsin

“Ukraynadakı müharibənin Moskva ilə Avropa arasında gərginliyi artırmasına baxmayaraq, Aİ Rusiyanın Ermənistanla Azərbaycanın münaqişəsinin həllinə yönəlik cəhdlərini dəstəkləməli, Rusiyanın vasitəçilik cəhdlərini önləmək kimi görünə biləcək addımlardan çəkinməlidir”, – Beynəlxalq Böhran Qrupu vurğulayır.

Təşkilat qeyd edir ki, Rusiyanın diqqəti hazırda Ukraynadakı müharibəyə yönəlsə də, Azərbaycanla Ermənistana Brüssel, yaxud Vaşinqtondan daha çox diqqət ayırır. Hər iki ölkənin ticarət tərəfdaşı olaraq regionda təzyiq vasitələrinə malikdir.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan sonra Qərbin sanksiyaları ilə üzləşib.

Moskva artıq Brüsselin Dağlıq Qarabağ danışıqlarında vasitəçiliyinə reaksiya verib. XİN-in sözçüsü Mariya Zaxarova Brüsseli indiyədək danışıqlarda Rusiyanın irəli sürdüyü təklifləri öz adına çıxmaqda suçlayıb.

Böhran qrupu Azərbaycan qüvvələrinin martda Fərrux yüksəkliyini tutmasını xüsusilə əhəmiyyətli hadisə adlandırır. Azərbaycan bununla 2020-ci il atəşkəs razılaşmasını pozmadığını, kəndin onun beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bildirib. “Fərrux strateji nöqtədə yerləşdiyindən Yerevan və Stepanakert (Xankəndi) Bakının irəliləmək qərarı verməsindən narahat olub”, – qurum bildirir.

Aİ maliyyə dəstəyi göstərə bilər

Beynəlxalq Böhran Qrupu qeyd edir ki, regionun ən böyük donoru olan Aİ ölkələrin ən vacib sosial-iqtisadi problemlərinə maliyyə yardımı göstərməyə, tərəflər sülh yoluyla həllə nail olarlarsa, məcburi köçkünlərin ehtiyaclarını qarşılamağa hazır olduğunu aydın bildirməlidir. Eyni zamanda münaqişə zonalarında torpaq minalarının və partlamamış sursatın təmizlənməsinə maliyyə gücləndirilməlidir.

Qurum bildirir ki, Azərbaycan ərazilərin minalardan təmizlənməsində Aİ-nin dəstəyindən yararlana bilər: “Minalardan təmizləmə bahalı işdir. Azərbaycanda yerli orqanlar deyirlər ki, minanı basdırmaq 3, çıxarmaq min dollara başa gəlir. Aİ minalardan təmizləmə üzrə donor konfransının təşkili, digər dəstək proqramlarının tapılmasından ötrü Azərbaycanla işləyə bilər”.

Beynəlxalq Böhran Qrupu hesab edir ki, Aİ və üzv ölkələr Dağlıq Qarabağın de fakto hakimiyyəti və sakinləri ilə işləməyi gözardı etməməlidir. “Skeptik Bakıya izah etməlidirlər ki, bu, istənilən sülh sazişi üçün vacibdir. Dağlıq Qarabağın etnik erməni əhalisi narahatdır ki, sülh sazişi bölgənin Azərbaycanın nəzarətə keçməsi demək olacaq, onlar ərazidən çıxmağa məcbur qalacaqlar. Bu adamların müharibədən sonrakı ehtiyaclarına dəstək sülh sazişinin davamlılığı üçün vacibdir”, – qurum bildirir.

Sülh danışıqları üçün təkliflər

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildə 44 günlük müharibədən sonra Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu deyirdi. Həmin müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Amma Qarabağda təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü 5 elementdən biri ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanınmasını nəzərdə tutur. Ermənistanın Baş naziri Nikol Paşinyan bu elementlərin Yerevan üçün qəbuledilən olduğunu deyib. Ancaq Ermənistan müxalifəti Paşinyanı Azərbaycana güzəştə getməyə hazır olmaqda ittiham edir, etiraz aksiyaları keçirir.

Ermənistan isə sülh danışıqlarına başlaması ilə bağlı təkliflərinə Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsini də daxil edib.

XS
SM
MD
LG