Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:41

Köçkünlər çadıra qayıdır?


Çadır. Foto illüstrasiya.
Çadır. Foto illüstrasiya.

«FHN xilasediciləri gətirib yataqxananın qabağında çadır qurdular. Belə çıxır ki, bundan sonrakı həyatımız yenə çadırda davam edəcək».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki keçmiş «Energetiklər pansionatı»nda məskunlaşan köçkün Şəhla Məmmədova deyir.

«PİSİMİZƏ GƏLİR»

Məmmədovlar ailəsinin məskunlaşdığı otağın tavanının bir hissəsi ötən ilin avqustunda, qalan hissəsi isə bu il aprelin 4-də uçub. İlk dağıntı zamanı ana və azyaşlı övladı başlarından xəsarət alıblar. İkinci dağıntıdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri ailəyə xəbərdarlıq ediblər ki, otaqda qalmaq təhlükəlidir. Köçkün ailənin rəsmi qurumlara evlə təmin olunmaqla bağlı müraciətlərindən sonra hökumət nümayəndələri məsələni elə həmin binanın qarşısında çadır qurmaqla həll ediblər. Köçkün ailəsi isə buna etiraz edir: «İki gündür pansionatdakı otaqdan çadıra daşınmışıq. Pisimizə gəlir. 3 azyaşlı uşaqla çadıra yerləşmək... 25 il qəzalı binada qal, illərlə «Qaçqınkom»un qapısını döy, prezidentə yalvar, xanımına yalvar, nəticədə də təzədən çadır həyatına qayıt...».

***Buna da bax-Köçkün: 'Evin tavanının qalanı da uçdu'

4-mərtəbəli binadakı otaqların tavanları dağıldığından sellofandan «örtük» çəkilib. Binada kommunikasiya və işıq xətləri çürüyüb, yuxarı mərtəbələrdəki tualetin çirkab suları aşağı mərtəbədəki yaşayış olan otaqlara axır. Binada su olmadığı üçün köçkünlər yay-qış yaxınlıqdakı çimərlikdən su daşıyıb istifadə edirlər. İllərdir ki, köçkünlər hökumətdən normal yaşayış yerlərinə köçürülmələrini tələb edirlər. Bu ilin fevralında binaya gələn «Qaçqınkom» sədri Əli Həsənov onlara daha bir az səbirli olmağı tövsiyə edib.

«ONLAR GÜN GÖRSÜN»

Ancaq Şəhla Məmmədova deyir, çadır şəraitində səbirdən keçib: «Deyirik, gəncliyimiz onun-bunun sidiyi başımıza axa-axa keçdi, heç olmasa, övladlarımıza bir gün ağlasınlar. Yazıqdılar, uşağım rütubətdən, şəraitsizlikdən astma xəstəliyinə tutulub. Binada sağlam uşaq tapmazsınız. Heç olmasa, onlar gün görsün, bunlarsa beş addımlıqda çadır qurub gedirlər. Cavanlığım siçovul yuvasında keçdi, bu yaşdan sonra da çadırda yaşamalıyam. Bəs mən nə vaxt gün görəcəm?».

Xəzər rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, aprelin 4-də baş verən dağıntıdan sonra qurumun, «Qaçqınkom»un və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri evə baxış keçiriblər: «Orada yaşamaq çox təhlükəliydi, ailəyə xəbərdarlıq da olundu. Ailə getməyə yeri olmadığını bildirdi. Təklif olundu ki, müvəqqəti çadır qurulsun, ailə də razılaşdı. Hər halda, çadır həyatı uzun sürməyəcək, «Qaçqınkom» da vəziyyətdən xəbərdardır, 2 ay əvvəl Əli Həsənovla birlikdə Prezident Administrasiyasından da gəlmişdilər. Prezidentin də göstərişi var ki, bu il inşa olunacaq növbəti köçkün şəhərciklərinə ilk növbədə belə qəzalı binalarda məskunlaşmış köçkünlər köçürülsün».

3 azyaşlının da olduğu köçkün ailəsi 2 gündür ki, küləkli, yağışlı havada istilik olmayan çadırda həyatla mücadiləni davam etdirməyə məcburdur.

XS
SM
MD
LG