Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:31

'Birinin bir rayondan götürülüb başqa rayona qoyulması...'


Prezident İ.Əliyev yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edir
Prezident İ.Əliyev yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edir

Bu günlərdə dövlət başçısı İlham Əliyev bəzi rayonların yeni təyinat alan icra başçılarını qəbul edib. Görüşdə dövlət başçısı bir sıra məsələlər barədə danışıb. O, habelə bunları söyləyib: «...Siyasi islahatlar aparılır, son illərdə demokratiyanın inkişafı istiqamətində, insan hüquqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir».

F.Ağamalı
F.Ağamalı

«Prezidentin söylədiyi fikrilərdə kifayət qədər həqiqət var»

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı «Turan» agentliyinə deyib ki, Azərbaycan indi özünün inkişaf mərhələsini yaşamaqdadır. Onun vurğulamasına görə, ölkə prezidentinin xüsusi olaraq bu ilin əvvəlindən start verdiyi islahatlar bütün sahələri əhatə etməkdədir. Deputat qeyd edib ki, iqtisadi, sosial, struktur, kadr və siyasi islahatlar geniş miqyas almaqdadır: «Bu baxımdan, ölkə prezidentinin söylədiyi fikirlərdə kifayət qədər həqiqət var. Tamamilə əminəm ki, aparılmış olan islahatlar bundan sonra da davam edəcək, geniş miqyas alacaq».

Deputat əlavə edib ki, Azərbaycan yaxın zaman kəsiyində həyata keçirilən islahatların konkret nəticələrini görəcək və ölkənin nüfuzu daha da artacaq. F.Ağamalıya görə, hazırda Azərbaycanda insan haqları və demokratik təsisatlarla bağlı da ciddi addımlar atılmaqdadır. O, məhkəmə-hüquq sistemində islahatlara dair ölkə prezidentinin bu il imzaladığı sənədin üzərində dayanır. Deputatın fikrincə, islahatlar, heç şübhəsiz, insanların hüquq və azadlıqlarının həyata keçirilməsində də mühüm rol oynayacaq: «Sirr deyil ki, bəzi hallarda vətəndaşların mülkiyyət hüquqlarının bu və ya digər şəkildə hər hansı məmur tərəfindən pozulması halları olub, yenə də var. Mülkiyyət hüquqlarının, epizodik xarakterli olsa da, tapdanması qeydə alınır. Hesab edirəm ki, bu baxımdan, məhkəmə-hüquq sistemində aparılacaq islahatlar Azərbaycanda insanların hüquq və azadlıqlarının təmin olunmasına öz müsbət töhfəsini verəcək».

E.Quliyev
E.Quliyev

«Görünən dağa nə bələdçi»

Hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev isə AzadlıqRadiosuna deyib ki, əslində niyyət əməllə ölçülməlidir. O, «görünən dağa nə bələdçi» atalar məsəlini xatırladıb: «İstərdik ki, deyilənlər həqiqət olsun. Kim istəməz ki, ölkəsində islahatlar getsin, milli-mənəvi dəyərlər qorunsun, həqiqətən normal demokratik ölkə olaq. Amma bu yöndə atılan addımlar məni qane etmir».

E.Quliyev əlavə edib ki, hüquq müdafiəsi ilə məşğul olan adam kimi onu real vəziyyət ikiqat qane etmir: «Axı mənim gözümün qabağında bu qədər siyasi məhbuslar var. Neçələrinin müdafiə komitəsinin rəhbəriyəm. Bu məni necə qane edə bilər? Məni necə inandıra bilər?».

Yerli hüquq-müdafiə təşkilatlarının bildirməsinə görə, hazırda ölkədə 100 civarında siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus siyahılarına daxil edilən şəxslər məhz törətdikləri əməllərə görə cəza alıblar.

İ.İsmayıl
İ.İsmayıl

«Bunlar sözdə deyilə bilər, amma...»

Təhlükəsizlik və siyasi məsələlər üzrə ekspert İlham İsmayıl isə deyib ki, həmin çıxışda səslənən fikirlərin əksini düşünür və ona inandırıcı gəlmir: «Bunlar sözdə deyilə bilər, amma əməldə onların heç biri görünmür. Görünmədiyinə görə də inandırıcılığı yoxdur. Əvvəla, insan haqları ilə bağlı son günlər baş verənlər hamısı gözümüzün qarşısındadır. İnsanların konstitusion hüquqlarının heç biri demək olar ki, yerinə yetirilmir. İslahatlar budurmu? Ya kadr dəyişiklikləri olsun. Birinin bir rayondan götürülüb başqa rayona qoyulması nə vaxtdan kadr islahatı olub? Yeni qoyulanlar yenə həmişəki kimi yerlibazlıqla qoyulursa, bu, nə vaxtdan kadr islahatı olub? Əvvəldən aparılan işlərdir, artıq əvvəlkilər yaşlaşıblar, özlərinin yetişdirdikləri, bir dəfə dediyim kimi, özlərinin şinelindən çıxan kadrları qoyurlar ora. Burada başqa ağıl, müdriklik, bacarıq, qabiliyyət yox, yerlibazlıq, sədaqətlilik prinsipi götürülür».

İ.İsmayıl hesab edir ki, həmin görüşdə oturanların önündəki o bloknotlara yazı yazmaları Şimali Koreyanı yada salır: «İslahatlar başqa şeydir, xüsusilə insan haqları... Siyasi məhbuslar yerindədir».

Xatırlatma

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İlqar Abbasovun Şirvan şəhər, Mərdan Camalovun Zərdab, Əziz Əzizovun Bakının Suraxanı, Elşad Həsənovun Yasamal, Rafiq Quliyevin isə Xətai rayonlarının icra hakimiyyəti başçıları vəzifəsinə təyin olunmaları ilə bağlı sərəncamlar imzalayıb. Onların bəziləri bundan əvvəl digər rayonlarda başçı vəzifəsində çalışıblar. Prezident elə noyabrın 12-də onları qəbul edərək bəzi tövsiyələrini çatdırıb.

XS
SM
MD
LG