Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:39

Blinken Rusiyaya, Putin NATO-ya xəbərdarlıq edir


Ukrayna hərbçiləri təlimdə
Ukrayna hərbçiləri təlimdə

Rusiya prezidenti Vladimir Putin NATO və ABŞ-ın xəbərdarlığına xəbərdarlıqla cavab verib

Ukrayna NATO-nu Kiyevlə hərbi əməkdaşlığı gücləndirməyə, Rusiyanın öz qonşusuna hücumunu önləməkdən ötrü sanksiyalar və digər tədbirlər hazırlamağa çağırıb. Hərbi alyansın xarici işlər nazirlərinin ikigünlük Riqa görüşü davam edir. Bu görüş Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına qoşun yığdığı bir vaxtda keçirilir.

“Müttəfiqlərimizi önləmə paketinin hazırlanmasında Ukraynaya qoşulmağa çağırırıq”, – Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba dekabrın 1-də reportyorlara deyib.

Onun sözlərinə görə, NATO Kiyevlə hərbi və müdafiə sahəsində əməkdaşlığı gücləndirməli, Rusiya “ən pis ssenarini seçəcəyi halda” ona qarşı iqtisadi sanksiyalar hazırlamalıdır.

Toplantının ilk günündə 30 ölkədən ibarət alyansın nazirləri Rusiyaya xəbərdarlıq ediblər ki, Ukraynaya qarşı yeni hərbi aqressiyanın bədəli ağır olar. Moskva isə Qərb alyansını “qırmızı xətləri” keçməməklə bağlı xəbərdarlıq edib.

***

Rusiya prezidenti Vladimir Putin NATO və ABŞ-ın xəbərdarlığına xəbərdarlıqla cavab verərək deyib ki, əgər ABŞ-ın başçılıq etdiyi Şimal alyansı Ukraynada Moskvanı bir neçə dəqiqə ərzində vura biləcək raketlər yerləşdirsə, Rusiya hərəkətə keçməyə məcbur olacaq.

Putin Ukrayna barəsində “qırmızı xətlər” qoymaqdan bir az da irəli gedərək bildirib ki, Rusiya NATO-nun Ukrayna torpağında təkmil raket sistemləri yerləşdirməsinə cavab verəcək:

"Əgər Ukrayna ərazisində Moskvaya uçuş müddəti 7-10 dəqiqə, hipersonik silahlar yerləşdirildiyi təqdirdə 5 dəqiqə olan raketlər peyda olsa, bəs biz neyləyək? Biz də onda gərək bizi hədələyənlərə qarşı buna bənzər nəsə yaradaq”.

Putin bu yaxınlarda Rusiyada keçirilmiş hipersonik silah sınağına istinad edərək hazırda Moskvanın belə imkanlarının olduğunu deyib.

Moskva hipersonik raketlərinin səsdən 9 dəfə iti uçduğunu iddia edir.

Blinkenin xəbərdarlığı

ABŞ-ın Dövlət katibi Entoni Blinken Moskvaya xəbərdarlıq edib ki, Ukraynaya hər hansı yeni aqressiya “ciddi nəticələr”ə səbəb olar. Bu, Qərbin Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasından narahat olduğu bir dönəmdə baş verir.

Blinken noyabrın 30-da Riqada NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində danışıb. O, Rusiyanın sərhədə qoşun yığmasını “qeyri-adi” adlandıraraq deyib ki, “Rusiya tərəfdən hər hansı qızışdırıcı hərəkət Birləşmiş Ştatları ciddi narahat edəcək”.

Latviya paytaxtında ikigünlük görüşdə Ukrayna ordusuna əlavə dəstək, NATO-nun şərq sərhədi boyunca qüvvələrini möhkəmləndirməsi müzakirə olunacaq.

Həm mesaj vermək, həm də...

Alyans üzvləri həm də Kremlə göstərmək istəyirlər ki, Ukraynaya təhdidin bədəli ağır olar. Onlar həmçinin Moskvanı əlavə aqressiyaya təhrik etməkdən çəkinməli olacaqlar.

2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq etmiş Rusiya ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 min 200-dən çox insan öldürülüb.

Rusiya hazırda hər hansı hücuma hazırlaşmadığını deyir, NATO-nu vəziyyəti qızışdırmaqda suçlayır.

Britaniyanın Xarici işlər naziri Liz Truss deyib ki, NATO-nun Rusiyanı təhrik etməsi fikri “açıq yalan”dır.

“Tərəfdaşlarımızın azadlıq və demokratiyasına zərbə vuracaq hər hansı addım strateji səhv olar”, – o, sözlərinə əlavə edib.

Kulebanın çağırışı

NATO-ya üzv olmaq istəyən Ukrayna Riqa danışıqlarına Xarici işlər naziri Dmitro Kulebanı göndərir.

Kuleba noyabrın 29-da xarici mediada deyib ki, Rusiya onun ölkəsilə sərhədə, işğal etdiyi Krıma, eləcə də Rusiyapərəst separatçıların idarə etdiyi Luqansk və Donetsk regionlarına 115 min əsgər və ağır texnika yığıb.

“Rusiyanın qarşısını almaq üçün indi hərəkətə keçmək lazımdır, sonra deyil. Gördüyümüz çox ciddi məsələdir”, – Kuleba vurğulayıb.

Blinken NATO-nun iclasında transatlantik əlaqələrin gücünü vurğulayacaq, alyansın transatlantik icmanın qorunmasındakı uğurundan söz açacaq. Məlumatı noyabrın 29-da Dövlət Departamenti yayıb.

XS
SM
MD
LG