Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:44

BMT Əfqanıstanda uşaq itkisindən narahatdır


Yəməndə 12 yaşlı keçmiş uşaq əsgər
Yəməndə 12 yaşlı keçmiş uşaq əsgər

8 min 521 uşaq əsgər kimi istifadə olunub

Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirir ki, Əfqanıstanda münaqişə tərəflərinin öldürdüyü və şikəst etdiyi uşaqların sayının çoxluğundan narahatdır. Ötən il bu rəqəm 2 min 619 olub.

İyunun 22-də dərc olunmuş “Uşaqlar və Silahlı Münaqişə” adlı illik hesabatda BMT 2020-ci ilə 760 əfqan uşağın ölümünü və 1859 nəfərin şikəst olunduğunu sənədləşdirdiyini qeyd edir.

Bu uşaqların 1098 nəfəri Taliban və digər silahlı qruplaşmalar tərəfindən öldürülüb, yaxud yaralanıb. 962 uşaq isə hökumət və hökumətyönlü qüvvələrin payına düşür.

Münaqişə tərəfləri 196 oğlan uşağını cəlb edib, yaxud onlardan istifadə edib. Onların 172 nəfəri Talibana aiddir.

9 oğlan öldürülüb

Hesabatda deyilir ki, uşaqlar döyüşlərdə, əldəqayırma partladıcı cihazlarla hücumlarda, kəşfiyyat məlumatı toplanmasında istifadə olunub, cinsi zorakılığa məruz qalıb. Doqquz oğlan uşağının döyüşlərdə öldürüldüyü, yaxud yaralandığı bildirilir.

Cinsi zorakılığa isə 9 oğlan və 4 qız olmaqla 13 uşaq cəlb olunub – həm hökumət qüvvələri, həm də Taliban tərəfindən.

2020-ci il dekabrın 31-dək 164 oğlan və bir qız milli təhlükəsizliklə bağlı ittihamlarla 3 il yarımadək müddətə azyaşlıların reabilitasiya mərkəzlərinə yerləşdirilib.

Bundan əlavə 318 qeyri-əfqan uşağın anaları ilə həbsxanalarda olduğu bildirilir. Analar silahlı qruplaşmalarla iddia olunan, yaxud faktiki əlaqələrinə görə saxlanıblar.

Ümumilikdə BMT 2 min 863 əfqan uşağa qarşı 3 mindən artıq “ağır pozuntu”nu təsdiqlədiyini bildirir. Onlardan 2 min 20-si oğlan uşaqlarıdır.

8 min 500-dən çox uşaq əsgər

Dünya üzrə isə 21 münaqişədə 19 mindən çox uşağa qarşı pozuntular törədilir. Onların çoxu Əfqanıstanda, Konqo Demokratik Respublikasında, Somalidə, Suriyada və Yəməndə baş verib.

8 min 521 uşaq əsgər kimi istifadə olunub. Müxtəlif münaqişələrdə 2 min 674 uşaq öldürülüb, 5 min 748 nəfəri yaralanıb.

BMT-nin Baş katibi Antonio Quterres Əfqanıstan hökumətini uşaqların münaqişəyə cəlbi və istifadə olunmasını önləməyi nəzərdə tutan 2011 və 2014-cü illər yol xəritəsinin icrasına görə alqışlayıb.

Quterres hökuməti milli təhlükəsizliklə bağlı ittihamlarla saxlanan uşaqlarla əlaqədar hüquqi və siyasi islahatlara səsləyib.

XS
SM
MD
LG